Avq
2019
14:46
48
102
3310
Virtual karabakh

Rusiyalı ekspert: Tehranın dayanıqlığı Moskva və Bakının dəstəyindən birbaşa asılıdır - MÜSAHİBƏ

8 Avq, 2019
14:46
3310

Rusiyalı ekspert: Tehranın dayanıqlığı Moskva və Bakının dəstəyindən birbaşa asılıdır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı politoloq Pavel Klaçkovun Oxu.Az-a müsahibəsi:

- Avqustun 12-də Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə Birinci Xəzər İqtisadi Forumu keçiriləcək. Tədbirə qonşu ölkələrin nümayəndələri də dəvət edilib. Forumda tədbirin keçirildiyi gün Xəzərin hüquqi statusu haqqında konvensiyanın razılaşdırılmasından bir il ötməsi nəzərə alınsa, hansı məsələlər müzakirə olunacaq? Daha hansı məsələlər aktuallğı baxımından gündəliyə daxil edilə bilər? Regionda formalaşan vəziyyət, eləcə də, ABŞ-İran qarşıdurması ilə əlaqədar forumun işinə düzəlişlər ediləcəkmi?

- Foruma sahiblik edəcək ölkə kimi məhz Türkmənistanın çox vacib rolunu qeyd etmək istərdim. Fikrimcə, bu, Türkmənistan Prezidentinin heç də təsadüfi təşəbbüsü deyil. Orada nəqliyyat infrastrukturu, qaz hasilatı, kimya, emal sənayeləri sahələrində ciddi irəliləyişlər var.

Türkmənistanda yeni dəmir və avtomobil yolları, Aşqabadda hava limanı, Xəzərin sahilində beynəlxalq dəniz limanı tikilir.

Ümumilikdə, bu, çox vacib geosiyasi nöqtə və qovşaqdır, bir çox maraqların və qüvvələrin kəsişdiyi yerdir. Türkmənistanın əhəmiyyətini hamı tamı anlamır, lakin bu ölkənin önəmi həqiqətən də böyükdür. Məsələn, Əfqanıstanda başlayan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçən və Avropa ölkələrinədək gedib çıxan tranzit-nəqliyyat layihəsi olan Lazurit dəhlizini qeyd etmək olar.

Aşqabad Rumıniya, Gürcüstan və Azərbaycanla birlikdə Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması layihəsində iştirak edir. Burada çox böyük potensial mövcuddur, buna görə də forumun məhz Türkmənistanda keçirilməsi təsadüfi deyil.

Rusiya Birinci Xəzər İqtisadi Forumuna böyük önəm verir. Hətta Rusiyanın Baş naziri Dmitri Medvedevin başçılıq edəcəyi nümayəndə heyətimizin səviyyəsi göstərir ki, bu istiqamət Moskva üçün prioritetdir, postsovet məkanında xarici siyasətimiz və Avrasiya siyasətimiz üçün prioritet təşkil edir.

Forum Xəzəryanı dövlətlər arasında beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına təkan verməlidir. Fikrimcə, bu tədbir bir neçə istiqamətə, o cümlədən ölkələrin turizm potensialına təsir göstərəcək. Təsadüfi deyil ki, forum milli turizm zonasında keçirilir. Tədbirin 2018-ci ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasından düz bir il sonra keçirilməsi də çox vacibdir. Bu sənədin hazırlanması çox çətin keçdi.

“Avaz” milli turizm zonasında qarşılıqlı ticari-iqtisadi fəaliyyət, eləcə də nəqliyyat, innovasiyalar və elm sahələrində əməkdaşlıq üzrə geniş spektr məsələlər müzakirə olunacaq. Orada innovativ fəaliyyətə, investisiya iqliminin yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcək. Əminəm ki, ABŞ və İran arasında mövcud münaqişə daxil olmaqla, beynəlxalq vəziyyətin gərginləşməsinə baxmayaraq, forum öz hədəflərinə çatacaq.

- Hazırda Xəzəryanı ölkələr arasında əməkdaşlıq necə inkişaf edir?

- Ümumiyyətlə, Xəzər bu dənizin sahilində yerləşən ölkələrin inkişafına çox güclü təsir edir və onların əməkdaşlıq formatını müəyyənləşdirir. Qazaxıstan olduqca ciddi uğurlar əldə edib. 2016-cı ilin sonunda Aktau limanının cənubunda yerləşən Kurık bərə kompleksi istismara verilib. Bu infrastruktur obyekti yeni İpək yolunun vacib hissəsidir və açar rollardan birini oynayacaq.

Mən yüklərin Əfqanıstandan Avropaya çatdırılması üzrə çox perspektivli Lazurit dəhlizini qeyd etdim. Bu dəhliz Əfqanıstanın Fəryab vilayətindəki Akina, Herat vilayətindəki Torqundi, Türkmənistandakı Türkmənbaşı, Azərbaycandakı Bakı, Gürcüstandakı Batumi və Türkiyədəki İstanbul ticarət limanlarından keçməlidir. Burada bir çox dövlətin maraqları birləşir. Perspektivdə bura Çin, Hindistan, Pakistan və İran qoşula bilər.

Əfsus ki, Rusiyanın Xəzəryanı limanlarının fəaliyyəti nəticəsində hazırda fəallıq müəyyən qədər azalıb. Buna göz yummamalıyıq. Həştərxan və Mahaçqalada ümumi yük dövriyyəsi hazırda azalır. Lakin zənnimcə, Rusiya gələcəkdə bu tranzit logistik faktora böyük önəm verəcək, Moskvanın bu regionda iqtisadi, geosiyasi mövcudluğu qaçılmazdır. Yəni Rusiya öz təsirini və mövcudluğunu genişləndirəcək. Rusiya Xəzərdə çox güclü oyunçudur. Biz məhz Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik.

Bu ilin iyununda Həştərxanda Rusiyanın “Böyük Pyotr” ilk kruiz gəmisi suya buraxıldı. O, 2020-ci ilədək Həştərxan, Mahaçqala və Dərbəndi Bakı ilə, Aktau ilə birləşdirəcək. Bu, bütün inteqrasiya proseslərinə xidmət edəcək. Əlbəttə ki, əməkdaşlığın humanitar faktoru da çox əhəmiyyətlidir. Buna görə də 2019-cu ilin sentyabrında beşinci dəfə Xəzər media forumunun keçiriləcəyini anons etmək olar. Ekspert və media istiqamətində çoxlu müxtəlif layihələr var.

- Xəzər forumundan iki gün sonra Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin sayca üçüncü üçtərəfli sammiti baş tutacaq. Hazırda prezidentlər arasında müzakirələrin aparılması baxımından hansı mövzuları daha aktual hesab edirsiniz? İran və Rusiya ABŞ-ın sanksiyaları altındadır. Azərbaycan onlara hansı yardımı edə bilər?

- Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə sayca üçüncü üçtərəfli sammitin keçiriləcəyi ondan xəbər verir ki, üç dövlətin liderlərinin qarşılıqlı fəaliyyəti sistemli xarakter daşıyır. Bu format işgüzar, qarşılıqlı faydalı və bütün tərəflər üçün olduqca vacibdir. O, Qərbin daim artan aqressiv təsiri altında olan İran üçün xüsusən vacibdir. Bu baxımdan Tehran istənilən beynəlxalq formatdan öz rolunu, mövqeyini möhkəmləndirmək üçün istifadə etməlidir.

Olduqca kəskin məsələlərin yarana biləcəyini istisna etmirəm, çünki əminəm ki, Qərb rəsmi Bakıya da təzyiq göstərir ki, Azərbaycandan İrana qarşı alət kimi istifadə etsin. Ancaq Azərbaycan rəhbərliyinin bu roldan yan keçmək üçün müdrikliyi və təcrübəsinin çatacağına əminəm.

Rusiya üçün əlbəttə ki, iqtisadi istiqamət vacibdir. Xəzər dənizində həm infrastruktur layihələri, həm də nəqliyyat sahəsində əməkdaşlıq məsələsi gündəlikdə olacaq. Şübhəsiz ki, beynəlxalq risklərin nizamlanması məsələlərini də qeyd etmək lazımdır, çünki İran hazırda böhran vəziyyətindədir. Tehranın dayanıqlığı Rusiya və Azərbaycanın dəstəyindən birbaşa asılıdır.

- Enerji təhlükəsizliyi üzrə erməni ekspert Vage Davtyan Bakı, Tehran və Moskva üçtərəfli sammiti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, sammitin gündəliyinə Ermənistanın maraqlarına zidd olan layihələr daxildir: Azərbaycanın infrastrukturu vasitəsilə İran və Rusiyanın enerji sistemlərini sinxronlaşdırmağı nəzərdə tutan Şimal-Cənub enerji dəhlizinin tikintisi, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat-logistika dəhlizində Azərbaycan hissəsinə razılaşdırılmış statusun verilməsi. Davtyanın sözlərinə görə, bu, Ermənistanın Şimal-Cənub layihəsində iştirak məsələsini qeyri-aktual edə bilər.  

- Mən bu eksperti tanımıram. Ola bilsin ki, o, müəyyən qorxuları, Ermənistan elitasının müəyyən hissəsinin əhval-ruhiyyəsini ifadə edir. Lakin kompromis əldə etmək, onu axtarmaq üçün beynəlxalq problemlərin, münasibətlərin nizamlanması məharəti elə bundadır. Əgər Rusiya, Azərbaycan və İran arasında, o cümlədən enerji sahəsində əməkdaşlığın faydaları varsa, o zaman bununla bağlı qorxuları aradan qaldırmaq lazımdır. Çünki əgər sanballı səmərə varsa, bu enerji layihəsinin inkişafı qaçılmazdır.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri