25 
Yan
2019
11:26
339
14
4720
Virtual karabakh

Gürcü politoloq: Azərbaycanlıların qatilinin heykəli söküləcək

Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen qəsəbəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyanın büstünü qoyması ölkədə yaşayan azərbaycanlıların hiddətinə səbəb olub.

Oxu.Az Media.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun rəhbəri, politoloq Vasili Papava bəyanat verib.

Xatırladaq ki, yanvarın 20-də Buqaşen qəsəbəsində birbaşa olaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalında və azərbaycanlıların qətlində iştirak etmiş M.Avaqyanın büstünün qoyulmasından sonra Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında, ölkəmizin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri təxirəsalınmaz şəkildə Gürcüstan XİN-də görüş keçirib və rəsmi Bakının buna etirazı qarşı tərəfə çatdırılıb.

Bundan başqa, Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, onun diqqətinə çatdırılıb ki, baş verən hadisə ölkələrimiz arasında olan iki tərəfli strateji tərəfdaşlıq münasibətlərinə ziddir.

Onu da qeyd edək ki, abidənin açılışında yerli hökumət nümayəndələri (Gürcüstanın), o cümlədən, Axalkalaki meri Yurik Unanyan, Sakrebulo sədri Naira İritsyan, parlament deputatları Enzel Mikoyan və Samvel Manukyan da iştirak edib. Ermənistanı bu “tədbirdə” ölkənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan təmsil edib.

“Gürcüstanda separatçılarla çiyin-çiyinə döyüşmüş insana büst qoyulacağını eşidəndə, buna inana bilmədim. Təəssüflər olsun ki, məlumat təsdiqini tapdı. Gürcüstanın ekspert ictimaiyyəti Gürcüstanda baş verən bu hadisədən hiddətlənib”, - deyə V.Papava bildirib.

Həmsöhbət Azərbaycanın yaxşı qonşu, Gürcüstanın əsas strateji, tarixi müttəfiqi və tərəfdaşı olduğunu qeyd edir.

“M.Avaqyana büstün qoyulması haqqında qərar yerli səviyyədə qəbul olunsa da, mərkəzi hakimiyyətin bundan xəbəri olmaya bilməzdi. Bürokratik aparat elə bunun üçün mövcuddur. Yox, əgər abidənin qurulması hakimiyyətlə razılaşdırılmayıbsa, deməli, Tbilisi artıq Axalkalaki bölgəsində vəziyyətə nəzarət etmir”, - deyə V.Papava bildirib.

“Bəs Azərbaycanda Gürcüstanın ərazi bütövlüyünə qarşı savaşmış separatçıya abidənin ucaldılması Gürcüstanda necə qarşılanardı? Qəzəb partlayışı baş verərdi. Onda soruşan lazımdır ki, M.Avaqyanın abidəsinin qurulmasına niyə icazə veriblər. Bu məsələ bizdə müzakirəyə çıxarılsaydı, sizi əmin edirəm ki, Gürcüstan ictimaiyyəti qəti şəkildə bunun əleyhinə olardı”, - deyə politoloq bildirib.

Ekspert qeyd edir ki, heç bir sağlam düşüncəli gürcü Qarabağ müharibəsində erməni separatçılarla çiyin-çiyinə savaşmış “qəhrəmana” abidənin ucaldılmasını dəstəkləməz.

“Bu, hansısa şair və ya yazıçıya qoyulan abidə deyil. Əminəm ki, gürcü tərəfi bütün lazımi addımları atacaq və büst ən yaxın zamanda söküləcək. Bu məsələni Gürcüstan-Azərbaycan gündəmindən çıxarmaq lazımdır. Habelə qərarın kim tərəfindən və hansı səviyyədə qəbul olunduğunu müəyyənləşdirmək zəruridir”,- deyə Papava bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri