Avq
2019
13:49
55
18
1542
Virtual karabakh

İsrailli ekspert: Avropa silahlara nəzarət sisteminin gələcəyindən ciddi narahatdır - MÜSAHİBƏ

7 Avq, 2019
13:49
1542

İsrailli ekspert: Avropa silahlara nəzarət sisteminin gələcəyindən ciddi narahatdır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailli politoloq Yuri Boçarovun Oxu.Az-a müsahibəsi:

- ABŞ “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilədən (OYMRM) çıxdığını rəsmi olaraq bəyan etdi. Vaşinqton bu addımını onunla izah etdi ki, müqavilənin iştirakçısı olmayan Çinin öz raket potensialını inkişaf etdirmək istəyi heç nə ilə məhdudlaşdırılmayıb. Orta və yaxın mənzilli raketlərə nəzarət haqqında razılaşmanın ləğvi dünyada hansı nəticələrə gətirib çıxaracaq? Bu, yeni silah yarışmasına səbəb olacaqmı? Yeni şəraitdə ABŞ və Rusiyanın hərbi doktrinaları necə inkişaf edəcək?

- 1987-ci ildə Mixail Qorbaçov və Ronald Reyqanın imzaladığı SSRİ və ABŞ arasında “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilə 500-dən 5500 kilometrədək uçuş məsafəsi olan yerüstü ballistik və qanadlı raketlər komplekslərinin ləğv edilməsini nəzərdə tuturdu. Lakin bir çox mütəxəssis və siyasətçilər qeyd edir ki, müqavilə köhnəlib. Hərbi işdə texniki tərəqqi bu müqavilənin çərçivəsindən çoxdan çıxıb. Buna görə də ABŞ bəyan etdi ki, müqavilədən çıxır, çünki Rusiya özünün raket qoşunlarının modernləşdirilməsi çərçivəsində onun şərtlərini pozub. Moskva da, öz növbəsində, müqavilənin əhatə etmədiyi, lakin orta mənzilli raketlər kimi imkanlara malik olan qanadlı raketlər və zərbə pilotsuz uçuş aparatları ilə bağlı Vaşinqtona iradlar bildirir.

Üstəlik, Çinin raket potensialı əlavə problemli faktor kimi ortaya çıxdı. Ümumiyyətlə, Çinin raket potensialı müqavilənin çərçivəsinə daxil deyil və yüksək templə inkişaf edir. Hərbi ekspertlərin fikrincə, Çinin raket potensialının praktiki olaraq 80 faizi orta fəaliyyət radiuslu raketlərdir ki, bu da onunla sərhəddə yerləşən bütün qonşularda gərginlik yaradır. Təbii ki, bütün bunlar təkcə bu ölkələrdə deyil, həm də nüvə silahı olan bütün ölkələrdə silah yarışına gətirib çıxaraq.

Hərçənd hazırda qlobal strateji rəqiblər yalnız Rusiya və ABŞ olsa da, Asiya ölkələrindən – Çin, Şimali Koreya, İran və digər dövlətlərdən gələn real təhdidləri də unutmaq olmaz. Burada Birləşmiş Ştatlar aqressiyasından “qorxurlar” və tam sürətlə, nəzarət olmadan silahlanırlar. Aydındır ki, indi ABŞ düşmən hesab etdiyi bütün dövlətlərə qarşı öz orta mənzilli sistemlərini yerləşdirmək imkanı qazanır.

ABŞ və Rusiyada qırmızı düyməyə basmazdan əvvəl bir neçə dəfə düşünəcəklərsə, həmin problemli ölkələrdə istənilən səviyyəli “təcavüzkarı” havaya uçurtmazdan qabaq heç kəs elə də çox düşünməyəcək. Hərbi doktrinalar çətin ki, qlobal şəkildə dəyişsin. Məsələn, Rusiya dövlətin mövcudluğu təhdid altında olarsa, adi silahdan istifadə edilən hücuma məruz qalanda nüvə silahını tətbiq etmək hüququnu özündə saxlayır.

- Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Avropa paytaxtları nümayəndələrinin OYMRM-in fəaliyyətinin dayandırılmasından sonra Rusiya raket sistemlərinin onların təhlükəsizliyinə təhdid törətməsindən əndişələndiyini bildirib. Bu təşviş nə dərəcədə əsaslıdır?

- Fikrimcə, artıqlaması ilə əsaslıdır. Bir tərəfdən, amerikalılar Avropada öz müttəfiqlərinin təhlükəsizliyini texniki cəhətdən təmin etmək iqtidarında deyillər. Rusiyanın strateji nüvə qüvvələrinin tərkibində 500-dən çox strateji nüvə daşıyıcısı olan silah var. Bu həcm Avropadan da böyük ərazini yer üzündən silmək üçün kifayət edir.

Üstəlik, Avropanın hava hücumundan müdafiə sistemi Rusiya tərəfindən heç bir hücumu dəf edə bilməz. Bununla belə, Avropa çətin ki, 1980-ci illərin ssenarisini təkrarlamaq istəsin. Həmin vaxt ABŞ orada SSRİ-nin SS-20 raketlərinə cavab olaraq “Perşinq” raketlərini yerləşdirdi. Buna görə də avropalılar silahlar üzərində nəzarət sisteminin gələcəyindən çox narahatdırlar.

OYMRM-in fəaliyyəti dayandırıldıqdan sonra ABŞ orta mənzilli “qanadlı raketlər”in hazırlanmasına başladı. Belə raketlər Rusiya sərhədi yaxınlığında yerləşdiriləcəyi halda strateji önəmə malikdir. Lakin NATO və Avropa ölkələri Amerikanın bu sinifdən olan raketlərinin Avropada yerləşdirilməsi ideyasını dəstəkləməyib. Onlar Moskvanı qıcıqlandırmaqdan ehtiyat edirlər.

Digər tərəfdən, Avropada ABŞ-ın tam himayəsi altında olan kifayət qədər kiçik dövlət var. Amerikalılar, ilk növbədə, özlərinin orta mənzilli raketlərini orada yerləşdirməyə çalışacaqlar, bu da həmin raketlərin Rusiyanın Avropaya düşən bütün ərazisinə çatmaq baxımından real təhlükə yaradacaq. Təbii ki, Kreml bir sıra cavab addımları atmağa məcbur olacaq.

- Yeni gerçəkliklər dünyanın siyasi xəritəsinin növbəti dəfə bölünməsinə gətirib çıxaracaqmı?

- Dünya artıq çoxdan kapital və diktatura arasında bölünüb. Avropada, Yaxın Şərqdə və Asiya regionunda bir və ya bir neçə ölkənin Rusiya və ABŞ-a birləşməsi bölgədə qüvvələrin düzülüşünə cüzi təsir edəcək, bu, həm də müvəqqətidir.

Eyni zamanda, ABŞ-da gözlənilən seçkiləri unutmaq olmaz. Hazırda Trampın beynəlxalq arenada əksər addımları Birləşmiş Ştatlarda ictimai rəyə hesablanıb. Onun üçün Avropada və Rusiyada nə deyilməsi önəmli deyil. Tramp üçün əsas olan yerli mətbuatda onun barəsində nə yazmalarıdır.

Məhz bu daxili amil sözügedən müqaviləni yenidən bağlamaq və ya yenisini imzalamaqla bağlı bütün cəhdləri hələlik bloklayacaq.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri