17 
Okt
2019
12:54
150
17
3898
Virtual karabakh

Metyu Brayza: Ermənistan rəhbərliyinə 1999-cu ildəki “parlamentdəki güllələnmə” ilə təzyiq göstərilir - ÖZƏL

17 Okt, 2019
12:54
3898

Metyu Brayza: Ermənistan rəhbərliyinə 1999-cu ildəki “parlamentdəki güllələnmə” ilə təzyiq göstərilir - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir:

- Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesindəki vəziyyəti necə qiymətləndirirsiniz? Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsinin təsiri barədə nə deyə bilərsiniz?

- Dəfələrlə demişəm, cənab Paşinyanın bu sözləri həm Ermənistan, həm Azərbaycan liderlərinin və həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin son 20 ildə verdiyi bəyanatlara ziddir.

Demək istəyirəm ki, dünyanın heç bir ölkəsində, o cümlədən, Yerevan Qarabağı nə Ermənistanın bir hissəsi, nə də müstəqil olaraq tanıyır. Hesab edirəm ki, Paşinyan belə bir açıqlama verməkdə kobud səhv edib.

Həqiqətən, bu vəziyyətdə Yerevanın Dağlıq Qarabağla bağlı iki rəsmi mövqeyi olduğu ortaya çıxır. Düşünürəm ki, Paşinyan qondarma “Qarabağ klanı”nın ciddi təzyiqi altındadır. Bu təzyiq onu bu şəkildə danışmağa məcbur edib.

- Bu gün Ermənistanın daxili siyasi həyatı Paşinyan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbərliyi” arasındakı qarşıdurma ilə xarakterizə olunur. Baş nazir Ermənistanda hakimiyyəti tam ələ almağa çalışır. Ancaq bu işdə ona sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın əlaltıları mane olur. Ermənistanda daxili siyasi mübarizə necə inkişaf edəcək?

- Bundan əvvəl də dediyim kimi, qondarma “Qarabağ klanı” Paşinyana mane olmağa çalışır. Düşünürəm ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə ortaq dil tapmaq arzusundadır. Ancaq “Qarabağ klanı” erməni baş nazirin bu səylərinin qarşısını alır.

Ötən il baş verən yaz inqilabından sonra Paşinyan ölkədə öz hakimiyyətini möhkəmləndirməyə çalışır. Ancaq bu, çətin tapşırıqdır, çünki keçmiş siyasi elita ona qarşı dayanır. “Qarabağ klanı” öz təsirini və mövqeyini itirmək istəmir, kifayət qədər güclü siyasi partiya və ya quruluşa sahib olmayan Paşinyanın isə rəqibləri ilə qarşılaşması çox çətindir. 

Buna görə düşünürəm ki, Ermənistanda daxili siyasi mübarizə gərgin olaraq qalacaq. Bu gün ölkədə stabilliyə nail olmaq barədə danışmaq çox çətindir. Baş nazir üçün buna nail olmaq asan olmayacaq. 

- Paşinyan hakimiyyətini itirəndə vəziyyət kritik həddə çata bilərmi? Baş nazir taktika və strategiyasını dəyişdirsə, nə gözləmək olar?

- Demək çətindir. İş burasındadır ki, Paşinyan 20 il əvvəl Azərbaycan və Ermənistan kompromisə yaxın olan zaman Ermənistan parlamentində nəyin baş verdiyini yaxşı başa düşür. Mən 100 faiz əmin deyiləm ki, bu gün hətta bəzi dairələr ölkə rəhbərliyini 1999-cu ildə baş vermiş hadisəyə bənzər qisas təhdidləri ilə qorxutmağa çalışmırlar. 

- Siz dediniz ki, “Qarabağ klanı” Paşinyana təzyiq göstərməyə çalışır. Bəs onda niyə prezidentlər kimi, Koçaryan və Sarqsyan danışıqlar prosesində iştirak edib İlham Əliyevlə dialoqa başladılar? O zaman Azərbaycan və Ermənistan liderləri arasında görüşlər müntəzəm olaraq keçirildi.

- Düşünürəm ki, Serj Sarqsyan 2009-cu ildə Prezident Əliyevlə ümumi dil tapmağı, həqiqətən, arzulayırdı. Məncə, o zaman tərəflər Dağlıq Qarabağla bağlı çərçivə sazişi əldə etməyə çox yaxın idilər. Və mənə elə gəlir ki, Sarqsyan da o zaman “Qarabağ klanı”nın təzyiqi ilə üzləşib.

Bilirsiniz, Paşinyan da irəli getmək istəyir. Bunu bu ilin mart ayında Vyanada İlham Əliyevlə apardığı danışıqların nəticələrinə görə qiymətləndirmək olar. Həmin görüş səmərəli oldu. Məlumdur ki, tərəflər Vyanada birbaşa dialoqun davam etdirilməsinə razılıq verdi, atəşkəsin möhkəmləndirilməsinin vacibliyini təsdiq etdilər.

Əliyev və Paşinyan sülh üçün əlverişli mühit yaratmağın və xalqları qarşılıqlı etimad mühitinə hazırlamağın vacibliyini qeyd etdilər. Düşünürəm ki, sonradan məsələyə “Qarabağ klanı” qarışdı və buna görə də danışıqlar prosesi artıq ölü nöqtədən tərpənə bilmir.

- Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda Paşinyana cavab verdi ki, Qarabağ Azərbaycan torpağıdır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Ermənistan rəhbərliyini tənqid etdi. Bildiyiniz kimi, bu gün Yerevan və Moskva arasındakı münasibətlərdə bir qədər soyuqluq müşahidə olunur.

- Sergey Lavrovun Soçidəki çıxışı beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə ənənəvi yanaşmasını əks etdirir. Dediyim kimi, dünyada heç bir dövlət Paşinyanın “Qarabağın Ermənistandır” ifadəsini dəstəkləmir. Bu sözlər Yerevanın rəsmi mövqeyinə çevriləcəksə, mənim fikrimcə, danışıqlar prosesini bərpa etmək mümkün olmayacaq. Buna görə Lavrovun çıxışı çox sərt idi.

- Bu gün ekspert cəmiyyətində Vaşinqtonun Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqə qurmaq istəməməsi və Trampın Paşinyanla görüşməkdən imtina etməsi barədə bir fikir var. Yerevanda isə öz növbəsində ABŞ-ın Ermənistana maliyyə dəstəyini azaltması barədə həyəcan təbili çalırlar.

- Təəssüf ki, Tramp bölgədəki vəziyyətə lazımi diqqət yetirmir. Keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton isə əks mövqe tuturdu. Onun Dağlıq Qarabağ münaqişəsinə olan marağı Vaşinqtonun İran məqsədinə çatması üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqdan istifadə etmə arzusu ilə əlaqəli idi.

Bu gün Tramp digər problemlərin həlli ilə məşğuldur. Birincisi, onun impiçment məsələsi “Ukrayna” qalmaqalı ilə bağlıdır. İkincisi, onun diqqəti Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə əlaqəli siyasi böhrana yönəlib. 

Mən Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətində dəyişikliklər hiss etmirəm. Bəzi ekspertlər, diplomatlar hansısa addımlar atır, ancaq rəsmi siyasət dəyişməzdir, bu məsələyə yanaşmalar əvvəlki kimidir. 

Bu, Ermənistana da aiddir. Yerevana da edilən maliyyə məsələsinə gəlincə isə, onunla prezident deyil, ABŞ Konqresi məşğul olur. Konqresdə də Yerevana münasibət dəyişməyib. Mən ABŞ qanunverici orqanının Bakıya maliyyə yardımı məsələsində mənfi mövqeyini ədalətsiz hesab edirəm.

Bir daha vurğulamaq istəyirəm ki, Ağ Evin Cənubi Qafqazdakı siyasətində dəyişiklik görmürəm.

- Azərbaycan-ABŞ münasibətlərini necə xarakterizə edirsiniz?

- Bakı ABŞ-ın Cənubi Qafqazdakı çox vacib dostu və tərəfdaşıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək olduq. Ölkəniz Vaşinqton üçün Əfqanıstana yük daşınmasında əla tərəfdaşdır. Əhalisinin çoxu müsəlman olan Azərbaycanın dünyəvi dövlət olması çox vacib amildir. Bu amillər Vaşinqton üçün həmişə vacib olacaq.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri