Noy
2018
20:08
116
142
3287
Virtual karabakh

Bolqarıstanlı nazir: Azərbaycan qazı enerji təhlükəsizliyimizi artıracaq

2 Noy, 2018
20:08
3287

Bolqarıstanlı nazir: Azərbaycan qazı enerji təhlükəsizliyimizi artıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova “Report” agentliyinə müsahibə verib. 

Oxu.Az müsahibəni təqdim edir:

- Bolqarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Bizim xalqlar arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olub. Bizim yüksək siyasi münasibətlərimiz mükəmməl səviyyədədir. Enerji sahəsində illərdir inkişaf edən strateji əməkdaşlığımız mövcuddur. Xüsusi ilə də qazın Bolqarıstana və buradan regiondakı qonşu ölkələrə nəqli ilə bağlı işlər görürük. Bizim üçün razılığa əsasən ildə 1 mlrd. kubmetr “Şahdəniz” qaz yatağının II fazasından hasil olunan Azərbaycan təbii qazının Bolqarıstana nəqlini təmin etmək olduqca vacibdir.

Biz, həmçinin Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria-IGB), “Bulgartransgaz” şirkətinin mövcud qazpaylama sistemi ilə və Azərbaycanın qaz ötürücülərindən biri olması gözlənilən “Balkan” regional qaz habı strateji layihəsi üçün gələcək birgə nəql imkanlarını müzakirə edirik.

Bolqarıstan IGB və Türkiyə-Bolqarıstan İnterkonnektoru layihələri sayəsində ayrılmaz parçası olduğu Cənub Qaz Dəhlizi layihəsinin inkişafını həmişə dəstəkləyib. Bu baxımdan, Bolqarıstan Energetika Nazirliyi Avropa Komissiyasının CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində SOCAR-ın TANAP-da xüsusi fəaliyyətlərin icrası üçün qrant müraciətinə instutsional dəstəyini təmin edir.

- Bolqarıstan Azərbaycan təbii qazının idxalçılarından biri olacaq. Azərbaycan qazının nəqli ilə Bolqarıstan bazarında hansı dəyişikliklər baş verəcək?

- Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Faktiki olaraq, 2020-ci ildən sonra “Şahdəniz 2”dən hasil edilən Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının təxminən 25-30%-ni qarşılayacaq. Bu bizim enerji təhlükəsizliyimizi əhəmiyyətli dərəcədə artıracaq və Bolqarıstan qaz bazarında rəqabət yaradacaq.

- Azərbaycan qazının nəqli üçün IGB layihəsinin icrası istiqamətində hansı işlər görülür? Tikinti işlərinə nə vaxt başlanması planlaşdırılır?

- IGB Azərbaycan təbii qazının Bolqarıstana və regiondakı digər qonşu ölkələrə nəqlini təmin etmək üçün əsas layihədir. Hazırda ICGB layihə şirkəti boruların çatdırılması və interkonnektorun tikintisi üçün tender prosedurlarının yekunlaşması ilə əlaqədar fəal şəkildə çalışır və bu işlərin ilin sonuna kimi müvəffəqiyyətlə başa çatacağını gözləyirik. Layihənin strukturu və maliyyələşmə mənbələri ilə bağlı məsələ tam həll edilib. IGB-nin tikintisinin bu ilin sonu və ya gələn ilin əvvəlində başlanması və Trans Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi ilə eyni vaxtda 2020-ci ildə tamamlanması planlaşdırılır.

- Bolqarıstanın qazlaşdırılması proqramında SOCAR-ın iştirakı ilə bağlı müzakirələr hansı mərhələdədir?Hökumətin hansısa dəstəyi nəzərdə tutulubmu?

- İki ölkə arasındakı enerji sahəsində strateji əməkdaşlığı və Bolqarıstan baş naziri Boyko Borisov və Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 15-də Bakıda keçirdiyi görüşdə əldə olunan razılıqları nəzərə alaraq, SOCAR tərəfindən Bolqarıstanın qaz bazarı ilə bağlı müvafiq araşdırma məsələsinin yaxın vaxtlarda yekunlaşmasını gözləyirik. Bundan sonra, SOCAR-ın Bolqarıstan qazpaylama sektoruna investisiya yatırmağa başlayacağına və beləliklə, Bolqarıstan bazarında qazlaşdırmanı təşviq edəcəyinə və rəqabət yaranacağına ümid edirik. Bununla, Azərbaycan Dövlət Neft Şirkəti Avropa İttifaqına üzv ölkənin stabil və proqnozlaşdırılan qaz bazarında çalışacaq və Bolqarıstanın son alıcılarına çıxış əldə edəcək.

- Çirendəki yeraltı qaz anbarının genişləndirilməsi ilə bağlı məsələ hansı mərhələdədir?

- Çiren yeraltı qaz anbarının həcminin artırılması Bolqarıstanın enerji təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətlidir və Balkan regional qaz habı layihəsi ilə sinerji təşkil edir. Hazırda müvafiq texniki araşdırmalar aparılır və ondan sonra yeni qazma işləri və infrastrukturun inşası ilə qaz anbarının genişləndirilməsi işlərinə başlanacaq. Qaz anbarının ümumi saxlama həcminin 1 mlrd. kubmetr, gündəlik qazgötürmə həcminin isə 10 mln. kubmetrə çatması nəzərdə tutulur.

- Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında hansı məsələlərin müzakirə olunması nəzərdə tutulur? İclasda hansısa sənədin imzalanması gözlənilirmi?

- Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının V iclası bu ilin 6-7 noyabr tarixlərində Sofiya şəhərində keçiriləcək. Bu iclasın keçirilməsi həm də bizim qarşılıqlı strateji əməkdaşlığımızın aydın göstəricisidir. Komissiyaya Bolqarıstan tərəfdən energetika naziri olaraq mən sədrlik edəcəm, Azərbaycan tərəfdən isə kənd təsərrüfatı naziri İnam Kərimov sədrlik edəcək. İnanıram ki, bu iclas iqtisadi əməkdaşlığımızı təkcə enerji sektorunda deyil, həmçinin kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, qida sənayesi və digər sahələrdə də daha da genişləndirməyə yardım edəcək.

Bundan başqa, iclas çərçivəsində noyabrın 7-də biznes forum keçiriləcək, Azərbaycan şirkətlərinin ticarət missiyası olacaq ki, bu tədbirin də ikitərəfli iqtisadi əlaqələrin inkişafına ciddi təkan verəcəyinə inanırıq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri