15 
Avq
2019
18:45
211
80
6058
Virtual karabakh

Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çağıran Paşinyanı qınadılar

15 Avq, 2019
18:45
6058

Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çağıran Paşinyanı qınadılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İctimai xadim Artur Ağacanovun başçılıq etdiyi Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin bəyanatında deyilir ki, Nikol Paşinyanın Azərbaycanın Yerevan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı çağırışları yolverilməzdir və Ermənistan-Azərbaycan münaqişəsində yeni gərginlik yarada bilər. 

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun baş elmi əməkdaşı Rizvan Hüseynov deyib.

Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin müraciəti ötən cümə axşamı Tbilisidə “Ümumqafqaz Evi”nin təsisçiləri – Daxili İşlər Nazirliyinin istefada olan general-mayoru, Qarabağ müharibəsi veteranı Kamil Məmmədov və R.Hüseynovun keçirdiyi mətbuat konfransında səslənib. Tədbir Cənubi Qafqazdakı millətlərarası münaqişələrdə formalaşan vəziyyətə və onların nizamlanması üzrə sülhməramlı təşəbbüslərə həsr olunub.

“Biz, xaricdə yaşayan Qarabağ erməniləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə, Xankəndinə səfəri zamanı çıxışı ilə bağlı mövqemizi bildirmək istəyirik.

30 ildən sonra Xankəndində, yenidən həmin meydanda keçirilən mitinqdə “miatsum” çağırışı səslənib. Bu yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyə aparıb çıxarır”, - Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin müraciətində deyilir.

R.Hüseynov qeyd edib ki, erməni icmasının əksər üzvləri sülh istəyir və Dağlıq Qarabağın gələcəyini Azərbaycanın tərkibində görür.

Müraciətdə vurğulanır ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması “ATƏT-in Minsk qrupunun danışıqlar prosesi və sülh planı çərçivəsində” baş verməlidir.

“Danışıqlar Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasını, Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələli şəkildə azad edilməsini və məsələ tam həll olunana qədər Dağlıq Qarabağa müvəqqəti status verilməsini nəzərdə tutur.

Bu, Azərbaycanın tərkibində ən yüksək status olacaq. Azərbaycan və Ermənistan tərəfindən olan ictimaiyyət nümayəndələri sülhməramlı layihələri davam etdirməlidir, eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda müşahidəçi qismində iştirak etməlidirlər”, - Dağlıq Qarabağın erməni icmasının nümayəndələri deyiblər.

Onlar N.Paşinyanı Serj Sarqsyanın səhvlərini təkrarlamaqdan çəkinməyə və onu Dağlıq Qarabağın bütün erməni icması adından çıxış etməməyə çağırıblar:

“Biz Qarabağ azərbaycanlıları ilə birlikdə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik – övladlarımıza bu torpaqda sülh və gələcək verməliyik”.

“Paşinyan avqustun 5-də pan-erməni oyunlarının açılışında olarkən 1988-ci ildə ilk mitinqlər başlayanda Xankəndidəki meydanda səslənən çağırışları təkrarlayan çağırışlarla çıxış edib. O vaxt olduğu kimi, indi də “miatsum” şüarı səslənib”, - R.Hüseynov mətbuat konfransında deyib.

O qeyd edib ki, pan-erməni oyunları da bu şüar altında keçirilib:

“Biz xatırlayırıq ki, 1988-ci ildə “miatsum”a çağırışlar, yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları qanlı münaqişə, torpaqların işğalı, etnik təmizləmə, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi”.

R.Hüseynovun sözlərinə görə, N.Paşinyanın davranışı göstərir ki, indiki hakimiyyət Ermənistanın sovet dövründə və müstəqilliyini elan etdikdən sonra apardığı təcavüzkar, işğalçı, milliyyətçi siyasətini davam etdirir:

“Yəni aprel çevrilişindən keçən il yarım ərzində Paşinyan sülh danışıqlarını davam etdirmək arzusunu imitasiya edib, Azərbaycan rəhbərliyinin Qarabağ məsələsi üzrə konstruktiv mövqe bildirməsi üçün ona verdiyi vaxtı isə öz hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə edib və indi həyasızcasına bəyan edir ki, Bakını və dünyanı aldadıb, danışıqlar masasında olan bütün sənədlər isə özü tərəfindən faktiki ləğv edilib”.

Tbilisidəki tədbir regionda münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi üzrə “Ümumqafqaz Evi”nin səylərinə dəstək vermək üçün beynəlxalq və sülhməramlı təşkilatlara, ATƏT-in Minsk qrupuna, Cənubi Qafqaz ölkələrinin ziyalılarına və ictimaiyyətinə çağırış etməklə yekunlaşıb.

R.Hüseynov qeyd edib ki, Vaxtanq Kikabidze, Giya Kançeli, Robert Sturua kimi tanınmış mədəniyyət xadimləri telefonla tədbirə qoşulublar. Onlar “Ümumqafqaz Evi”inin fəaliyyətinə dəstək verdiklərini və tədbirdə səslənmiş təşəbbüs və bəyanatlarla həmrəy olduqlarını bildiriblər.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri