19 
Okt
2019
12:50
515
265
13522
Virtual karabakh

Mətbuat Şurası mitinqə görə jurnalistlərə və polislərə müraciət etdi

19 Okt, 2019
12:50
13522

Mətbuat Şurası mitinqə görə jurnalistlərə və polislərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mətbuat Şurası bu gün Milli Şuranın təyin etdiyi icazəsiz mitinqlə bağlı jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının müraciətində bildirilib.

Şuranın sədri Əflatun Amaşov qeyd edib ki, Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini xatırladıb.

Ə.Amaşov söyləyib ki, Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır.

Müraciətdə bildirilir ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcək. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcək.

Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050 206 96 02; 055 288 95 53.  

Azərbaycan Mətbuat Şurası, eyni zamanda, mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.

Müraciətdə qeyd olunur ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər:

“Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq. Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi.

Bundan sonra isə Milli Şura rəhbərliyi və onun tərəfdarları Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar ediblər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri