13 
May
2019
16:59
26
105
5036
Virtual karabakh

Hərbi doktrina dəyişdirilməlidirmi?

13 May, 2019
16:59
5036

Hərbi doktrina dəyişdirilməlidirmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, 2010-cu ilin 8 iyun tarixində Milli Məclisin (MM) qərarı ilə təsdiqlənən Hərbi doktrina elə həmin ilin 17 iyun tarixində imzalanaraq, hüquqi qüvvəyə minib.

Sənədə əsasən, Hərbi doktrina Azərbaycan xalqının və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Həmçinin, Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycanın mövqeyini əks etdirir.

Qeyd edək ki, Hərbi doktrinanın qəbulundan artıq 10 ilə yaxın vaxt keçir və ötən müddətdə həmin sənədə müəyyən korrektələrin edilməsi təklifləri irəli sürülüb.

Konkret olaraq, bir sıra siyasilər, millət vəkilləri Azərbaycanın işğalçı Ermənistanla yanaşı, şimaldan, cənubdan və qərbdən tez-tez təhdidlər və təzyiqlərlə üzləşdiyini bildirərək, bu sənədə bəzi dəyişikliklərin olunmasını, onun daha da sərtləşdirilməsini məqsədəuyğun hesab etdiklərini dilə gətiriblər.

Belə olan halda, adıçəkilən sənədə yaxın zamanlarda korrektələr edilməsi mümkündürmü və gözləniləndirmi?

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında deyib ki, Hərbi doktrinanın qəbulundan 10 ilə yaxın vaxt keçsə də, onun dəyişdirilməsinə, korrektəyə məruz qalmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, həmin sənəd müasir dövrün reallıqlarına və çağırışlarına tam cavab verir.

Millət vəkili qeyd edib ki, artıq təzyiqlər, təhdidlər dövrü geridə qalıb, Azərbaycan ötən illər ərzində hər bir cəhətdən güclənib və indi onunla təhdid, təzyiq dilində danışılması mümkün deyil:

“Bu baxımdan, Hərbi doktrinanın indiki reallıqda dəyişdirilməsinə və ya ona korrektlər edilməsinə elə bir zəruri ehtiyac görmürəm. Bu sənəd bütün məqamları özündə ehtiva edib, Azərbaycanın mövqeyini, baxışını ortaya qoyub. Odur ki, hələlik hansısa dəyişiklik ehtiyacı da yoxdur”.

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan bütün dünyaya öz siyasətini açıqlayıb, bəyan edib.

“Fikrimcə, burada hansısa qeyri-müəyyənlik yoxdur. Birincisi, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində davranış nümayiş etdirir. İkincisi, hər zaman öz siyasətimizlə regionda sülhün, tərəqqinin inkişafına tərəfdar çıxmışıq. Üçüncüsü və ən əsası, bizim apardığımız siyasət nəinki dünyada qəbul olunmağa  başlayıb, hətta əsas kimi götürülməyə zəmin yaradır.

Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi şəffaf və tam açıqdır. Qeyri-müəyyən, açıq olmayan, başa düşülməyən və hiyləgər siyasət nümayiş etdirən isə, təəssüflər olsun ki,  Ermənistandır”, - deyə S.Seyidov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri