Fev
2019
00:03
280
44
8439
Virtual karabakh

Azərbaycanda 8 prokurorluq işçisi vəzifəsindən azad edilib

8 Fev, 2019
00:03
8439

Azərbaycanda 8 prokurorluq işçisi vəzifəsindən azad edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, bir nəfər aşağı vəzifəyə keçirilib, səkkiz nəfər vəzifədən azad edilib, altı nəfər isə prokurorluq orqanlarından xaric olunub. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən geniş kollegiya iclasında bildirilib. 

Baş prokuror Zakir Qaralov ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü. Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F. Quliyevin qabaqcadan əlbir olmaqla, iki sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini deyib.

Vurğulanıb ki, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət hüdudlarından kənara çıxmaları və  prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görülüb.

Bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Qeyd olunub ki, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib. 

İclasda həmçinin Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri