19 
İyn
2019
15:16
30
196
2537
Virtual karabakh

Amerikalı ekspert: ABŞ dünyaya demokratiya yaymaqdan usanıb

19 İyn, 2019
15:16
2537

Amerikalı ekspert: ABŞ dünyaya demokratiya yaymaqdan usanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər yeni prezidentin gəlişi ilə Birləşmiş Ştatların siyasəti dəyişir və daha gözlənilməz xarakter alır. ABŞ dünyanın ən qüdrətli dövləti olsa da, dünyanın təkqütblüdən çoxqütblüyə çevrildiyinin şahidi oluruq.

ABŞ-ın hazırda yürütdüyü siyasətdə hansı trendlər müşahidə olunur, Birləşmiş Ştatlarda postsovet məkanına münasibət necədir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti mərhələsinin niyə Vaşinqtonda keçirilməsinə qərar verildi?

Amerikalı publisist, Redford Universitetinin professoru, Cemystaun Fondunun (Vaşinqton) eksperti Qriqori İoffe Media.Az-a verdiyi müsahibədə bu mövzulara aydınlıq gətirib:

- ABŞ Prezidenti Donald Tramp öz müəyyən prinsipial baxışlarına görə sələfinin dövründə imzalanmış razılaşmalardan imtina edir. Söhbət ABŞ-ın İranla 2015-ci ildə bağlanmış nüvə sazişindən, Paris İqlim Sazişindən çıxması, Kuba ilə münasibətlərin liberallaşdırılmasından imtina etməsindən gedir. Sizə elə gəlmirmi ki, bu, pis tendensiyadır? Axı sazişlər ayrı-ayrı şəxslər arasında yox, ölkələr arasında bağlanır...

- Sizinlə razıyam. Bu tendensiya istər-istəməz kifayət qədər narahatlıq doğurur. Həqiqətən də saziş ayrı-ayrı şəxslər arasında yox, ölkələr arasında bağlanıb. Ancaq Kuba məsələsində  hələlik tam geriləmə baş verməyib. Üstəlik, Paris sazişi də müəyyən suallar doğurur. Ola bilsin, mənim baxış bucağım siyasi baxımdan kifayət qədər dəqiq deyil, ancaq sizin çəkdiyiniz misallardan İranı qeyd etmək istərdim. Bəli, ABŞ İranla bağlanmış nüvə sazişindən tamamilə imtina edib.

 - Bir çox ekspertlər Ağ Evdə baş verən hakimiyyət dəyişikliyinə görə ABŞ xarici siyasətinin iflasa uğradığını bildirir. Onlar buna hazırkı dövlət başçısının sələfinin imzaladığı müqaviələlərdən imtina etməsini misal göstərir.  Heç şübhəsiz, Donald Tramp hələ il yarım Ağ Evə rəhbərlik edəcək. Bəs onun prezidentlik müddəti başa çatandan sonra nə baş verəcək?

- Təkcə ABŞ-da deyil, bütün dünyada iqtisadi eqosentrizm tendensiyası güclənib və bunun müəyyən səbəbləri var. Qeyd edim ki, Donald Trampın Birləşmiş Ştatların başına keçməsinin səbəblərindən biri Amerika cəmiyyətinin trilyonlarla xərc və çoxsaylı insan itkiləri ilə müşayiət olunan hərbi müdaxilə siyasətindən cana gəlməsi idi. Buna misal kimi, İraq avantürasını göstərə bilərəm.

ABŞ-da bir adam tapmazsınız ki, bu müharibə barədə xoş söz desin. Liviyanı da yada salmaq olar. Ola bilər, orada pis rejim olub, ancaq həmin rejim ölkədə müəyyən nizam-intizam yarada bilmişdi, Liviyadan Aralıq dənizi ilə Avropaya kütləvi qanunsuz mühacir axını müşahidə olunmurdu. İndi isə Liviyada əsl hərc-mərclik hökm sürür. Amerikalılar həm də liberal hegemoniyadan və dünyaya demokratiya yaymaqdan usanıb.

Vaşinqtonda “Think Tanks” adlandırılan çoxsaylı “təfəkkür fabrikləri” var. Dövlət administrasiyasında, Dövlət Departamentində vəzifə tutan analitiklər hakim komandanın dəyişilməsindən sonra həmin “təfəkkür fabriklərinə” çəkilir. Ona görə həm liberal, həm də neomühafizəkar baxışlı “müdaxilə siyasəti” tərəfdarları orada çoxluq təşkil edir və müxtəlif özəl fondlar tərəfindən maliyyələşdirilir. Onlar tədricən əvvəlki kursa qayıtmağa hazırlaşır.

Ancaq hamını ABŞ-ın dostuna çevirmək mümkün deyil, bu, artıq isbat olunub. Con Mirşaymer adlı nüfuzlu alim var, onun kitabı son bir il ərzində geniş müzakirə olundu. “Böyük vəsvəsə” adlı kitab, uzun sözün qısası, dünyada liberal nizamın qurulmasının mümkünsüzlüyündən bəhs edir. Liberalizm daxili siyasətdə keçərlidir. Ancaq xarici siyasətə gələndə, bu, məğlubiyyət bir yana, mütləq fəlakətlə nəticələnir.

Hazırda Donald Tramp administrasiyasında Con Bolton kimi “şahinlər” var. Bolton ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviridir. Bu insanlar yatanda da, yuxularında da müharibə aparmaq barədə düşünürlər. Bu, çox təhlükəlidir. İranla gərginlik daha da alovlansa, ağır nəticələrə səbəb ola bilər. 

Qeyd edim ki, Donald Tramp Klinton, Buş və Obamadan sonra ilk prezidentdir ki, hələlik heç bir müharibədə iştirak etməyib. Bu vəziyyətin sürəkli olmasını istərdim.

- Siz İran məsələsini xatırlatdınız. İslam Respublikası ətrafında vəziyyət xeyli qəlizləşib. Hər iki tərəf ultimatumlar göndərir. Bir məsələ aydındır ki, ABŞ İrana quru qoşunları yeritməyəcək, çünki belə olsa, Birləşmiş Ştatlar ordusunun böyük itkilərlə üzləşməsi labüd olacaq. Bir çox ekspertlər havadan hücumların mümkünlüyündən söz açır. Azərbaycanın İranla sərhədi var və gərginlik bizi narahat etməyə bilməz...

- Çox təəssüf olsun ki, ABŞ-ın İrana havadan hücum etməsi mümkündür. Ancaq sələfi ilə müqayisədə, Trampın hakimiyyətdə olduğu vaxt bunun başvermə ehtimalı çox aşağıdır. Hər halda, dediyim kimi, amerikalıların intervensionalist siyasətdən son dərəcə usanmaları faktoru var.

Ümid edirəm ki, Tehranla hər hansı əlaqə kanalları mövcuddur. İran ciddi dövlətdir və ciddi cəmiyyəti var. Bu, sizin üçün nə Liviya, nə də İraqdır. İranın geniş ərazisi var, ona görə də lokal xarakterli bombardmanlar heç bir şeyi həll etməyəcək. Habelə başqa bir vacib məqam var: İran cəmiyyəti Yaxın Şərqin veteranıdır. Məgər Yaxın Şərq bölgəsində əsrlər boyu mövcud olmuş ölkələr elə çoxdur?! Bundan savayı, İran cəmiyyəti təkmillətli deyil. Hər şeyin İnqilab Keşikçiləri Korpusu və ayətullahlardan asılı olduğunu deməzdim. Məncə, Tehranla dil tapmaq olar.

- Gəlin, Donald Tramp mövzusunu davam etdirək. ABŞ Prezidenti daima müxtəlif təhdidlər yağdırır, ancaq çox nadir hallarda onları həyata keçirir...

- Bu, danışıq üslubudur. O, əvvəl hədə-qorxu gəlir, sonra isə “alver”ə keçir. Mənə elə gəlir,  dünyada bu üsluba artıq hamı öyrəşib. Bəzi hallarda hətta müsbət nəticəsini verir. Bu yaxınlarda qanunsuz miqrant axınının üçüncü ölkələrdən əngəllənməsi ilə bağlı Meksika ilə ABŞ hökumətləri arasında əldə olunmuş razılaşanı xatırlamaq olar.

Bu, belə növ “alverin” uğurlu şəkildə sona çatdırılmasının bariz nümunəsidir. Ancaq təbii ki, Trampın çoxsaylı nöqsanları var, bu isə onun emosionallığından irəli gəlir. Sözün birinci mənasını əsas götürsək, onu “siyasətçi” adlandırmaq olmaz. Ancaq onun hakimiyyətə gəlməsində elə bu fakt vacib rol oynayıb. Çünki siyasətçilər artıq hamını bezdirib.

- ABŞ-ın postsovet məkanından olan ölkələrlə bağlı konkret siyasəti var?

- Bundan əvvəl də qeyd etdim ki, Trampın hakimiyyəti dövründə liberal hegemonluqdan mötədil siyasətə fundamental dönüş başladı. Bu, hazırda ABŞ administrasiyası və Dövlət Departamentinin komplektləşdirilməmiş şəkildə olması fonunda baş verir. Ona görə də bu dönüş gur “cırıltı” ilə müşayiət olunur.

Digər yandan, əvvəl haqqında danışdığımız “təfəkkür fabrikləri” isə hiddətdən “qaynayırlar”, onlar bu gedişdən razı deyillər. Halbuki administrasiya və “təfəkkür fabrikləri” bir-birinə bağlıdır. Ona görə də postsovet məkanına olan münasibətdə konkret kursdan söhbət belə gedə bilməz.

Ancaq ümumilikdə götürəndə, Ağ Ev səviyyəsində “demokratiyanın dünyaya yayılması” ideyasından uzaqlaşma tendensiyası müşahidə olunur. Tramp 2020-ci il seçkilərində qalib gəlməyə nail olsa, bu siyasət davam edəcək. Gəlməsə...

- Cənubi Qafqazda, Ermənistanda ötən il “məxməri inqilab” baş verdi, hazırda Yerevandakı hökumət şərti olaraq qərbyönümlü hesab olunur. Gürcüstan isə birmənalı olaraq qərbyönümlüdür. Hətta yaxın günlərdə Tbilisinin “ABŞ-ın çətiri altına keçəcəyi”, yəni ABŞ-ın qeyri-NATO müttəfiqi statusunu əldə edəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Ölkənin NATO-ya üzvlüyündən hələlik söhbət gedə bilməz, belə ki, ölkə ərazisində həllini tapmamış münaqişələr var...

- Mənə də elə gəlir ki, NATO-ya üzvlükdən heç söhbət açmağa dəyməz; təkcə münaqişələrə görə yox. Sadəcə, Qərb Rusiya ilə münasibətdə daha ehtiyatlı kurs tutub.

- Bu fonda Azərbaycan öz genişşaxəli siyasəti ilə seçilir. ABŞ-ın Bakını özünə tərəf -  Qərbə tərəf çəkmək istəyi var?

- Belə bir istək hər zaman olub və təkcə Azərbaycanla münasibətlərdə yox. Rusiya ilə mürəkkəb münasibətləri nəzərə alsaq, Azərbaycan bu istiqamətdə hər hansı həlledici addımlar atmağa hazırdırmı? Bax, əsas sual budur. Ona görə də yaxın zamanda Vaşinqtondan Azərbaycanı, o cümlədən, Cənubi Qafqazın digər ölkələrini Qərbə doğru çəkməklə bağlı kardinal addımlar gözləməyə dəyməz.

- Niyə ABŞ-ın dünyada ən böyük səfirliklərindən biri (həm sahə, həm də əməkdaşların sayı baxımından) Ermənistan kimi balaca ölkədə yerləşir. Bu məsələ hər zaman marağa səbəb olub. Bu, nədən irəli gəlir?

- Birləşmiş Ştatlarda təsir gücünə malik və böyük erməni diasporu mövcuddur. Yalnız bununla izah edə bilərəm.

-  İyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarci işlər nazirləri arasında danışıqlar aparılacaq. Niyə Vaşinqton məhz indi köhnə münaqişəyə diqqət ayırmaq fikrinə düşdü? Bu, təşəbbüsü Moskvanın əlindən almaq cəhdi deyil ki? Belə ki, Moskva son zamanlar bu məsələdə kifayət qədər fəaldır.

- Düşünürəm ki, Tramp administrasiyası təşəbbüsü Rusiyanın əlindən almaqda maraqlı deyil. Böyük ehtimalla bu, dövri bir görüşdür. Amma əlbəttə ki, münaqişənin nizamlanmasına vasitəçi olacaq hər hansı yaradıcı həll yolunun tapılmasını çox istərdik.

-  Söhbətimizin sonunda siyasətdən kənar bir sual vermək istərdim. Siz Bakıda olmusunuz?

- Mən Bakıda ötən əsrin 80-ci illərinin əvvəlində olmuşam. Son zamanlar şəhərin şəkillərinə baxıb valeh oluram. Əlbəttə ki, fotoşəkillər və deyilənlər heyrətləndirir. Təkcə “Alov qüllələri” nəyə desəniz, dəyər...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri