29 
Avq
2019
17:22
48
78
2657
Virtual karabakh

Politoloq: Vaşinqton Pxenyan və Tehranla döyüşməkdən çəkinir - MÜSAHİBƏ

29 Avq, 2019
17:22
2657

Politoloq: Vaşinqton Pxenyan və Tehranla döyüşməkdən çəkinir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Politoloq, Qərbi Xəzər Universitetinin professoru Fikrət Sadıqovın Oxu.Az-a müsahibəsi

- Bu gün ABŞ və İran arasındakı qarşıdurma beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edən geosiyasi proseslərdən biridir. Ağ Evin İranın enerji ehtiyatlarını alan ölkələrə qarşı sanksiyalar tətbiq etməklə bağlı təhdidlərinə baxmayaraq, Tehran öz neftini satmaqda davam edir. Elə bu yaxınlarda Hörmüz boğazında vəziyyət hərbi qarşıdurma təhlükəsi yaratdı, bu gün isə söhbət Donald Tramp və Həsən Ruhani arasında dialoqun mümkünlüyündən gedir. Vəziyyətin bu cür dəyişməsini necə izah etmək olar?

- Ondan başlayaq ki, nə vaxtsa Çin lideri Mao Tzsedun Vaşinqtonu çox incə şəkildə kağız pələngi adlandırırdı. Yəni ABŞ aparıcı dövlətlərlə qarşıdurma zamanı tez-tez təhdidlərlə, sanksiyalarla və blokada ilə kifayətlənirdi. Adətən, işlər bundan irəli getmirdi. Fikrimcə, tarix bu gün də məyyən mənada təkrarlanır. Əlbəttə, hansısa yeni formatda da ola bilər.

Vaşinqton son illərdə Şimali Koreya, Rusiya, Venesuela və bir sıra digər dövlətlərə qarşı sanksiyalar tətbiq edir. Bu, göstərilən təzyiqlər nəticəsində müəyyən problemlərlə qarşılaşan həmin ölkələrin iqtisadi cəhətdən zəifləməsinə istiqamətlənib. Bundan əlavə, Ağ Ev həmin ölkələri çox ciddi hərbi-siyasi aksiyalarla hədələyib. Ancaq təcrübə göstərir ki, son nəticədə bütün bunlar görüşlər, danışıqlar aparılması ilə başa çatır. Necə ki, Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlar apardı. Budur, ABŞ Prezidenti bu gün Rusiyanın güclü dövlətlərin qrupuna qayıtmasını arzulayaraq, “Böyük yeddiliy”in “Böyük səkkizliy”ə çevrilməsini istəyir.

Ona görə də düşünürəm ki, Tehranda bunu yaxşı başa düşürlər, bütün bu nüansları və incəlikləri nəzərə alaraq gözləmə mövqeyində dayanırlar və əmindirlər ki, gec-tez yüksək səviyyədə görüş baş tutacaq.

- Bu gün Prezident Tramp tərəfindən həyata keçirilən xarici siyasət öz məqsədlərinə hərbi yolla çatan sələfləri Obama, Klinton, ata və oğul Buşların xarici siyasət kursundan çox ciddi şəkildə fərqlənir. Ağ Evin hazırkı sahibi, əsasən, daxili siyasətə üstünlük verir. O, vergiləri azaltdı ki, bu da ABŞ biznesinin inkişafına gətirib çıxardı və buna görə də ikinci dəfə prezident seçilmək imkanı kifayət qədər yüksəkdir. Bu halda hesab etmək olarmı ki, Tramp qalib gələrsə, Vaşinqtonun “sülh” siyasəti yaxın illərdə də davam edəcək?

- Tramp bu gün ikinci müddətə prezident seçilmək üçün hər şeyi edir. Bu, hazırda onun başlıca vəzifəsidir, onun daxili siyasi addımları və xarici siyasəti bu məqsədə xidmət edir. Ancaq vaxtilə Obama, böyük və kiçik Buşlar, eləcə də Klinton Yaxın Şərqdə və Şimali Afrikada qətiyyətli və aktiv hərəkət edirdilər. Ancaq o zaman söhbət asan məğlub edilən, tabe etdirilən, sonra isə hətta nəzarət edilən ölkələrdən gedirdi.

Şimali Koreya isə nüvə potensialına malik ölkədir. İrana gəldikdə, orada uranın zənginləşdirilməsi üçün hər şey hazırdır. Tarix göstərdi ki, ABŞ Pxenyana və Tehrana qarşı sanksiyalar, blokada elan etdi. Hazırda öz aviasiyadaşıyıcı gəmilərini Fars körfəzinə göndərmək Vaşinqton üçün heç bir çətinlik törətmir. Lakin nüvə silahı olan və qətiyyətli müqavimət göstərə, eləcə də ABŞ-ın yaxın regional müttəfiqlərinə zərbə endirə bilən ölkəyə qarşı hərbi aksiyaya başlamaq Ağ Evin strateji maraqlarına ciddi təhdiddir. Bütün bunları Vaşinqtonda təhlil edirlər və konkret hərbi addımlardan çəkinirlər. Güc tətbiq edəcəkləri ölkədən hansı cavabı alacaqlarını yaxşı anlayırlar.

- ABŞ nüvə silahı olmayanda İrana qarşı heç vaxt açıq döyüşə girməyib.

- İrana qarşı müharibə aparmaq çətindir. İran bu gün nüvə silahına malik olmasa da, hər halda İraq və Liviya deyil. Tehran öz ərazi bütövlüyünü və maraqlarını müdafiə edə bilir, bunu Vaşinqtonda gözəl başa düşürlər. Bəli, İranda hələ nüvə silahı yoxdur, ancaq onların müəyyən raket texnikası sistemləri var ki, bunlardan İsrailə qarşı və Suriya ərazisində istifadə olunur. Söhbət zərbələrə cavab verməkdən gedir.

İran vəziyyətin ciddiliyini vaxtında anlamayan və müqavimət göstərməyən İraq deyil. Burada təcavüzlə və ölkəyə qarşı hərbi güc tətbiqi ilə heç kəs razılaşmayacaq. İranda güclü hərbi dəstələr, kifayət qədər güc potensialına malik raketlər, fanatik əhvallı hərbi-siyasi güclər, qruplaşmalar var. ABŞ-ın bunları bilmədiyini düşünmürəm. Ona görə də İranda rejimi devirmək asan vəzifə deyil. İranı asanlıqla ələ keçirmək və hansısa güclü zərbə endirmək, hakim rejimi devirmək Vaşinqtona müyəssər olmayacaq.

İranın hakim rejimi buradakı müxalif qüvvələrə baxmayaraq, kifayət qədər güclüdür. Ancaq İranın dövlətçiliyi, ərazi bütövlüyü üçün təhlükə yaranarsa və milli maraqlarına zərbə vurularsa, İranın bütün siyasi qüvvələri ümumi düşmənə qarşı birləşəcəklər. Tehran öz təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə cavab zərbələri endirməyə hazır olduğunu gizlətmir. İran Qərbə, ABŞ-a yeraltı sərvətlərin daşındığı Hörmüz boğazını bağlaya bilər. Və bütün bu amillər Vaşinqtona İran problemini həll etmək üçün güc tətbiqi barədə qərarı asanlıqla qəbul etməyə əsas vermir.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri