14 
Avq
2019
17:15
44
129
3740
Virtual karabakh

Ekspert: Tramp ABŞ Prezidenti kimi qalacaq, Merkelin varisi miqrantları Almaniyadan çıxaracaq - MÜSAHİBƏ

14 Avq, 2019
17:15
3740

Ekspert: Tramp ABŞ Prezidenti kimi qalacaq, Merkelin varisi miqrantları Almaniyadan çıxaracaq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Politoloq, hüquq elmləri doktoru, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkelin Oxu.Az-a müsahibəsi:

- Avqustun əvvəlində Texas və Ohayo ştatlarında insanların kütləvi şəkildə güllələnməsi ABŞ-ı sarsıtdı. Bu iki cinayət nəticəsində 30-dan çox adam öldü, 50-yə yaxın adam isə yaralandı. Baş verənlərə münasibət bildirən Prezident Donald Tramp bəyan etdi ki, Ədliyyə Nazirliyinə kütləvi qətllər və güllələnmələrə görə federal səviyyədə ölüm cəzasını tətbiq edən sənədi hazırlamağı tapşırıb.

- Həqiqətən, Tramp ABŞ-da terror aktlarının və kütləvi qətllərin törədilməsi üçün odlu silah tətbiq edəcək istənilən cinayətkara ölüm cəzası vəd edib. Əminəm ki, bu, onda alınacaq, hər halda belə qanun qəbul edilə bilər və çox güman ki, qəbul olunacaq. Lakin ABŞ-da digər ölkələrdə baş verdiyi kimi, silah gəzdirilməsinə nəzarət olacağını təsəvvür etmək bir neçə səbəbdən mümkün deyil.

Birincisi, ABŞ-da silah gəzdirmək hüququ Birləşmiş Ştatlar Konstitusiyasının bir növ toxunulmaz hissəsidir. Bu, ABŞ demokratiyasının şəxsiyyət azadlığının təməl dayağıdır. Hər fərdin silah gəzdirmək haqqı var. Uzun illər ABŞ-da yaşamışam, orada istənilən supermarketdə praktiki olaraq tapança satın almaq olar. Silah almaq üçün psixi sağlam olduğuna dair arayışa sahib olmaq lazım deyil. Üzərində sürücülük vəsiqəsinin olması kifayət edir. Bu, Birləşmiş Ştatlarda şəxsiyyəti təsdiq edən əsas sənəddir. Orada yazılıb ki, bu vəsiqənin sahibinin 18 yaşı tamam olub.

Maraqlıdır ki, ABŞ-da alkoqol almaq üçün 21 yaşa çatmaq lazımdır. Yəni 18 yaşında bir çox ştatda tapança almaq olar, bu zaman psixi sağlamlıq haqqında arayış təqdim etmək mütləq deyil. Bu silahdan istifadə etməyi bacardığını göstərən sənədlər təqdim etmək də məcburi sayılmır. Yəni bu, toxunulmaz hüquqdur.

İkincisi, hələ Ronald Reyqan deyirdi ki, problem insanlarda olan silahlarda deyil, onların qəlblərində Tanrının olmamasındadır. Bu, bir tərəfdən, əlbəttə ki, belədir. Digər tərəfdən, başa düşmək lazımdır ki, Respublikaçılar Partiyası və silah istehsalçıları lobbisi arasında keçmişdən alyans mövcuddur.

Silah istehsalçıları lobbisi və silah tacirləri Respublikaçılar Partiyasının ənənəvi sponsorları, müttəfiqləridir və onların hamısı respublikaçıdır. Buna görə də öz siyasi dostlarını boğmaq sərfəli deyil, axmaqlıqdır. Heç kəs bunu etməyəcək. Bunu edəcəklərini və amerikalılar arasında belə silah azğınlığına qarşı olduqlarını bəyan edən demokratlar da bu günədək bunu etməyiblər.

- Trampın qarşıdakı prezident seçkilərində qələbə qazanmaq şansı nə qədərdir?

- Prezident Tramp, çox güman ki, ikinci müddətə seçiləcək. Onu əsas amerikalılar dəstəkləyir. Respublikaçılara səs verənlərin kimlər olduğuna baxaq. Bunlar 300 milyonluq ABŞ əhalisinin 80 milyonunu təşkil edən yevangelistlər, bundan başqa, ağ sadə işçilər, əksəriyyəti orta və zəngin sinfin insanlarıdır. Buna görə də o, yenidən seçiləcək.

Başa düşmək lazımdır ki, Trampın vergi siyasəti, onun vergilərə və biznesə müdrik yanaşması ona gətirib çıxardı ki, ABŞ-da Obama dövründə artırılan vergilər xeyli aşağı düşüb. Nəticədə, biznes çiçəklənməyə başlayıb. Çinlə tarif müharibələrinə, Rusiya ilə sanksiya gərginliyinə, Avropa İttifaqı ilə fikir ayrılığına, İrana qarşı sanksiyalara baxmayaraq, Birləşmiş Ştatlarda biznes çiçəklənir. Sosial sorğuların nəticəsi göstərir ki, Trampın Ağ Evdə ikinci müddətə qalmaq üçün çox böyük şansı var.

ABŞ-ın indiki Prezidentinin bir neçə iddialı vəzifəsi var, onların hamısı həyata keçsə, Tramp tarixə düşəcək. Tramp ABŞ siyasətinin və Respublikaçılar Partiyasının böyük ikonası sayılan Reyqana bərabər tutulmasına çalışır. Əlbəttə ki, o, Uinston Çörçillə tay tutulmaq istəyir.

- Söhbət hansı vəzifələrdən gedir? Bura Tehranla qarşıdurma aiddirmi? Tramp ABŞ-da prezident seçkilərindən əvvəl, yaxud sonra İrana qarşı hərbi güc tətbiq edəcəkmi?

- Trampın prezident seçkilərinədək nüvə silahı olmayan İrana zərbə endirmək əmri verə biləcəyini güman edirəm. Bəli, İranın bir çox sentrifiqu var, lakin bombanın düzəldilməsi üçün real sayda uranı yoxdur. Ağır suyun istehsalı üzrə zavodun və digər obyektlərin harada yerləşdiyi məlumdur. ABŞ həmin obyektlərə dəqiq zərbələr endirə və bununla da Tehranın bütün atom silahı iddialarına nöqtə qoya bilər.

Lakin ABŞ təkcə Tehranın atom bombası olmasını istəmir. Bu proqram minimum beş zavoda zərbə endirəcək və İranı nüvə silahı iddiaları baxımından çox geri salacaq. Bu, minimum proqramdır. Maksimum proqram isə İranda rejim dəyişikliyidir. Vaşinqtonun sanksiya siyasəti ona gətirib çıxarıb ki, İran iqtisadiyyatı olduqca ağır vəziyyətdədir, bu da yerli əhalidə narazılıq doğurur.

- Tramp administrasiyası Pekin və Moskvaya da qarşı addımlar atır. Bu istiqamətdə hadisələr necə inkişaf edəcək?

- Trampın Pekinlə tarif müharibələrini davam etdirmək arzusu var. Çin dizləri üstə çökməlidir və anlamalıdır ki, onlar ABŞ-ın tikiş fabrikidir. Çinin iddiaları və bu ölkənin dünya üzrə sakit ekspansiyası Vaşinqtonu qane edə bilməz.

Tramp qədim Roma qaydasına uyğun yaşayır – “Karfagen süqut etməlidir”. Yəni geosiyasi və ya makrobiznes məsələlərində ABŞ-la kooperativləşmək istəməyən istənilən ölkə və imperiya cəzalandırılacaq. Buna görə də Çin həm birbaşa, həm də Vaşinqtonun müttəfiqləri ilə cəzalandırılacaq.

Yəni ABŞ Pekinə yüksək texnologiyalar və s. tədarük edənləri, biznesin müxtəlif sahələrində Çinin böyük makroinvestisiyalarına yardım edənləri cəzalandıracaq. Pekinin dünyada böyüməsini və nüfuzunu hər vəchlə ləngitmək istəyi var.

Hazırda Rusiya ilə olan qarşıdurma ABŞ-dakı demokrat isteblişmentindən və Konqresdəki Demokratlar Partiyası nümayəndələrindən, demokrat olan Obamadan qalma mirasdır. Buna görə də Tramp bəzən bu yolla getməyə məcburdur, lakin o, Moskva ilə qarşıdurmaya son qoymaq niyyətindədir.

Bu, belə də olacaq. Güman edirəm ki, Rusiya və ABŞ iki praqmatik böyük qüvvə kimi ümumi dil tapacaq. Onları birləşdirən ümumi məsələlər daha çoxdur. Proqnozlaşdırıram ki, yaxın bir neçə ildə Rusiyaya qarşı sanksiya siyasətinə yenidən baxılacaq və iki ölkə arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyacaq.

- Almaniya Kansleri Angela Merkelin səhhətinin yaxşı olmaması bir çox dünya siyasətçisinin diqqətini cəlb edib. Onun yaxın vaxtlarda vəzifəsindən getməli olacağı nə qədər realdır? Merkel müasir Avropa İttifaqının təşəkkülündə müəyyən rol oynayıb: avrozonanın tətbiqi, miqrasiya siyasəti. Avropa ölkələrinin miqrantlarla bağlı siyasəti, ümumilikdə Avropa necə dəyişəcək?

- Merkel gizlətməyə çalışsa da, xəstədir. Onun erası başa çatır. Merkelin siyasəti Almaniyanı dalana dirəyib. Almanlar qaçqınlarla bağlı vəziyyətdən xeyli narazıdırlar. Hazırda, rəsmi məlumata görə, ölkədə Suriya və Şimali Afrikadan olan iki milyonadək qaçqın var, onların əksəriyyəti özünü dəhşətli aparır. Qaçqınlar tərəfindən zorlanan xeyli sayda alman qadın var, hücumlar, qarətlər, cinayətkarlıq halları qeydə alınır.

Merkel biznes elitanın məsləhəti ilə Almaniyanı ucuz işçi qüvvəsi ilə təmin edəcəyini düşünürdü. Lakin bu alınmır. Qaçqınların əksəriyyəti dəyişmək, işləmək istəmir. Onlar Almaniyanın ayırdığı müavinəti almaq, rahat mənzillərdə, hostellərdə, mehmanxanalarda yaşamaq niyyətindədirlər.

Məhz bu böhrana və digər səbəblərə görə AFD partiyası – “Almaniya üçün alternativ” ölkədə populyarlıq qazanıb. Bu partiyanın nümayəndələri deyirlər ki, bir çox qaçqını Almaniyadan çıxarmaq, yaxud da onları vətənlərinə, digər ölkələrə göndərmək lazımdır.

Merkelin getməsi ilə Avropa İttifaqının dezinteqrasiyası baş verəcəkmi?

- Merkelin getməsi ilə Avropa İttifaqı dağılmayacaq. Avropa İttifaqı daha çox Berlinə sərf edir. Niyə? Sərhədlərin olmaması, hər yerdə eyni valyuta – avro. Şübhəsiz ki, Almaniya hazırda Aİ-nin lideridir, bu, həmişə belə olub. Buna görə də Londonun “Brexit”i heç nəyə təsir etmir, çünki Böyük Britaniya praktiki olaraq heç nə istehsal etmir.

Etiketində “Made in England” yazılan malların çoxu İngiltərədə deyil, başqa ölkələrdə hazırlanıb. Böyük istehsalçı kimi Almaniyaya avrozonada sərhədlərin olmaması lazımdır. Belə olan halda o, öz mallarını sərbəst sata və pul qazana biləcək.

Merkel və Makron kimi liberalların tədricən getməsi ilə onların yerinə daha sağ cərəyanlı siyasətçilər gələcəklər. Yeni siyasətçilər ən yaxşısını Avropa İttifaqına gəlmələrə deyil, öz xalqına vermək niyyətindədir.

Üstəlik, hesabdan silmək olmaz ki, Suriyadan xeyli sayda silahlı və İŞİD terrorçusu qaçqın adı ilə Avropaya gəlib. Almaniya polisinin məlumatına görə, ölkədə İŞİD-lə müxtəlif səviyyədə əlaqəsi olan 10 minədək adam var. Əgər əmr verilsə, Aİ-də silsilə terror aktları törədilə bilər. Məhz buna görə də Çexiya, Macarıstan, Polşa və digərləri qaçqınları öz ərazisinə, ümumiyyətlə, buraxmaq istəmir.

Bu baxımdan, yaxın gələcəkdə AFD-nin hakimiyyətə gələcəyini istisna etmək olmaz. Onun sıralarında hüquqşünas, vəkil, akademik, alim, biznesmenin olduğu çoxlu namizədləri var. Onlar alman xalqının favoriti olacaq liderin namizədliyini irəli sürə bilərlər.

- Aİ-dən çıxdıqdan sonra Böyük Britaniyanı nə gözləyir?

- İngiltərə heç vaxt Aİ-nin lideri olmayıb. “Brexit” ingilislərə sərf edir. Bu, onlara daha əvvəl olduğu kimi, müstəqil siyasət aparmağa imkan verəcək. İngilislər qaçqınları öz ərazisinə buraxmaq istəmirlər.

İngiltərə təkcə Aİ ilə deyil, digər ölkələrlə də öz iqtisadi siyasətini quracaq. Bunlar Latın Amerikası, Asiya ölkələri və digərləri olacaq. Həmçinin Londonun ABŞ, Kanada, Avstraliya və digər ingilisdilli dövlətlərlə klassik əlaqələri daha da möhkəmlənəcək.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri