17 
Yan
2020
17:53
31
101
3960
Virtual karabakh

Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək - MÜSAHİBƏ

17 Yan, 2020
17:53
3960

Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüksəliş” müsabiqəsi 2019-cu ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, yüksək intellekt və idarəetmə keyfiyyətlərinə sahib olan perspektivli liderləri müəyyənləşdirmək və dəstəkləmək, ölkədə kadr ehtiyatı bankı yaratmaq məqsədilə təsis edilib.

“Layihə meneceri 2019” Ümumrusiya müsabiqəsinin finalçısı, ICB4-ün sertifikatlı layihə meneceri, Azərbaycan Layihə İdarəetmə Assosiasiyasında ICB4 beynəlxalq standartı üzrə təlimatçı, Rusiyanın peşəkar liderləri klubu və nəhayət, Cargo.Az MMC-nin baş direktoru Rəşad İbrahimov Report.az-a bu cür yarışların keçirilməsində məqsəd, onda iştirak edib-etməmək, iştirakçıların həyatlarını necə dəyişdirdikləri barədə məlumat verib.

- Ötən il siz “Ümumdünya Rusiyası” yarışmasında açılan “Layihə Meneceri” müsabiqəsində iştirak edərək finala yüksəldiniz. Bu yarışma haqqında məlumat verərdiniz.

- Rusiyada dövlət səviyyəsində bir neçə oxşar müsabiqələr keçirilir - bunlar “Rusiyanın Liderləri”, “Layihə Olimpiyası”, “Layihə Meneceri” və başqalarıdır. 2019-cu ildə Rusiyada Ümumrusiya “Layihə Meneceri” müsabiqəsinin başladığını bildim və digər ölkə vətəndaşlarının da iştirakı mümkün olduğu üçün dərhal iştirak etmək qərarına gəldim.

Bu müsabiqə ən yaxşı layihə rəhbərlərini müəyyənləşdirmək, dəstəkləmək, həvəsləndirmək, yüksək peşəkar layihə menecerlərinin ümumrusiya reyestrinin formalaşdırılması; müxtəlif mürəkkəblik səviyyələrində layihə ofislərində, layihə idarəetmə sistemlərində və s. effektiv layihə idarəetmə təcrübəsinin yayılması məqsədi daşıyır.

Peşəkar hesabatların hazırlanması, yazışma tapşırıqları və testlərin tamamlanması kimi bütün mərhələləri keçərək finala yüksəldim. Finalda əyani tura müraciət edən 300-dən çox müraciətçidən 20 namizəd çıxdı.

Qeyd etmək istərdim ki, rəqiblərim çox güclü idi - rəqabət aparan ən təcrübəli iştirakçılar arasında “Rosatom”, “Qazprom Bank” kimi böyük şirkətlərin nümayəndələri var idi. Mən bütün MDB ölkələri arasında Rusiya vətəndaşı olmayan yeganə finalçı oldum və bununla çox qürur duyuram.

Üç gün ərzində finalçılar üç kateqoriyada bir-birləri ilə üstün olmaq uğrunda mübarizə apardılar: “Layihə Meneceri”, “Layihə Ofisi Meneceri”, “Layihə İdarəetməsində Ekspert”. Mən ən çətin – “Layihə Ofisi Meneceri” nominasiyasında iştirak etdim.

Müsabiqənin finalı üçün – “Ryazan vilayətinin demoqrafiyası” real tapşırığı seçildi. Müsabiqənin təşkilatçıları ölkənin bəzi yaxşı mütəxəssislərinin istedad və enerjisini virtual təlim tapşırıqlarını həll etməyə deyil, ən kəskin real problemlərdən birinə yönəltməyi zəruri hesab etdiklərini izah etdilər. Hazırda Rusiya hökuməti yarışda qazanılmış layihə üzərində işləyir.

- Bu yarışmada iştirak etdikdən sonra həyatınız necə dəyişdi?

- Əvvəlcə, çox fəxr edirəm ki, vətənimi qürurlandırmağı bacardım, finala çıxan və Rusiya Federasiyasında dövlət səviyyəsində layihə idarəetmə mütəxəssislərinin reyestrinə daxil olmuş yeganə Azərbaycan vətəndaşı oldum.

Müsabiqənin sonunda təşkilatçılar hər bir finalçıya iştirakçıların səlahiyyət və bacarıqlarının qiymətləndirilməsi ilə birlikdə ətraflı xülasə, habelə tövsiyələrini verdilər, bu, şübhəsiz ki, mənə zəif cəhətlərimi aşkar etməyə və üzərində işləməyə kömək etdi.

Müsabiqə bitdikdən sonra məni mütəxəssis kimi Rusiyada keçirilən müxtəlif konfranslara, təlimlərə dəvət etməyə başladılar. Hətta ABŞ-da keçiriləcək “2019 PMO Global Awards” yarışmasında hakimlər heyətinə qatılmaq üçün də dəvət aldım.

Beləliklə, mən özüm üçün layihə menecmentində təlim - yeni fəaliyyət sahəsi tapdım. 2019-cu il ərzində təcrübə və biliklərimi 300-dən çox tələbə ilə bölüşdüm, həm Azərbaycanda, həm də Rusiyada müxtəlif şirkətlərin işçiləri üçün 20-dən çox təlim keçirdim və ən əsası, öz sahələrində mütəxəssis olan çox məqsədyönlü həmkarlar və dostlarla tanış oldum.

Müsabiqənin digər finalçıları ilə hələ də ünsiyyət saxlayıram. Onların 90 faizini yüksələrək daha yaxşı şirkətlərə keçdi, bəziləri də dövlət sektorunda işləməyə başladı.

- 2019-cu ilin dekabr ayından etibarən Azərbaycanda “Yüksəliş” layihəsi fəaliyyətə başlayıb. Bu təşəbbüsü necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan yeni islahatların astanasındadır. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar və kadr siyasəti ilk növbədə ölkənin dinamik inkişafı və xalqın rifahının təmin edilməsi məqsədləri daşıyır.

Genişmiqyaslı milli və regional layihələri həyata keçirmək üçün hədəfləri düzgün təyin edə bilən, resursları planlaşdıra bilən, insanları əlaqələndirən və nəticələrini vaxtında və düzgün hesablanmış investisiyalara çatdıra bilən yüksək səviyyəli gənc mütəxəssislərə ehtiyac duyulur.

Bu cəhətdən vaxtında təsis edilmiş “Yüksəliş” qərarına sevinməmək qeyri-mümkündür. Çünki müsabiqənin nəticələrinə əsasən mütərəqqi düşüncəyə, yeni fikirlərə və müasir baxışa malik yüksək ixtisaslı gənc mütəxəssislər bankı yaradılacaq ki, bu da ölkə rəhbərliyinin yeni islahatlar, irimiqyaslı layihələr və tapşırıqlarını həyata keçirəcək.

- Sizcə, bu cür yarışlar insanların ümidlərini doğruldurmu?

- Birmənalı olaraq “hə” deyə bilərik. Bildiyimə görə, bu il Rusiyanın “Rusiya Liderləri” yarışında 10-dan çox ölkədən iştirakçı qeydə alınıb. Təkcə Azərbaycandan təxminən 40 nəfər qeydiyyatdan keçib. Bu, insanların belə təşəbbüslərə inandıqlarını və iştirak etmək istədiklərini göstərir.

- “Yüksəliş” yarışmasında özünüz iştirak edəcəksinizmi və iştirakçılara nə məsləhət verə bilərsiniz?

- Bu gün Azərbaycanda çox az adamın tanıdığı istedadlı, fəal gənc liderlər var. Bu yarışmanın köməyilə bütün ölkə onlar haqqında məlumat alacaq, karyeraları yüksələcək və dövlət eyni anda bir neçə istiqamət üzrə peşəkar yerli menecer və mütəxəssis ehtiyatı əldə edəcək.

Bu cür müsabiqələr iştirakçılar üçün yeni istiqamətlər, yeni imkanlar açır və buna görə fürsətdən istifadə edərək müsahibəmi oxuyan hər kəsə müraciət etmək istərdim - qeydiyyatdan keçin və mütləq gücünüzü sınayın, sizi dinləyəcəklər, tanınacaqsınız və həyatınız birmənalı olaraq müsbət istiqamətdə dəyişəcək.

Hətta siz hansısa şirkətin rəhbəri olsanız, dövlət qulluğunda çalışıb və ya rəhbər mövqe tutaraq işinizdən məmnun qalsanız belə, iştirak edin, çünki ölkəmizin sizə ehtiyacı var. Həm də bu cür yarışlarda iştirak etmək yeni bilik əldə etmək və digər iştirakçılarla təcrübə mübadiləsi aparmaq baxımından faydalıdır. Mən özüm də artıq “Yüksəliş” yarışmasına qeydiyyatdan keçmişəm və səbirsizliklə onun başlanmasını gözləyirəm.

Emiliya Abbasova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri