16 
Mar
2019
18:31
219
72
3195
Virtual karabakh

Əfv Komissiyasının üzvü: Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var

16 Mar, 2019
18:31
3195

Əfv Komissiyasının üzvü: Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün, martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın imzalanması humanizmin zirvəsi sayıla bilər.

Bu, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətinin davamı, növbəti gözəl  nümunəsidir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin sözlərinə görə, məlum sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

“Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bütövlükdə, əfv ərəncamı 431 nəfərə şamil olunacaq ki, bu da minlərlə insanın sevinci, öz əzizlərinə qovuşması deməkdir. Yəni, əfv sərəncamı təkcə bu 431 nəfərlə kifayətlənmir, həmin şəxslərin hər birinin ailəsi, övladları, valideynləri, qohum-əqrəbası var.

Bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Bu sərəncam həm də həmin insanların sevincinə sevinc qatmış, onları öz yaxınlarına, əzizlərinə qovuşdurmuş olacaq. Minlərlə insanımızın üzü gülmüş olacaq. 

Onu da deyim ki, əfv, humanizm siyasəti artıq illərdir ki, davam edir. Elə cəmi bir neçə ay öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2018-ci ilin may ayında əfv sərəncamı imzalanmış və yüzlərlə insan əfv edilərək, azadlığına qovuşmuşdu.

Həm də  bu humanizm siyasəti təkcə əfv sərəncamları ilə məhdudlaşmayıb.

Bildiyiniz kimi, keçmiş deputat həmkarımız- ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən bir neçə dəfə Amnistiya aktı qəbul edilmiş və bununla minlərlə, on minlərlə insan yenidən azadlğına qovuşmuşdur.

Bunlar hamısı da nəticə etibarı ilə Azərbaycanda ədalətin, humanizmin təntənəsidir.

Xüsusilə, xalqımız üçün çox əziz və əlamətdar anlardan biri olan Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanmasının xüsusi, ikiqat əhəmiyyəti, önəmi var.

İnsanların bayram sevinclərinin üstünə növbəti sevinc gəlmiş olacaq.

Odur ki, ölkə prezidentinə bu nəcib addımına, böyük humanizminə və insanpərvərliyinə görə minnətdarlığımızı bildirir, ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzu edirik”, -deyə millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri