Dek
2018
13:03
24
158
3522
Virtual karabakh

Akademik: İtən, zədələnən sərvətlər hamımızındır

8 Dek, 2018
13:03
3522

Akademik: İtən, zədələnən sərvətlər hamımızındır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında mədəni irs və onun qorunmasının müxtəlif problemlərindən sonra Avropada hərbi münaqişələrdən danışılıb. 

Bildirilib ki, qitənin ayrı-ayrı bölgələrində cərəyan etmiş və davam etməkdə olan hərbi qarşıdurma və müharibələr həyatın müxtəlif sahələri ilə yanaşı, mədəni sərvətlərə də böyük zərər vurub.

Oxu.Az Azərbaycanın AŞPA-dakı nümayəndə  heyətinin üzvü, akademik Rafael Hüseyonova istinadən  xəbər verir ki, komitə iclasında belçikalı deputat Andres Qrifroyun hazırladığı və 2019-cu ilin martında AŞPA Daimi Komitəsinin iclasında təqdim ediləcək “Avropada qeyri-maddi mədəni irsin dəyərləndirilməsi və qorunması” adlı məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə özünün də iştirak və çıxış etdiyini deyən R. Hüseynov Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində uğurlu fəaliyyətindən, UNESCO ilə bu sahədə sıx əməkdaşlığından bəhs etdiyini söyləyib.

Onun sözlərinə görə, hazırlanmış məruzədə Avropadakı qeyri-maddi irs nümunələrinin ümumi mənzərəsinin yaradılmasını qənaətbəxş hesab etsə də, hərbi münaqişələr nəticəsində mədəni irsə vurulan zərbələrdən bəhs edilməməsini ciddi qüsur saydığını vurğulayıb. 

O qeyd edib ki, dünyanın ən müxtəlif guşələrində, eləcə də Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir:

“Bildirdim ki, qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından, 700 min azərbaycanlı ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən işğal edilmiş 20 faiz Azərbaycan torpağındakı daimi yurdlarından didərgin salınıb.

Bu gün Avropada da yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb.

Sonra qeyd etdim ki, insan öz doğulub böyüdüyü mühitdən uzun illər ayrı düşəndə onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur.

Münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar çətin də olsa yaşamaqda davam edirlər. Amma müxtəlif yerlərdə sığınacaq tapmağa məcbur olduqları üçün bir-biriləri ilə daimi təmasları qırılır.

Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətdə yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxa çıxır.

Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur.

İtən, zədələnən sərvətlər onu hansı xalqın yaratmağından asılı olmayaraq hamımızındır, Avropanındır, dünyanındır”.

R.Hüseynov çıxışının sonunda  UNESCO-nu münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə üzləşən qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməyə çağırıb.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri