16 
Apr
2019
17:51
144
63
2463
Virtual karabakh

Səməd Seyidov: Paşinyan Qarabağ probleminin girovuna çevrilib

16 Apr, 2019
17:51
2463

Səməd Seyidov: Paşinyan Qarabağ probleminin girovuna çevrilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hakimiyyəti, həmçinin, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ probleminin girovuna çevrilib. Bunu Paşinyanın bir müddət öncə AŞPA-dakı çıxışında tam açıq-aydın sezmək olardı, onun çıxışı, fikirləri məhz buna dəlalət edirdi.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Mən bir dəfə qeyd etmişdim və indi də qeyd etmək istəyirəm, Paşinyan bilir ki, artıq geriyə yol yoxdur. O, çox gözəl başa düşür və özü də AŞPA-dakı çıxışında dəfələrlə qeyd etdi ki, münaqişənin həll olunması mütləq lazımdır.

Münaqişənin həll olunmaması isə regionun, xüsusilə Ermənistanın gələcəyini çox böyük sual işarəsi altına qoyur”, - deyən S.Seyidovun sözlərinə görə, bununla belə, Paşinyanın çıxışından onun Ermənistanın daxilindəki şovinist, müharibə tərəfdarı olan, Dağlıq Qarabağ və ona bitişik rayonların Ermənistana birləşdirilməsini, yaxud da oyuncaq rejimi müstəqil görmək istəyən insanlardan qorxması, təhlükə içərisində olması açıq-aydın sezilirdi.

“Onun çıxışı Ermənistanı təmsil edən başqa şəxslərin çıxışlarından xeyli fərqlənirdi.

Bildiyiniz kimi, bir müddət öncə danışıqların formatının dəyişdirilməsi ilə bağlı Paşinyan tərəfindən bəyanatlar səsləndirilmişdi. Sonra beynəlxalq ictimaiyyət, Minsk qrupu, həmsədrlər, Avropa İttifaqı bu təkliflərdən imtina etdi.

Paşinyan isə indi görün nə deyir, bildirir ki, biz heç vaxt formatın dəyişdirilməsini istəməmişik, sadəcə, dəyişdirilməmiş formatın içərisində Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin də iştirakını istəyirik.

Yaxud Sarqsyanla Koçaryan Qarabağ sakinləri olublar, onlar həm Ermənistanı, həm də elə də Dağlıq Qarabağı təmsil ediblər və sair. Görün, nə qədər boş və ağlasığmaz məntiqdir.

Yəni onun çıxışında, fikirlərində vəziyyətdən çıxış yolu axtarmaq, vəziyyəti hansısa formada özünə uyğunlaşdırmaq istəkləri, cəhdləri özünü göstərirdi.

Bütün hallarda Ermənistan hakimiyyətinin və Paşinyanın Dağlıq Qarabağ probleminin girovuna çevrildikləri göz önündədir”, - deyə S.Seyidov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri