27 
Mar
2019
12:00
134
126
1800
Virtual karabakh

Azərbaycanlı deputat Trampın Qolan qərarını tənqid etdi

27 Mar, 2019
12:00
1800

Azərbaycanlı deputat Trampın Qolan qərarını tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Milli dövlətlərin sərhədləri beynəlxalq təşkilatlar və beynəlxalq hüquq tərəfindən tanınmaqla, legitimlik qazanır. 

Bu baxımdan, təbii ki, Qolan təpələri məsələsində də, bu, istisna deyil. Qolan təpələri rəsmən Suriyanın ərazisidir və bu yöndə mövcud reallığı dəyişmək üçün atılan addımlar uğursuzluğa düçar olacaq.

Necə ki, ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı BMT-də qaldırdığı iddia yersiz hesab edildi və bu qurum bir daha Qolan təpələrinin Suriyanın ərazisi olması ilə bağlı öz qərarını verdi.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu ABŞ prezidenti Donald Trampın martın 25-də Suriyaya məxsus Qolan təpələrinin İsrail ərazisi kimi tanınması ilə bağlı imzaladığı qalmaqallı qərara münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ərazi mübadiləsi, ərazilərin dəyişdirilməsi o qədər həssas məsələdir ki, mövcud durumda - mərhələdə prosesin başlanması onsuz da qeyri-sabit olan  dünyada çox ciddi qeyri-sabitlik ocaqları yarada və bu da öz növbəsində bütövlükdə dünya nizamını poza bilər.

“Nəzərə almaq lazımdır ki, artıq bu gün dünyada çoxqütblü beynəlxalq nizamdan danışırıq və bu qütblərin hər birinin kifayət qədər hərbi-siyasi arsenalı var ki, bu arsenalla dünyanı dəfələrlə məhv etmək olar.

Ona görə düşünürəm ki, lider dövlətlərin prezidentləri, o cümlədən, ABŞ prezidenti, heç şübhəsiz ki, belə məsələlərdə mövcud reallığı, beynəlxalq hüququ, dünya nizamını nəzərə alaraq, addımlar atmalıdırlar. 

Məsələnin kökündə dayanan başqa hadisə isə ikili standartlar siyasətidir. Bununla bağlı hamı danışır, hamı deyir, hamı bunu tənqid edir, amma çox təəssüf ki, hadisələrə yanaşmada yenə də ayrı-ayrı dövlətlər ikili standartlar yanaşmasından əl çəkmirlər.

Deməli, burada önə çıxan məsələ ondan ibarətdir ki, hər bir milli dövlət beynəlxalq nizamı, beynəlxalq hüququ əsas götürmür, ancaq öz maraqlarını əsas götürür. Amma strateji düşündükdə, bu maraqların nədən ibarət olması bəzən sual doğurur.

Doğrudanmı, bu tipli addımlar ABŞ-ın milli maraqları baxımından başadüşüləndir, yoxsa hansısa marginal siyasi dairələrin sifarişi ilə meydana çıxan hadisələrdir?

Fikrimcə, nə qədər ki dünyada ikili standartlar var, biz belə yanaşmaların şahidi olacağıq. Amma hər halda BMT dünyanın ən böyük beynəlxalq təşkilatıdır və o, özünün qəbul etdiyi qərarlara qarşı çıxmamalıdır.

Necə ki, bunu etdi, qəbul etdiyi qərarlara qarşı çıxmadı”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri