23 
Yan
2019
13:28
1306
185
7441
Virtual karabakh

İlham Əliyev Davosda danışıqlarda - YENİLƏNİB + FOTO/VİDEO

23 Yan, 2019
13:28
7441

İlham Əliyev Davosda danışıqlarda - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlətimizin başçısı “Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirib.

Söhbət zamanı “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparılıb.

13:15

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Erik Gebali “Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışıb. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev “Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.

13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostinlə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

12:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğulayıb. 

O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirib. 

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının “Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirib. 

Qeyd olunub ki, qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır.

Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

12:19

Yanvarın 23-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Davosda “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Riç Lesser “The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirib. Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını deyib.

Qeyd edilib ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

10:59

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, “Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.

“Procter and Gamble” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tassel bildirib ki, şirkət təkcə istehlak mallarının satışı ilə məşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında ən böyük reklam sifarişçisi olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməklə sosial məsuliyyət missiyasını da yerinə yetirir.

Loik Tassel bildirdi ki, “Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir.

Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışıb. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirib.

22.01.2019 22:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib.

O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlət başçısına məlumat verib.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirib. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.

Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.

22.28

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan “Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək.

Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Söhbət zamanı bildirilib ki, “Microsoft”un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olunub.

20.46

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dövlət başçısının həmçinin “Signify” şirkətinin (keçmiş “Phillips Lightning) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

15.08

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

15:05

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri Mamuka Baxtadzenin görüşü olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

14:33

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlət başçısına təqdim edib.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirib. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib. Qeyd edib ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Bill Makdermot vurğulayıb ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğulayıb ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.

12:31

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

12:24

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

12:16

Yanvarın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. 

O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. 

Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib.

Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri