16 
Avq
2019
14:25
73
36
2000
Virtual karabakh

Ekspert: İran nüvə silahını təhlükəsizliyə zəmanət kimi əldə etmək istəyir - MÜSAHİBƏ

16 Avq, 2019
14:25
2000

Ekspert: İran nüvə silahını təhlükəsizliyə zəmanət kimi əldə etmək istəyir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış rusiyalı tarixçi, yazıçı və teleaparıcı Leonid Mleçinin Oxu.Az-a müsahibəsi

- ABŞ uzun onilliklər boyunca Yaxın Şərq, Afrika və Asiya regionundakı geosiyasi proseslərin inkişafında əsas rol oynayır. İkinci Dünya Müharibəsindən sonra Vaşinqton bir çox hərbi münaqişələrin, həmçinin, tammiqyaslı müharibələrin başlanmasına səbəbkar olub: Əfqanıstan, İraq, Vyetnam, Laos, Suriya, "ərəb baharı" və bir çox digərləri. Ötən əsrdə və indi Ağ Ev Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edib. Türkiyə və Vaşinqton arasında isə hər halda yaxın vaxtlara qədər strateji xarakterli münasibətlər formalaşıb. Buna görə də belə bir sual ortaya çıxır: hansı səbəbdən ABŞ indiyə qədər Ankara və Tehrana qarşı döyüş fəaliyyətinə başlamaqla açıq qarşıdurmaya keçməyib?

- Bu, tamamilə ayrı məsələlərdir. Türkiyə bütün ziddiyyət və mübahisələrə baxmayaraq, Birləşmiş Ştatların ən əhəmiyyətli müttəfiqi və NATO üzrə tərəfdaş olaraq qalır. Bu səbəbdən hazırda nəinki müharibə, ümumiyyətlə, birbaşa qarşıdurmadan söhbət gedə bilməz. Hətta Vaşinqton Türkiyənin S-400 sovet raket sistemini almasına görə sanksiyalara da həvəssiz gedir.

Tehranda ABŞ səfirliyinin əməkdaşları saxlanıldıqdan sonra düşmən kimi qəbul olunan İran isə tamam başqa məsələdir. Lakin silahlı münaqişənin uzunmüddətli və qanlı olacağını anlayaraq, Vaşinqtonda birbaşa hərbi toqquşmadan bacardıqca çəkinirlər. Bundan başqa, Tehranın əmri ilə müxtəlif ölkələrdə şiə döyüş qruplaşmaları fəaliyyətə keçəcək, bu isə beynəlxalq terrorun artmasına səbəb olacaq. Ona görə də Tramp, ən azından, hələlik özünü saxlayır.

- Buna baxmayaraq, Vaşinqton və Tehran arasındakı qarşıdurmanın sadəcə güc tətbiqi təhdidlərindən daha böyük bir şeyə çevriləcəyi gözlənilir. Bu gün Fars körfəzi, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət barıt çəlləyini xatırladır. Bircə kibrit yandırmaqla vəziyyət nəzarətdən çıxa bilər. İran ona qarşı tətbiq edilən və bütün dünyaya energetika sahəsində onunla əməkdaşlıq etməyi qadağan edən sanksiyalara bacardığı qədər müqavimət göstərir. Avqustun əvvəlində İran tərəfi növbəti neft tankerini saxlayıb. Buna cavab olaraq, ABŞ Fars körfəzində gəmiçiliyin mühafizəsi üzrə beynəlxalq koalisiya yaradır. Görəsən, tərəflər qan tökməyəcək qədər müdrik davranacaqlarmı?

- İran rəhbərləri öz ölkələrini nəhəng regional dövlət kimi qəbul edirlər. Onlar gizlicə arzu edirlər ki, amerikalılar da onları böyük dövlət kimi qəbul etsin və özlərinə bərabər bilsinlər. İranlılar Vaşinqtonun diqqətindən özünəməxsus həzz alırlar. Anlayırlar ki, ABŞ-ın bu marağı İranın dünya siyasətində əhəmiyyətinin göstəricisidir.

İranlılar hesab edirlər ki, onlar öz tarixi və mədəni əzəmətlərinə görə nüvə silahına malik olan başqa ölkələrdən geri qala bilməzlər. İranı kimin idarə edəcəyindən asılı olmayaraq, gec-tez ölkə bombanı əldə edəcək. Onda necə olacaq?

1979-cu ildən İran rejimi möhtəşəm "sağ qalmaq qabiliyyəti"ni göstərir. İran rəhbərləri öz rejim və hakimiyyətlərinin qorunmasının dərdini çəkirlər, özü də axirətdə yox, elə bu dünyada. Onlar yalnız sözdə mövhumatçıdırlar. Söhbət şəxsi əmin-amanlıqdan gedəndə, özlərini olduqca praqmatik aparırlar.

Onlar nüvə müharibəsi aparmağa hazırlaşmırlar, nüvə silahını istənilən düşməndən qorunmaq üçün təhlükəsizliyə zəmanət kimi əldə etmək istəyirlər. Nəhayət, İran rəhbərləri qəbiristanlıqda yox, islam dünyasında dominant mövqedə olmağı arzulayırlar.

Lakin İran rəhbərləri arasında ayətullah Xomeyninin vəsiyyətləri ilə yaşayan səmimi insanlar da var. Onlar bütün dünyaya böyük olduqlarını sübut etməyi və çoxsaylı düşmənləri cəzalandırmağı arzulayırlar. Nüvə bombasını əldə etməklə heç də sakitləşən deyillər.

Bu silaha öz gücünə inam yaradan müqavimət vasitəsi kimi baxmırlar. Onlar üçün bu, bütün arzuları icra edən və gücünü sınaqdan keçirməyə tələsdikləri sehrli çubuqdur. Kim zamin ola bilər ki, ömür boyu cihad və şəhadətə çağıran insanlar yaratdıqları silahı sınaqdan keçirməyə risk etməyəcəklər?

- ABŞ Prezidenti postunu tutan sələflərindən fərqli olaraq, Donald Tramp "düşmənlərə" qarşı radikal hərbi metodları real tətbiq etməkdənsə təhdidə üstünlük verir. Bu, nə ilə bağlıdır?

- Donald Tramp prezident seçilməyə çalışarkən, ölkənin təhlükəsizliyinin qayğısına qalacağına, bununla yanaşı, heç nəyə qarışmayacağına dair qəti söz verirdi: qoy hər kəs öz problemlərini özü həll etsin.

Məsələ burasındadır ki, Prezident Corc Buş (oğul) 2001-ci il 11 sentyabr terrorundan sonra Əfqanıstan və İraqa qoşun göndərdi və Birləşmiş Ştatlar uzun və ümidsiz müharibəyə daxil oldu. Amerikalılar yorğundur və başqalarının işlərinə qarışmağı istəmirlər. Tramp bu əhval-ruhiyyəyə uyğunlaşmağa çalışır.

Ümumiyyətlə, izolyasionizm - ABŞ xarici siyasətinin qədimi ənənəsidir. Birləşmiş Ştatlar öz tarixinin böyük hissəsi boyunca onlardan uzaqlarda baş verənlərlə çox da maraqlanmayıb, başqalarının bəlalarından şüurlu şəkildə uzaqlaşıb. Lakin XX əsrdə amerikalılar iki dəfə dünya müharibələrinə cəlb olunub.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri