11 
Okt
2018
19:45
1439
177
13288
Virtual karabakh

İlham Əliyev Qubaya səfər edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.

Oxu.Az xəbər verir ki, dövlət başçısına parkda görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. 

Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu da istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verib. 

Bildirilib ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.

Sonra dövlət başçısı zavodu işə salıb.

İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat veriblər.

Bildirilib ki, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

Hazır məhsullarla tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. 

Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.

Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib. 

Qeyd olunub ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb.

Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

13.43

Quba şəhərində Gənclər Parkı salınıb.

Oxu.Az xəbər verir ki, oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

13:15

Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı zavodu işə salıb.

12:45

Oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

12:41

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

12:22

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

12:16

Oktyabrın 11-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Oxu.Az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri