11 
May
2019
11:41
229
21
5983
Virtual karabakh

Qorbaçovun heç vaxt dil tapa bilmədiyi deputat - Arif Məlikov əfsanəsi

11 May, 2019
11:41
5983

Qorbaçovun heç vaxt dil tapa bilmədiyi deputat - Arif Məlikov əfsanəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu cinayətə görə məhz sizi ittiham edirəm”.

Bu sözləri 1990-cı ilin qanlı və şanlı 20 Yanvar hadisələrindən bir az sonra SSRİ Xalq deputatlarının (SSRİ Ali Sovetinin-K.H.) Moskva şəhərində keçirilən növbəti sessiyasında həmin hadisələrin təşkilatçısı və icraçısı Mixail Qorbaçovun üzünə məhz o söyləmişdi...

Bu sözləri də Azərbaycanın hansısa yüksək rütbəli vəzifə sahibi, partnomeklatura nümayəndəsi deyil, məhz incə duyğular sahibi, əsərləri, böyük sənəti ilə nəinki məxsus olduğu xalqını, vətənini, keçmiş Sovetlər Birliyini, hətta, dünyanı mat qoymuş bir insan, sənətkar, korifey söyləmişdi...

Özü də bu sözləri söyləyən - milli-azadlıq hərəkatına qalxmış, Qarabağ məsələsində haqsızlığa, ədalətsizliyə etiraz səsini ucaltmış xalqı qanlar içində boğmaq üçün 1990-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən Bakıya qoşun yeridilməsi əmri vermiş və 20 Yanvar hadisələrinin baiskarı olmuş keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçova üzünə çəkinmədən, həyatını təhlükə, risk altına alaraq, uca səslə söyləyən azsaylı 3-4 ziyalıdan, SSRİ Ali Sovetinin azərbaycanlı deputatlarından bir olmuşdu...

Bu sözləri söyləyən, bütün Sovetlər Birliyinin, keçmiş SSRİ xalqlarının gözü önündə (həmin vaxtlar SSRİ Xalq deputatlarının sessiyası bir çox hallarda canlı yayımlanırdı - red.) Qorbaçovun üzünə deyən, onu ittiham edən şəxs-şəxsiyyət məhz Arif Məlikov olmuşdu...

O Arif Məlikov ki, cəmi bir neçə gün öncə onu itirdik, 86 yaşında bizi, canından artıq istədiyi xalqını tərk etdi, Haqqın dərgahına qovuşdu...

O Arif Məlikov ki, görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – “Məhəbbət Əfsanəsi” baleti dünya şöhrəti qazanmasına baxmayaraq, onun öz ölkəsində, Azərbaycan səhnəsində nümayişinə müvəffəq ola bilməmişdi...

O Arif Məlikov ki, Misirdə “Məhəbbət əfsanəsi” əsərinin premyerasının getməsinə baxmayaraq, gedib öz əsərinə baxması üçün ona imkan verilməmiş, Azərbaycandan buraxılmamışdı...

İllər ötəndən, üstündən çox sular axıb keçəndən sonra Arif Məlikov həmin günləri, yaşadığı sarsıntılı anları xatırlayaraq, bunları demişdi:

“...Bu, məni çox əsəbiləşdirirdi. Mən də boğaza yığılıb girdim Mərkəzi Komitə katibinin yanına.

Ağzıma gələni dedim. “Tüpürürəm sənə. Ona görə ki, respublikaya sən rəhbərlik edirsən. Cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursunuz”.

Yenidən 20 Yanvar hadisələrinə və həmin ərəfədə yaşananlara qayıdaraq, qeyd etmək istərdik ki, məlum hadisələrdən az sonra SSRİ Xalq deputatlarının sessiyasında tribunaya qalxan Arif Məlikov Qorbaçovun və onun əlaltılarının etirazlarına məhəl qoymadan 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan deputat qrupunun bəyanatını oxumuş və onun təkidi ilə bütün salon Bakı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdi.

Həmin anlar şəxsən mənim də bugünkü kimi xatirimdədir - o ağır günlərdə, Azərbaycanın hər tərəfdən blokadaya alındığı bir dövrdə, haqq səsinin eşidilmədiyi, dünyanın həm Qarabağ hadisələrinə, erməni separatizminə, vanadlizminə, həm də 20 Yanvar hadisələrinə kar-kor qaldığı bir zamanda  Arif Məlikovun bu cəsarətli addımı hər bir azərbaycanlı kimi məndə də böyük qürür hissi doğurmuş, gələcəyə bir ümid olmuşdu...

O ümid ki, 20 Yanvar, Qarabağ, milli azadlıq hərəkatı şəhidlərinin qanlarının yerdə qalmayacağı, şər imperiyası olan SSRİ-nin dağılacağı və Azərbaycanın tarixdə ikinci dəfə müstəqilliyinə qovuşacağı ilə bağlıydı...

Necə ki, məhz belə də oldu, 20 Yanvar hadisələri sonun başlanğıcı, SSRİ-nin çöküşünü sürətləndirən bir proses və Azərbaycanın müstəqilliyini şərtləndirən, bunu daha da tezləşdirən bir hadisə oldu...

Çox sonralar, Azərbaycan müstəqillik əldə etdikdən sonra Arif müəllim özü də həmin günlərə qayıdaraq, bunuları söyləmişdi:

“Həmin çıxışda Qorbaçovun və SSRİ-nin digər rəhbərlərinin əleyhinə tənqidi fikirlər səsləndirdim. Mən əvvəllər də Qorbaçovu tənqid etmişdim və onu “qatil” adlandırmışdım.

Hələ 1988-ci ildə Siyasi Büroda Azərbaycan və Ermənistan deputat qruplarının birgə görüşü oldu.

Mən o vaxt  Qorbaçova dedim ki, Azərbaycan xalqının başına gətirilən bu bəlaların əsas günahkarı sizsiniz və vaxt gələcək tökülən bu günahsız qanlara görə cavab verəcəksiniz”.

Qeyd edək ki, Arif Məlikovun vətəndaşlıq mövqeyi, qətiyyəti, hətta Qorbaçovun özünü də mat qoymuşdu:

“Qorbaçov bir dəfə bizim deputat qrupunun üzvlərini qəbul edəndə dedi ki, mən hamınızla dil tapıb danışa bilərəm, ancaq bəstəkar Arif Məlikovla dil tapmaq mümkün deyil.

Çünki o, çox inadkar adamdır və dediyinin üstündə möhkəm dayanır. Həqiqətən də o dövrdə həm Bakıda, həm də Moskvada - SSRİ Ali Sovetinin sessiyasında siyasi diskussiyalarda fəal iştirak edirdim. Moskva Universitetində çıxışlar edir, moskvalılarla görüşüb respublikamızda törədilən dəhşətləri onlara çatdırmağa çalışırdım.

Ali Sovetin tribunasından Yazova dedim ki, sən bir neçə ay əvvəl general idin, Azərbaycanda günahsız insanları qətlə yetirəndən sonra marşal rütbəsini aldın. Nə qədər gizlətməyə çalışsan da o paqonlardan həmişə qan damacaq...”.

Bəlkə də bunlar indi kimlərəsə inandırıcı, olmuşlar  kimi görünməyə bilər, amma həmin günlərin şahidləri üçün bunlar tam həqiqət və faktın, gerçəkliyin özüdür, əksidir...

Heç təsadüfi deyil ki, Arif Məlikovun vəfatından cəmi bir gün sonra  20 Yanvar hadisələrindən sonra təqib edilən, Rusiya həbsxanalarında saxlanılan, incidilən 800-ə yaxın azərbaycanlıdan biri - Qarabağ qazisi Vaqif Əlisoy mətbuatda bunları dilə gətirir:

“...O vaxt yaradılan deputat - istintaq qrupunun sədr müavini Tamerlan Qarayevlə görüşdüm, başımıza gələnləri ona danışdım və izahat verdim. Tamerlan bəy Arif Məlikovu dəvət etdi və böyük bəstəkar diqqətlə məni dinlədi və dedi:

- Bir neçə gündən sonra SSRİ Xalq deputatlarının sessiyası başlayır. Bu məsələni mütləq orda qaldıracağam.

Doğrudan da həmin iclasda Arif müəllim Bakı qırğını haqda çox sərt danışdı və dedi:

- Bakıda törətdikləriniz bəs deyilmiş kimi, 800 yüzdən artıq azərbaycanlını oğurlayıb Rusiyada saxlayırsınız. Azərbaycan xalqı onların azad olmasını tələb edir!

Qorbaçov:

- Burada yalan danışmaqla fikri çaşdırmayın! Əlinizdə fakt varsa, buyurun!

Arif müəllim öz yerindən durub, tribunaya qalxıb mənim və digərlərinin Azərbaycan Ali Sovetində yararadılmış deputat - istintaq komissiyasına verdiyimiz izahatların bir neçəsini deputatlara göstərdi...”.

Arif Məlikov siyasətçi deyildi, hər zaman (hətta deputat olduğu illərdə - K.H.) siyasətdən, siyasi qovğalardan uzaqda dayanmağa, öz sənəti, dünyanı heyran qoyan, onu ucaldan, şöhrətləndirən əsərləri, yaradıcılıq işləri ilə daha çox məşğul olmağa çalışırdı...

Amma bununla belə, ozü də istəmədən siyasətin içində - düz mərkəzində idi...

Və bir çox siyasətçinin cəsarət edib, dilə gətirə bilmədiyi, bilməyəcəyi məsələləri çəkinmədən,qorxmadan açıq-aşkar hər kəsin üzünə söyləyən, haqqın qələbəsinə çalışan Arif Məlikov idi...

Arif Məlikov şəxsiyyəti, onun sonsuz ümmana, sirlər xəzinəsinə bənzəyən sənətindən, yaradılığından günlərlə, saatlarla danışmaq, cild-cild kitablar, əsərlər, yazılar yazmaq olar...

Təbii ki, bunlar da olacaq, yazılacaq, deyiləcək, gələcək nəsillərə çatdırılacaq...

Ancaq bu yazıda  Arif Məlikovun vətəndaşlıq mövqeyini, onun siyasətçi olmasa da, fəaliyyətinin ictimai-siyasi yönlərini göstərməyə azacıq da olsa cəhd etdik...

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri