22 
Okt
2018
17:27
13
174
4890
Virtual karabakh

Deputatların statusu ilə bağlı qanun dəyişdirilir

22 Okt, 2018
17:27
4890

Deputatların statusu ilə bağlı qanun dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub.

Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və İşçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir. 

Ə.Hüseynli öncə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. 

O, qanun layihəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə dair 10-cu və maraqlar toqquşmasının qarşısının alınmasına dair 11-ci maddələrə təklif olunan dəyişiklikləri ətraflı şərh edib. 

Geniş müzakirədə Azay Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Sabir Hacıyev rəy və təkliflərini diqqətə çatdırıblar.

Gündəlikdəki ikinci və üçüncü məsələni iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid təqdim edib. 

O bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-cu, 16-cı və 17-ci maddələrinə dəyişikliklər edilməsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi ilə əlaqədardır. 

Qeyd olunub ki, bu qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçəcək.

Müzakirədə səslənmiş yeni təkliflər İşçi qrupu ilə birgə müzakirə olunaraq ayrıca layihə hazırlanacaq. Qərara alınıb ki, komitədə baxılan hər üç qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına təqdim edilsin. 

Sonra “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələyə də baxılıb və plenar iclasa tövsiyə olunub. 

Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamələrdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini də MM-in plenar iclasına tövsiyə ediblər.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri