17 
May
2019
16:17
255
59
5707
Virtual karabakh

“Qarabağ klanı” Ermənistanda çevriliş planı hazırlayır - ŞƏRH

17 May, 2019
16:17
5707

“Qarabağ klanı” Ermənistanda çevriliş planı hazırlayır - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bir-birini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşıb

Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub. 

“Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Koçaryan və Serj Sarqsyan. Nikol Paşinyan Serj Sarqsyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb.

Robert Koçaryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Koçaryanın məhkəməsini aparmaqdan imtina edib.

Aydındır ki, həmin hakimlər “Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Koçaryan üzərindəki məhkəmə “Qarabağ klanı”nı canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar”, - ekspert bildirib.

O əlavə edib ki, Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir: 

“Dağlıq Qarabağ separatçıları Robert Koçaryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan bununla razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırkı lideri Koçaryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”

Paşinyanın daima Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Koçaryan və Serj Sarqsyanın təsiri altındadır və onlara xidmət edir.

Serj Sarqsyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir”.

E.Şahinoğlu qeyd edib ki, 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi”ndə Bako Saakyan namizəd olmayacağını bildirib. 

“Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident” seçilməsini istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdirlər. İkinci qüvvə “Qarabağ klanı” ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. 

Onlardan birinin Dağlıq Qarabağın “prezident”i seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Koçaryanı və ya Serj Sarqsyanı gətirməyə çalışsınlar”.

Politoloq vurğulayıb ki, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır:

“Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. 

Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri