Noy
2018
12:24
49
143
2656
Virtual karabakh

XİN: Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edir

6 Noy, 2018
12:24
2656

XİN: Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2001-ci ildən etibarən BMT Baş Assambleyası noyabrın 6-nı Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü elan edib. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O qeyd edib ki, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 Şərq Çinarı məhv edilib. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabına” daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib: 

“İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən genişmiqyaslı çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən kəskin çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb.

Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su altında qalması, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır.

Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edib”.

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikasınanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir:

“İşğal edilmiş ərazilərin təbii sərvətləri istismarı edilən zaman ətraf mühit standartlarına riayət olunmur və nəticədə ətraf mühitə də ciddi zərər vurulur.

Beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən, işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətlərii istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir.

Beynəlxalq ictimaiyyət, xüsusilə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə və təbii ehtiyatların, ətraf mühitin istismarına bu və ya digər şəkildə, fiziki və hüquqi şəxslərinin iştirakı ilə, cəlb olunan ölkələr beynəlxalq hüququn ciddi pozulması halının davam etdirilməsinə hər hansı şəkildə yardım etməkdən çəkinməlidirlər”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri