27 
Fev
2019
12:57
559
132
7001
Virtual karabakh

Azərbaycan və Gürcüstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTO

27 Fev, 2019
12:57
7001

Azərbaycan və Gürcüstan prezidentləri görüşüb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 27-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə AZƏRTAC məlumat yayıb.

12:11

Fevralın 27-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Prezidentlər görüşdə çıxış ediblər.

11:55

Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyev ali qonağı salamlayıb və onu Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edib:

“Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.

Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaq. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək.

Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik”. 

Gürcüstan prezidenti Salome Zubarişvili bildirib ki, regiona ilk səfərini dost və qardaş ölkə olan Azərbaycana edir:

“Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.

11:14

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdirdiriblər.

10:40

Gürcüstanın prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri