20 
Noy
2018
09:39
166
25
2961
Virtual karabakh

Belarusun Qarabağla bağlı mövqeyi diplomatiyamızın uğurudur - ŞƏRH

20 Noy, 2018
09:39
2961

Belarusun Qarabağla bağlı mövqeyi diplomatiyamızın uğurudur - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə prezidenti cənab İlham Əliyev daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi. Dost və belə demək mümkünsə, strateji müttəfiq ölkə olan Belarusa işgüzar səfəri iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək. Bundan qazanan, uduş əldə edən xalqlarımız və dövlətlərimiz olacaq.

Bunu Oxu.Az-a açıqlamasında deputat, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Eldəniz Səlimov deyib.

“Uzun illərdir Azərbaycanla Belarus Respublikası arasındakı işgüzar və dostluq münasibətləri qarşılıqlı olaraq investorların cəlb olunmasına gətirib çıxardı. Hazırda bütün sahələr üzrə qarşılıqlı iqtisadi münasibət davam etdirilir. Artıq Gəncə şəhərində Belarus Traktor Zavodu ilə birgə traktor istehsalına başlanılıb.

Bu faktın özü, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir”, - deyən millət vəkilinin sözlərinə görə, konkret olaraq, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox “Belarus” traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb:

“Bu məqamı prezidentlərin mətbuata bəyanatında Belarus prezidenti Aleksandr Lukaşenko xüsusilə vurğuladı və  “məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk “Qomselmaş”ı da gəlib”, - deyə bildirdi. O dedi ki, bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir.

“Yeri gəlmişkən, lokallaşma, demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır”, - deyən cənab Lukaşenko onu da qeyd etdi ki, buna görə Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir.

“Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan prezidentinin mövqeyi sayəsində mümkün olub”, -deyərək, o bəyan etdi. Bu məqamın, faktın özü iki ölkə arasındakı münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir”.

Səfər zamanı Azərbaycanın ağrılı problemi olan Qarabağ problemi ilə də bağlı müzakirələrin aparıldığını, Belarusun daim Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyən millət vəkili bildirib ki, Azərbaycan prezidenti mətbuata bəyanatında bir daha bu məsələnin üzərinə qayıdıb.

“Cənab prezident bəyanatında “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim”, - deyərək, bildirdi və əlavə etdi ki,  Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir.

Azərbaycan lideri “Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq”, - deyərək, fikirlərini tamamladı.

Hesab edirəm ki, həqiqətən də, Belarus kimi bir ölkənin Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi çox mühüm hadisədir və diplomatiyamızın uğurdur. Qarabağ məsələsi ilə bağlı belə ədalətli və açıq mövqenin ortaya qoyulması çox vacibdir və münaqişənin obyektiv həlli baxımından çox önəmlidir.

Yəni, Qarabağ məsələsində nə qədər çox dəstək qazansaq, bir o qədər münaqişənin həllinə yaxınlaşmış olarıq. Çünki artıq xalqımızın səbri qalmayıb. Bütövlükdə Azərbaycan cəmiyyəti münaqişənin ədalətli həll olunacağı günü gözləyir.

Azərbaycan dövləti, ölkə başçısı var gücü ilə bu istiqamətdə çalışır və inanıram, qəti əminəm ki, bunlar da öz bəhrəsini, nəticəsini verəcək, işğal altındakı torpaqlarımız azad olunacaq, Azərbaycan dövlətinin suverenliyi onun bütün ərazilərində bərqərar ediləcək”, - deyə E.Səlimov əlavə edib.

Adıçəkilən qrupun digər üzvü Eldar İbrahimov ölkə prezidentinin Belarusa səfərini çox yüksək qiymətləndirib.

Qeyd edib ki, bu səfər iki dost ölkə və xalq arasında qarşılıqlı münasibətlərin, faydalı və səmərəli əməkdaşlığın, tərəfdaşlığın inkişafına öz növbəti müsbət töhfəsini verəcək, əlaqələrin inkişafında yeni mərhələ təşkil edəcək.

“Azərbaycanla Belarus arasında hər zaman yüksək səviyyəli münasibətlər olub. Bu münasibətlərin inkişafı da mərhum ümummilli lider Heydər Əliyevin və Belarus lideri Aleksandr Lukaşenkonun adı,  xidmətləri ilə bağlıdır. Çox müsbət və təqdirəlayiq haldır ki, ulu öndərin siyasətini son 15 ildə uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dönəmində də Belarusla münasibətlərin inkişafına daim böyük önəm verilib.

Bu gün hər iki ölkənin lideri arasında böyük və səmimi dostluq münasibətləri mövcuddur və bu da istər-istəməz ölkələr, xalqlar arasında münasibətlərin daha da inkişaf etməsinə, irəliləməsinə gətirib çıxarır. Bu gün Azərbaycan-Belarus münasibətləri ən ideal səviyyədədir və bir çox ölkələrə nümunə ola bilər.

Heç təsadüfi deyil ki, bu məqamı prezidentlərin mətbuata birgə bəyanatında hər iki ölkənin lideri də çox inamlı şəkildə vurğuladı və konkret olaraq, Azərbaycan prezidenti qeyd etdi ki, siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir.

Cənab İlham Əliyev fikirlərini davam etdirərək, “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız.

Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük”, - dedi və öz növbəsində bəyan etdi ki, bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir.

Yəni, bunlar özü bir daha sübut edir və təsdiqləyir ki, Azərbaycan-Belarus münasibətlərinin qarşısında heç bir maneə və əngəl ola bilməz. Kimsə bu münasibətləri pozmaq və əngəlləmək gücündə deyil. Azərbaycan-Belarus dostluğu, əlaqələri davam edir və bundan sonra da heç bir əngəl tanımadan öz sürəti ilə davam edəcək”, - deyə E.İbrahimov qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri