27 
Yan
2020
17:30
69
31
2470
Virtual karabakh

Almaniya: Nasizm təcrübəsinə malik ölkədə radikal sağçılığın yenidən dirçəlməsi narahatlığı - TƏHLİL

27 Yan, 2020
17:30
2470

Almaniya: Nasizm təcrübəsinə malik ölkədə radikal sağçılığın yenidən dirçəlməsi narahatlığı - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Orduda, əsasən də xüsusi təyinatlılar arasında radikal sağçı fikirlər necə yayılır? 

Almaniyanın Xarici İşlər naziri Heiko Maas bəyan edib ki, sürətlə yüksələn antisemitizmə qarşı tədbirlər görülməzsə, yəhudilər kütləvi şəkildə ölkəni tərk edəcək. 

Nazir Osvensim ölüm düşərgəsinin azad edilməsinin 75 illiyi ilə bağlı “Der Şpigel” jurnalına yazdığı yazıda yəhudilərə qarşı təhqir və hücumların “hər gün rast gəlinən hadisə” olduğunu qeyd edib. Amma indi bu vəziyyət təkcə yəhudiləri təhdid etmir. 

Son illərdə Avropada, o cümlədən, Almaniyada radikallıq sürətlə yüksəlir. Məsələn, ötən ilin aprelində Yaşıllar Partiyasından deputat, Almaniya kəşfiyyatı ilə bağlı dinləmələri həyata keçirən komissiyanın üzvü Konstantin von Notz “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib ki, radikal sağçı təşkilatlanmalar 1945-ci ildən sonra bu qədər böyük təhlükəyə çevrilməyib.

O, nasist düşüncənin hökumət qurumları, əyalət məclisləri, federal parlament, polis və orduya qədər yayıldığını bildirmişdi. Bu yüksəlişin ən bariz nümunəsi isə seçkilərdə özünü göstərdi. 

2017-ci ildə keçirilən parlament seçkilərində radikal sağçı, İslam və qaçqınlara qarşı sərt fikirləri ilə məşhurlaşan Almaniya üçün Alternativ (AfD) 13,3 faiz səs alaraq parlamentdə 87 mandata sahib oldu. Bu yüksəlişin miqyasını daha aydın izah etmək üçün qeyd etmək lazımdır ki, daha əvvəl 2013-cü ildə keçirilən seçkilərdə AfD cəmi 4,7 faiz səs almışdı.

Ötən il keçirilən seçkilərdə isə AfD səslərini bir qədər də yüksəltdi. Məsələn, ölkənin ən iri əyalətlərindən olan Saksoniyada radikal sağçılar 27,5 faiz səs aldılar. Düzdür, sağçıların bu şəkildə yüksəlməsi digər Avropa ölkələrində, məsələn, Niderland, Avstriya və Fransada da müşahidə olunur. 

Fransada son illərdə radikal sağçı Mari Le Pen ildən ilə səslərini yüksəldir. Sonuncu prezident seçkilərində Emmanuel Makron yalnız ikinci turda cüzi səslə ona qalib gələ bildi. Ancaq Fransadan fərqli olaraq, Almaniyanın radikal sağçılıqla bağlı keçmişi çoxlarını, hətta alman siyasətçiləri də narahat edir.

Əslində, narahatlıq üçün ciddi səbəblər var. Çünki məsələ təkcə AfD-nin ildən-ilə yüksələn səsi ilə bağlı deyil. Radikal sağçılıq Almaniya hökumət orqanları və ən əsası orduda da yüksəlir. Son illərdə Almaniya ordusunda radikal görüşlərlə bağlı mütəmadi araşdırmalar aparan Almaniya Hərbi Kəşfiyyat Xidməti (MAD) bəyan edib ki, hazırda Almaniya ordusunda radikal sağçıların sayı 550 nəfərdir. 

Böyük Almaniya ordusu üçün bu rəqəm kiçik görünə bilər, amma məsələ ondadır ki, ötən il ordudakı radikal sağçıların sayı 360 nəfər olub, bu il isə radikalların sayı 50 faizdən çox artıb. Kəşfiyyatın hazırladığı məruzədə qeyd olunur ki, radikal sağçıların daha çox olduğu ordu bölməsi xüsusi təyinatlı qüvvələr (KSK) olub.

Bu birləşmədə raidkal sağla bağlı hadisələrin sayı digər hərbi birləşmələrlə müqayisədə beş dəfə çoxdur. Kəşfiyyat xidmətinin rəhbəri bildirib ki, ötən il Almaniya ordusunda 14 nəfər radikal fikirli şəxs müəyyən edilib ki, onun da səkkizi radikal sağçı olub. 40 hərbçinin isə “Konstitusiyaya sədaqətində şübhələr” müəyyən olunub. Bu vəziyyət rəsmi Berlini artıq narahat edir. 

2017-ci ildə ordu içərisində radikal sağçılarla əlaqəli hadisələrin baş verməsindən sonra Müdafiə Nazirliyi geniş araşdırma aparılması üçün MAD-a müraciət edib. Həmin vaxt baş leytenant Franko A. saxlanılıb və bundan sonra araşdırma nəticəsində ordu və polisdə gizli radikal sağçı təşkilat üzə çıxarılıb.

Ələ keçən bu qrupun “X günü” adı verilən tarixə hazırlaşdıqları, prezident də daxil olmaqla bəzi siyasətçilərə sui-qəsd, ardınca isə hakimiyyəti ələ keçirməyi planlaşdırdıqları məlum olub. 

Bundan sonra hərbi kəşfiyyat 2017-19-cu illərdə orduya cəlb olunan 43 775 nəfəri araşdırıb, bu zaman daha çox şübhə yaradan 1173 nəfər isə detallı araşdırmaya cəlb olunub. Ancaq bir çox siyasətçilər təhlükənin şişirdildiyini düşünür. Çünki Almaniya Daxili İşlər Nazirliyinin araşdırmasına əsasən, ölkədə radikal sağ görüşlü insanların sayı cəmi 24 min nəfərdir. 

Bunların isə 12700 nəfəri zorakılığa meyillidir. Bu isə 80 milyonluq ölkə üçün ciddi təhlükə yaradacaq rəqəm deyil. Lakin istənilən halda Avropanın ən böyük ölkəsi, dünyanın 4-cü ən böyük iqtisadiyyatına sahib, üstəlik, nasizm kimi acı təcrübəyə malik ölkədə radikal sağın yenidən dirçəlməsi narahatlıq doğurur. Bu prosesin ildən-ilə daha da güclənməsi təkcə Avropa üçün deyil, dünya üçün də siqnaldır. 

Rəşad Quliyev 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri