13 
Sen
2018
17:20
46
130
8130
Virtual karabakh

Ekspert: Paşinyanın rəqsi uzunmüddətli olmayacaq - MÜSAHİBƏ

13 Sen, 2018
17:20
8130

Ekspert: Paşinyanın rəqsi uzunmüddətli olmayacaq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika-Azərbaycan Tərəqqiyə Yardım Fondunun baş eksperti Aleksey Sinitsin Oxu.Az-a müsahibə verib:

- 2018-ci ilin yayı Qara dəniz - Xəzər regionu üçün asan olmadı. Ankara və Vaşinqton arasında əlaqələrin pisləşməsi nəticəsində türk lirəsi dəyərini itirdi. KİV-in məlumatlarına görə, bu məsələdə Ərdoğana Qətər, Rusiya və Çin yardım etdi və lirəni saxlamaq üçün Ankaraya milyardlarla dollar verdi. 

Qonşu Tehranda da Trampın sanksiya siyasəti kəskin hiss olundu. İranda hökumət əleyhinə aksiyalar keçirildi. Bununla əlaqədar Putin, Ruhani və Ərdoğan bir müddət əvvəl keçirilmiş üçtərəfli sammitdə hansı məsələləri müzakirə edə bilərdi?

- Mən kreditləri Rusiya və Çinin verdiyi hədiyyələrlə qarışdırmazdım. Misal üçün, Türkiyə S-400 raket komplekslərini almaq üçün Rusiyadan kredit alıb. Axı onlar bu pulları faizi ilə qaytarmalı olacaqlar. 

Milli valyuta ilə ölkələr arasında ticarətə gəlincə, bu, daha çox niyyət bəyannaməsidir. Bu cür maliyyə dövriyyəsi üçün xüsusi maliyyə alətləri də lazımdır. Bu gün bu cür alətlərin yaradılması isə aktual deyil. İş burasındadır ki, üçtərəfli görüşün əsas müzakirə mövzusu Suriyanın İdlib bölgəsindəki vəziyyət olub. 

Ancaq Tehranda prezident Ərdoğan gözlənilmədən bu hərbi-siyasi vəziyyətdən çıxmaq üçün sülh yolu tapmağı təklif edib, ən qəribəsi isə, üsyançı qruplaşmalarla sülh danışığını davam etdirmək idi. 

İsrailli ekspertlər hesab edirlər ki, Ankaranın bu qərarı Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyan Qətərin niyyəti ilə bağlı idi. Fikrimcə, bu, çox ağıllı izahdır. 

Bu gün İdlibdə vəziyyət saatbasaat dəyişir. Rusiya və Suriya qırıcıları bölgənin cənubundakı terrorçuların obyektlərinə zərbələrini davam etdirir. Bu istiqamətdə Suriya yaylım atəş sistemləri və ağır texnikası işləyir, Suriya ordusu isə hələlik öz mövqelərində qalıb. 

Şübhəm yoxdur ki, Moskva və Dəməşq İdlibdə hərbi əməliyyat keçirəcək və terrorçuların NATO-ya üzv ölkələrin qanadları altına keçməsinə imkan verməyəcək. Buna görə Moskva bütün şərtlərlə türkiyəli müttəfiqləri ilə danışıqları davam etdirir. Çox güman ki, bu məsələ yaxın vaxtlarda prezidentlər səviyyəsində də müzakirə ediləcək. 

- Avqustda Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdən sonra sentyabrın sonunda Vladimir Putinin Bakıya səfəri planlaşdırılıb. Putin bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanla da görüşüb. Həmçinin Ərdoğanın Bakıya, Paşinyanın isə Fransaya səfərləri planlaşdırılıb. Region liderləri arasında bu cür aktiv görüşlər nə ilə bağlıdır? 

- Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan arasında gərginlik nəhəng beynəlxalq oyunçuların diqqətindən kənarda qalıb. Suriyadakı böhran, ABŞ-ın İranla nüvə sazişindən imtina etməsi, Ukrayna, Şimali Koreya, sanksiya müharibələri və sair kimi məsələlər Cənubi Qafqazda baş verənləri dünya geosiyasi çevrəsindən kənarda saxlayıb. 

Bu məsələdə Moskva Vaşinqtonu qabaqlayır. Xəzərin statusu ilə bağlı tarixi saziş imzalanıb. Moskva və Bakının münasibətləri əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Unutmayaq ki, Azərbaycan da, Ermənistan da ən qaynar Yaxın Şərq nöqtələrinin yaxınlığında yerləşir. 

Ermənistan isə indi vurnuxur. Nikol Paşinyan və komandasının qərbyönümlü oriyentasiyasına baxmayaraq, Ermənistanın yeni hökumətinə qarşı Qərb nəhənglərinin ciddi addımları hələlik görünmür. ABŞ-ın Ermənistandakı səfiri Riçard Mayls açıq şəkildə bəyan edib ki, bu ölkənin iqtisadiyyatına ciddi birbaşa investisiyalar hələlik gözlənilmir.

Görünür, prezident Tramp digər işlərlə yüklənib və Ermənistanın yeritdiyi qərbyönümlü və anti-Rusiya siyasəti ilə maraqlanmır. Buna görə də anti-Rusiya əhval-ruhiyyəli amerikalı konqresmenlər və senatorlardan ibarət qrup Donald Trampdan Nikol Paşinyanı qəbul etməyi xahiş edir. 

Güman ki, bu, baş verəcək. Onda Moskva Yerevanın yeni siyasi simasını görəcək, hələlik isə Yerevan Moskvanı “siyasi tərəfdaş” kimi təqdim edir. 

- Paşinyan son açıqlamalarında deyib ki, Dağlıq Qarabağı Ermənistanın tərkibində görür. O bildirib ki, Azərbaycanın işğal olunmuş yeddi rayonu da Qarabağa aiddir. Bununla erməni lider Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesini pozur. ATƏT-in Minsk qrupunun həmsədrləri buna necə reaksiya göstərməlidirlər? 

- Putin və Paşinyan arasındakı görüş Ermənistan üçün uğursuz oldu. Ermənistan baş nazirinin “Kommersant” qəzetinə müsahibəsini oxuyanda buna əmin oldum. 

Misal üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aid olan bütün məsələlər - baş katibin dəyişməsi, hərbi-texniki əməkdaşlıq və s. - təşkilatın qərarına buraxılıb. Ancaq başa düşürük ki, nə Belarus, nə Qazaxıstan, nə də KTMT-nin digər üzvlərinin Yerevana xüsusi simpatiyası yoxdur. 

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın mövqeyinə dair heç bir qətnamə qəbul edə bilmirlər, çünki Paşinyan rəsmi şəkildə heç nə açıqlamayıb. O bildirib ki, Azərbaycanla danışıqlarda Qarabağı təmsil etməyəcək, ancaq bu, tanınmamış qurumun konstitusiyasında işğal altındakı yeddi rayon da onun ərazisi kimi göstərilib. Qarabağın Ermənistana birləşdirilməsi məsələsinə gəlincə, bu, siyasi isterikadan başqa bir şey deyil.

Nikol Paşinyan okeanın o biri tayından, Ağ Evdən və ya Dövlət Departamentindən dəstək gözləyir. Əminəm ki, Paşinyanın bu dəstək altında rəqsi uzunmüddətli olmayacaq və onun üçün gözlənilməz və kədərli sonluqla nəticələnəcək. 

Q.D.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri