25 
Apr
2019
21:35
87
153
2755
Virtual karabakh

Ramil Usubov ABŞ səfirini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 25-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Ramil Usubov qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələrin bu gün də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə diplomata məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, əcnəbilərin, o cümlədən xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə önəmli addımlar atılıb.

Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri kimi qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələsinə toxunan nazir xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdırıb, antiterror koalisiyasında yer alan dövlətimizin bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 

Bildirilib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizənin kompleks və sistemli şəkildə aparılması üçün ölkəmizdə 2004-cü ildən başlayaraq 3 Milli Fəaliyyət Planı icra olunub, geniş qanunvericilik bazası formalaşdırılıb. Bunun davamı kimi, cari ildə yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Səfir Örl Litzenberqer səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanda olduğu qısa müddət ərzində istər ölkə vətəndaşları, istərsə də əcnəbilər üçün yaradılmış təhlükəsiz şəraitdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib.

O, cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Birləşmiş Ştatlar tərəfindən müsbət qiymətləndirildiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri