24 
May
2019
12:00
144
28
7900
Virtual karabakh

Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

24 May, 2019
12:00
7900

Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Rüfət Quliyev Oxu.Az-ın müxbirinin suallarını cavablandırır:

- Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında 2018-ci ilin büdcəsinin icra vəziyyəti ilə bağlı müzakirələrdəki çıxışınız, fikirləriniz mediada, sosial şəbəkələrdə ciddi rezonansa, sizə qarşı çoxsaylı ittihamlara səbəb olub.

Xüsusilə yerli aeroportlar və idman saraylarının, idman komplekslərinin icarəyə verilməsi yönündə təkliflərinizə sərt təpkilər, etirazlar var. Bu təkliflərdə məqsədiniz nə idi? Bunlar necə mümkün ola bilər?

- Əvvəla, çox təəssüf edirəm ki, əksər media qurumları çıxışımın əsas hissəsini kəsib, cəmi 4-5 cümləmi veriblər. Bu da öz növbəsində fikirlərimin təhrif olunmasına, düzgün anlaşılmamasına gətirib-çıxarıb.

Sual verdim, dedim ki, rayonlardakı aeroportlar, idman kompleksləri ilə əlaqədar fərqlər, fərq dinamikası 2018-ci illə bu ilin birincü rübü arasında necədir?

Yəni artım olub, azalma gedib, ya yerində sayıb? Bu bir, ikincisi, dedim ki, əgər bu qədər vəsait gedirsə, xərclənirsə - yəni, bunun istismar xərci var, insanların, işləyən adamların maaşları var, bunun hamısını başa düşürəm, bunları nəzərə alaraq, bəlkə, hansınısa ya qismən, ya da bütövlüklə Azərbaycanda hansısa bir kommersiya strukturuna tenderlə vermək olarsa, icarəyə verək.

Komitə iclasına qatılan hökumət nümayəndələrindən bu təklifin də diqqətə alınmasını, ona baxılmasını xahiş etdim. Çünki əgər belə olarsa, deməli, həm büdcədən ayrılan pullar azalacaq, həm də icarəyə veriləndə orada fəaliyyət artacaq və yeni iş yerləri açılacaq. Təbii ki, bu, insanlar üçün də, dövlət üçün də yaxşıdır.

Özü də demirəm ki, ucdantutma hamısını icarəyə verək. Aeroportlardan söhbət düşəndə də mənə dedilər ki, onlar “AZAL”ın nəzdindədir, çox gözəl. Onda da dedim, indi də deyirəm, onlar üçdə bir gücünə, beşdə bir gücünə işləyir, bilmirəm, amma hər halda tam gücünə fəaliyyət göstərmirlər, fəal deyillər. Ona görə elə dövlət, “AZAL” başda olmaqla, daxildə bir şirkət axtarsınlar, daxildə olmadı, xaricdən şirkət axtarsınlar.

Turizm şirkətləri, daha yaxşı işləyən şirkətlər var, bu şirkətlərlə danışsınlar, hansını bacarsalar, ya Azərbaycan kommersiya şirkəti ilə şərikinə, ya da onlara tam icarəyə verilsinlər.

- Bu, gələcəkdə təhlükəli nəticələrə gətirib çıxarmazmı?

- Qətiyyən, mən belə düşünmürəm. Misal da gətirdim. Məsələn, Lənkəran aeroportu nəyə görə fəal işləyə bilər, nəyə görə Rusiyanın marağı var? Ona görə ki, şəxsən özümün iştirakım, köməyim, səylərim nəticəsində Lənkərandan birbaşa Sankt-Peterburqa reyslər açıldı. Özləri də razı qaldılar.

Onu da deyim ki, Sankt-Peterburqla Leninqrad vilayətində təxminən 350 min azərbaycanlı yaşayır. Həmin azərbaycanlıların bir hissəsi Rusiya vətəndaşlığını alıb, bir hissəsi isə Azərbaycan vətəndaşıdır. Həmin 350 minin yarısı da təxminən Azərbaycanın cənub zonasındandır.

Odur ki, Cənub zonasından olan insanlara intensiv formada vətənə, Azərbaycana Lənkəran aeroportu ilə gedib-gəlmək daha rahatdır. İkincisi, deməli, turist firmaları, konkret olaraq, Rusiyadan turistləri bizim zonaya, cənub zonasına gətirə bilər. Bu, turizm üçün böyük bir dayaq ola bilər.

Məsələn, bizim Lerikdə turizm kompleksi var. Lənkəranın özündə şərait var. Həmçinin, Astarada var, Masallıda var. Yəni doğrudan da, belə olarsa, Rusiyadan bura turistlər rahat gələcək. Rusiyanın özündə elə turizm şirkətləri var ki, onlar  Azərbaycanda da formalaşıblar, inkişafdadırlar.

Özü də hansı ki, nəhəng işlərlə məşğuldurlar, dövriyyələri ildə on milyon, yüz milyona gəlib çıxır. Bunlar dəqiq işləyə bilərlər, həm aeroportun xərclərini bağlayarlar, həm də özləri də qazanarlar. Turist gətirəcəklər, Azərbaycan tərəfi burada qazanacaq. Bizim hotellər, bizim restoranlar, bizim qonaq evləri var, onlar qazanacaq.

Digər bir məsələ ondan ibarətdir ki, məsələn, çox istərdim ki, Lənkərandan Sankt-Peterburqa “karqo”nun, yəni yükü daşımağın qiyməti 1 kiloqram üçün 3,5 dollar, 3-4 dollar arası olsun. O vaxt onlarla bu məsələni də danışmışdım.

Çünki elə bir mövsüm olur ki, Sankt-Peterburqda sitrus meyvələrinin qiyməti gəlib çıxır 10-15 dollara. Odur ki, həmin mövsümdə insanların marağı olacaq ki, o meyvələri aparıb orada satsınlar, yaxud göndərsinlər.

Üçüncü, bizim orada kifayət qədər restoranlarımız işləyir, kafe-restoranlarımız çoxdur. Sankt-Peterburqda özüm, bəlkə, 15 dəfə olmuşam. Özüm o kafe-restoranlara dəvət olunmuşam, gedib görmüşəm.

Onlar üçün də maraqlıdır ki, yerli, Azərbaycanın qida məhsullarından istifadə etsinlər. Meyvəsidir, tərəvəzidir, ətidir və sair, istəyirlər buradan alsınlar ki, Azərbaycan mətbəxinin müsbət tərəflərini göstərsinlər. Bu, əslində, hamısı inkişaf üçündür.

- Bəs aeroportun strateji obyekt olması məsələsi necə? Bu barədə nə düşünürsünüz?

- Əgər kimsə fikirləşirsə ki, aeroport burada strateji bir məsələdir, səhv edir. Ona görə ki, bu gün xarici şirkətlər Sumqayıta on milyonlarla investisiya qoyur, neft-kimya sənayesi ilə əlaqədar böyük zavodlar tikilir.

Bizim neft sektorumuz var. Xarici şirkətlər ora milyardlarla pullar qoyur. Məgər onlar strateji deyil? Aeroportla bunun arasında nə fərq var? İcarə nə deməkdir? İcarə o deməkdir ki, öz mülkümüzdür, sadəcə, biz onu icarəyə veririk ki, işlətsinlər, qazansınlar, insanları dolandırsınlar və dövlət büdcəsinə də pul ayırsınlar.

Büdcədən pul getməyəcək, əksinə, büdcəyə pul gələcək. İndi belə olan halda, burada problem nədədir? Nə ola bilər? Eynilə də idman kompleksləri ilə bağlı məsələni deyərdim. Bu gün Azərbaycandakı, regionlarımızdakı idman sarayları, idman olimpiya kompleksləri hamısı çox yüksək səviyyədədir, çox möhtəşəmdir.

Avropada, çox ölkələrdə olmuşam və açığını deyim ki, belə möhtəşəm, belə gözəl idman saraylarını görməmişəm. Onların hamısı büdcədən maliyyələşir və cəmi iki rayondakı idman olimpiya kompleksi gəlirlə işləyir.

Təbii ki, təkcə idmançılar deyil, insanlarımız da həmin idman mərkəzlərindən, idman komplekslərindən istifadə edirlər, asudə vaxtlarını keçirirlər, idmanla, sağlamlıqla məşğul olurlar. Bunlara dəyməmək, toxunmamaq şərtilə, onların qalan hissəsini tenderlə icarəyə vermək olar. Yenə də daxildə hansısa kommersiya strukturu tapmaq olar, hansı ki, o, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ona həmin idman komplekslərini icarəyə vermək olar.

Onlar da həm istismar xərclərini bağlaya bilər, həm də konsertlər, yarışlar keçirər və qazanarlar. Mənim arqumentlərim bu idi. Amma indi mənim fikirlərimin hamısı kənara qoyaraq, sadəcə, yazdılar ki, Rüfət Qüliyev Lənkərandakı aeroportu icarəyə vermək istəyir. Axı, Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

İkincisi, bu təklifləri mən hökumət nümayəndələrinə ünvaladım, onlar da maraqlandı, qeydlər elədilər. Gördüm ki, mən sualı verəndə, danışanda bunlar özlərində qeyd edirlər. İndi burada qəbahət olan nədir, bunun qəbahəti haradadır?

Qəbahət insanların yaxşı yaşaması, yaxşı dolanması, aeroportlarımızın, idman komplekslərimizin işlək, fəal vəziyyətdə olması, ayaq üstə qalmasıdırmı? Məni ittiham edənlər yaxşı olardı ki, bunlara cavab versinlər.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri