12 
Apr
2019
12:03
39
84
3324
Virtual karabakh

Politoloq: Paşinyanın qərbyönümlü tendensiyaları Kremli qıcıqlandırır

12 Apr, 2019
12:03
3324

Politoloq: Paşinyanın qərbyönümlü tendensiyaları Kremli qıcıqlandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli politoloq, tarix elmləri doktoru Mehmet Perinçekin Oxu.Az-a müsahibəsi:

-  Martın sonunda Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Aprelin 15-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar prosesi vasitəçiləri və Rusiya XİN rəhbəri Sergey Lavorvun iştirakı ilə Moskvada görüşəcək.

Kreml bu yolla Paris və Vaşinqtondan fərqli olaraq, vasitəçilik təşəbbüsünü öz əlinə almağa çalışır?

- Birincisi, ATƏT-in Minsk qrupunun fəaliyyəti hər hansı real nəticə gətirmir. Bu strukturdan hər hansı nəticə gözləməyə dəyməz. İkincisi, Qarabağ məsələsinin nə tarixi, nə də coğrafi baxımdan Paris və Vaşinqtonla hər hansı əlaqəsi var.

Bu, regional mövzudur, ona görə də Astana prosesi şəklində yeni bir format yaratmaq lazımdır. Hesab edirəm ki, Astana prosesi Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması baxımından daha münasib nümunə olardı. Çünki bu format Suriya problemi ilə bağlı müəyyən nəticələrin əldə olunmasına nail olub.

ABŞ və Fransadan fərqli olaraq, Türkiyə, İran və Rusiyanın həm tarixi, həm də coğrafi baxımdan Qarabağ məsələsi ilə bağlılığı var. Onlar Qafqazda və təbii ki, Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin təmin olunmasında daha çox maraqlıdırlar. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni vasitəçilik formatının yaradılmasına zərurətin olduğunu düşünürəm.

- Əliyev və Paşinyanın görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə keçirdiyi görüşdə “ərazilərin əvəzinə sülh” formulasının “yeni ərazilər üçün yeni müharibə” formulasına dəyişdiyini dilə gətirib.

Beləcə, Yerevanın təcavüzkar və işğalçı siyasətini davam etdirməkdə israrlı olduğuna eyham vurub. Ancaq üstündən bir neçə gün keçməmiş, tam fərqli bəyanatla çıxış etdi, Yerevanın müharibə arzulamadığını və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamalı olduğunu söylədi.

- Birinci bəyanat onun xam xəyallarından başqa bir şey deyil. Reallıq isə tam fərqlidir, özü də bunu çox gözəl anlayır. Buna 2016-cı ilin Aprel döyüşləri zamanı əmin oldular. Belə ki, Azərbaycan silahlı qüvvələri onlara öz real gücünü və hərbi qüdrətini nümayiş etdirdi.

Bu gün bizim regionda qüvvələr balansının köklü dəyişilməsi müşahidə olunur. İnkişaf etməkdə olan Türkiyə-Rusiya əlaqələri, heç şübhəsiz, Azərbaycanın xeyrinə işləyir. Digər yandan, Bakı ilə Moskva arasında əlaqələr inkişaf edir, Paşinyanın qərbyönümlü tendensiyaları Kremli çox qıcıqlandırır.

Bizim regionda qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişir. Ona görə də Tonoyanın Nyu-Yorkdakı çıxışı məhz Birləşmiş Ştatların erməni icmasına hesablanmışdı. Onun sonrakı fərqli bəyanatı isə regionun reallıqları ilə ayaqlaşır.

- “Müharibə təhdidlərinə sülhlə cavab verəcəyik, lazım gəlsə, sülhə vadar edəcəyik. Sülh çağırışlarını isə qəbul etməyə hazırıq. Bunun üçün birgə işləməyə hazırıq”, - bunu isə öz növbəsində Paşinyan “Ekrapa” Qarabağ müharibəsi könüllüləri şurasının qurultayında bildirib.

Eyni zamanda, Ermənistan baş naziri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olan separatçı rejimin danışıqlar prosesinə cəlb olunmasının vacibliyini bir daha vurğuladı. Sizcə, belə bir mövqe nə qədər konstruktivdir və mövcud reallıqlara cavab verirmi?

- Dağlıq Qarabağın Azərbaycana aid olduğunu heç kimin danmadığı BMT qətnamələri mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mövcud olan separatçı rejim isə qanunsuzdur. Bu, təkcə mənim şəxsi fikrim deyil, həm də prezident İlham Əliyevin bəyanatıdır. Beynəlxalq hüquq da buna qüvvət verir. Ona görə də Dağlıq Qarabağ separatçı rejiminin danışıqlar prosesinə cəlb olunması beynəlxalq hüquq nöqteyi-nəzərindən mümkün olan şey deyil.

Belə təklif irəli sürməklə Ermənistan tərəfi Qarabağ probleminin dinc yolla həllini arzuladığını açıq şəkildə ortaya qoyur. Onlar, ümumiyyətlə, münaqişənin nizamlanmasını istəmir. Yerevan danışıqlar prosesinin daşa dirənməsini istəyir, ona görə də danışıqlar prosesinə ayrıca tərəf olaraq “Dağlıq Qarabağ” separatçı rejiminin qoşulmasını təklif edir.

- Yaxın zamanda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında hər hansı müsbət irəliləyiş gözləməyə dəyər? Bunun üçün nə lazımdır?

- Bundan əvvəl qeyd etdiyim kimi, bütün regionda sabitliyin qorunmasında maraqlı olan Türkiyə, İran və Rusiyanın iştirakı ilə yeni vasitəçilik formatı yaratmaq lazımdır. Bu, regional layihədir. Digər yandan, erməni xalqı da müharibədə maraqlı deyil. Ermənilər qonşuları ilə münasibətləri korlayıblar, Dağlıq-Qarabağ münaqişəsinin həllini tapmaması onları regional proseslərdən təcrid edir.

Münaqişə yalnız azsaylı Qarabağ klanına əl verir. Problemin həlli üçün Qarabağ klanını təcrid etmək, yerdə qalanların səylərini birləşdirmək lazımdır. Ermənistan xalqı öz maraqlarını dərk etməlidir. Bilməlidirlər ki, müharibə onlar üçün ən yaxşı çıxış yolu deyil. Mövcud situasiya da ermənilərin ziyanına işləyir, çoxsaylı iqtisadi problemlərə yol açır.

Ermənistan tərəfi sülh və iqtisadi inkişaf istəyirsə, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ məsələsi ilə əlaqəli Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində konkret addımlar atmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri