28 
Yan
2020
17:40
25
100
2847
Virtual karabakh

Misir inqilabının doqquz ili: “Ərəb baharı” niyə məğlub oldu? – TƏHLİL

Doqquz il əvvəl bu günkü günlərdə Qahirədə Hüsnü Mübarək iqtidarına qarşı etirazlar yeni başlamışdı. Bir zamanlar “hər dörd nəfərdən birinin xüsusi xidmətlərə işlədiyi” iddia olunan ölkədə birdən-birə hər şey dəyişmişdi. 

Tunisdəki inqilabdan ruhlanan misirlilər yanvarın 25-də ilk dəfə kiçik qruplar şəklində, sonrakı günlərdə isə Qahirənin “Təhrir” (Azadlıq) meydanında milyonluq aksiyalara toplaşmağa başladılar. Hüsnü Mübarək hökuməti cəmisi üç həftə tab gətirə bildi.

Polisin və “Baltacılar” adlı hökumət tərəfdarı qrupun aksiyaçılara hücumları nəticə vermədi. Nəhayət, fevralın 11-də Hüsnü Mübarək istefa verdiyini elan etdi. Mübarəkin istefa məktubunu canlı yayında onun “sağ əli”, Yaxın Şərqin ən sirli adamlarından biri, Misir kəşfiyyatının rəhbəri Ömər Süleyman oxudu.

Dünya bu anları həyəcanla izləyirdi. Misirdə sonrakı proseslər sürətlə cərəyan etdi. İnqilab prosesində təşkilatlanan dini və siyasi qruplar ölkədə inqilab sonrası proseslərin aparıcı qüvvəsinə çevrildi. 

19 mart 2011-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumu 77 faiz səslə qəbul edildi. 2011-ci il noyabrın 28-də keçirilən ilk demokratik seçkilərdə “Müsəlman Qardaşlar” Hərəkatı (həmin ilin aprelin 30-da “Müsəlman Qardaşlar” Hərəkatı özünün siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasını yaratmışdı – müəllif.) 37,5 faiz səs alaraq Misir parlamentində yerlərin 45,8 faizini götürdü. 

İkinci sırada isə 27,7 faiz səs alaraq parlamentin 25,5 faiz yerlərini götürən sələfi “Nur” Partiyası oldu. 2012-ci il mayın 23-24-də keçirilən prezident seçkilərində Azadlıq və Ədalət Partiyasının namizədi Məhəmməd Mursi və Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, keçmiş baş nazir Əhməd Şəfiq ikinci tura qaldı. 

İyunun 16-17-də keçirilən seçkinin ikinci turunda isə Mursi 51,7 faiz səs alaraq Misirin demokratik seçkilərlə seçilmiş ilk prezidenti oldu. Ancaq Misirdə “Müsəlman Qardaşlar”ın iqtidarı cəmisi bir il davam edə bildi. 2013-cü il iyunun 30-da isə bir neçə ay əvvəl təşkilatlanan gənclər hərəkatları və eləcə də digər dünyəvi və liberal siyasi qruplar, eləcə də sonradan bilindiyi kimi sələfilərin “Nur” Partiyası tərəfdarları “Milli Qurtuluş Cəbhəsi” adı altında birləşərək Mursi hökumətinə qarşı aksiyalara başladı. 

“Təmərrud” (üsyan) hərəkatı adı verilmiş planlı etirazlar uzun davam etmədi, iki gündən sonra orada proseslərə müdaxilə etdi. Misir ordusu baş qərargah rəisi Əbdülfəttah Sisi tərəflərə müraciət edərək uzlaşma üçün 48 saat vaxt verdi.

Ancaq gözlənildiyi kimi, hər hansı barışıq olmadı və iyulun 3-də ordu hərəkətə keçərək hökuməti devirdi. Daha sonra isə hökumət rəsmiləri, o cümlədən prezident Məhəmməd Mursi həbs olundu. Bununla da Misir inqilabının ikinci mərhələsi başa çatdı. 

2013-cü il çevrilişindən sonra isə hərbçilər yenidən hakimiyyətə qayıtdı. 2014-cü il mayın 26-27-də keçirilmiş seçkilərdə Misir müdafiə naziri və 2012-ci ilin avqustundan 2014-cü ilin 27 martınadək Ali Hərbi Şuranın rəhbəri olmuş marşal Əbdülfəttah əs-Sisi Misirin yeni prezidenti seçildi.

2018-ci il martın 26, 27 və 28-də keçirilən prezident seçkilərində marşal Sisi ikinci dəfə prezident seçildi. 2019-cu il fevralın 14-də keçirilən toplantısında isə Misir parlamentində 596 deputatından 485-i konstitusiyaya təklif olunan və prezidentlik müddətini 6 ilə çıxaran dəyişikliklərə səs verib.

Bu o deməkdir ki, Sisi 2022-ci ildə müddəti başa çatdıqdan sonra daha iki müddətə, yəni 2034-cü ilə qədər postunda qala biləcək. Beləliklə, 2 illik fasilədən sonra Misir yenidən ordunun hakimiyyəti altına düşdü. 

Məsələ ondadır ki, Misirdə hərbçilərin hakimiyyət tarixi çox qədimdir. Ən son olaraq 1952-ci ildə polkovnik Camal Əbdül Nasir hərbi çevriliş edib Misirdə respublika qurduqdan sonra ölkəyə hərbçilər rəhbərlik edib. Nasir daha sonra Ənvər Sədat və nəhayət, Hüsnü Mübarək ordudan gəlmişdi. Misiri isə 1000 ilə yaxındır hərbçilər idarə edir. Əvvəl Məmlüklər, daha sonra Osmanlı general-qubernatorları və son 70 ildə isə millətçi “azad zabitlər” ölkəni idarə edib. 

Milyonluq Misir ordusu strukturu ilə dövlət içərisində dövlətdir. Diqqət edilsə, Misirdə Mübarəkin devrilməsi ilə başlayan inqilab prosesində əsas aktyorlardan biri də ordu idi. 2011-ci ilin yanvar-fevral ayında Misir küçələrində etiraz edən xalqla qarşı-qarşıya ordu vardı. Ancaq Qahirə küçələrinə yeridilən ordu xalqa güc tətbiq etmədi.

Həm də təkcə ona görə yox ki, Qahirə meydanlarında milyondan çox insan aksiyalara qoşulurdu, ordu komandanlığı Mübarəkin vaxtının çatdığını görürdü və üstəlik, etiraz edən xalqı sakitləşdirmək üçün Mübarəkin istefası əlverişli variant idi.

Digər tərəfdən, Mübarəkin daha əvvəlki ənənəni pozaraq öz yerinə ordudan birini deyil, oğlu Camalı gətirmək istəməsi generalların heç də xoşuna gəlməmişdi. Bu səbəbdən də Qahirədə xalq küçələrə çıxanda ordu müdaxilə etmədi, əksinə fevralın 10-da Ali Hərbi Şurasının toplantısı keçirildi. Bu toplantının sabahı günü, yəni fevralın 11-də Mübarək istefa verərək səlahiyyətlərini Ali Hərbi Şuraya (AHŞ) təhvil verdi. 

Misirdə ondan sonrakı proseslərdə də ordu vardı. Hakimiyyətə islamçıların gəlməsi fonunda ordu dünyəviliyin müdafiəçisi kimi çıxış etdi. Məhəmməd Mursinin əsas rəqibi Əhməd Şəfiqin ordudan gəlməsi və cəmisi 3 faiz geri qalması onu göstərdi ki, heç inqilab dövründə də ordu kənarda deyil, əslində hadisələrin ortasında idi. İndi isə Misir ordusu Əbdülfəttah əs-Sisinin şəxsində Misiri idarə edir. 

Referendum Sisinin hakimiyyətini möhkəmləndirsə də, ölkədə ciddi radikal dindar müxalifət və sosial-iqtisadi problemlər var. 2014-cü ildən etibarən Sinay yarımadasında İŞİD-in yerli qanadı “Beyt əl-Makdis” qruplaşması fəaliyyətə başlayıb. Qruplaşma Misir ordusu və hüquq-mühafizə orqanlarına davamlı hücumlar həyata keçirir.

2013-cü il çevrilişindən sonra Misir hakimiyyəti “Müsəlman Qardaşlar” tərəfdarlarına divan tutub. Mursi tərəfdarlarına qarşı zor tətbiq olunub. Çevrilişdən sonrakı həftələrdə Misirdə 2 min insan öldürülüb, 5 min nəfərdən artıq insan yaralanıb, 2 min nəfər isə həbs olunub. 23 sentyabr 2013-cü ildə Misir məhkəməsi “Müsəlman Qardaşlar” Hərəkatını “terror təşkilatı” elan edib. “İxvan” tərəfdarı və üzvü olan 55 min məscid imamı vəzifəsindən azad edilib və diplomları ləğv olunub. 

Ümumilikdə, ötən illər ərzində Misirdə 10 minə yaxın “İxvan” üzvü həbs olunub. Çevrilişdən dərhal sonra “İxvan”a məxsus “İslami Tibb Dərnəyi”nə məxsus 22 xəstəxana və 7 özəl tibb mərkəzi müsadirə olunub. Yeri gəlmişkən, 2018-ci ilin dekabrında Misir məhkəməsi “ixvan” üzvü və ya bu təşkilatı dəstəkləməkdə ittiham olunan 614 şəxs, 268 şirkət, 30 xəstəxana və ya apteki müsadirə edilməsi haqqında qərar verib.

Bundan bir neçə ay əvvəl isə məhkəmə prosesləri arasındakı vaxtda Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin də olduğu 1589 şəxs, 1133 təşkilat, 118 şirkət, xəstəxana və eləcə də bir neçə xəbər saytının əmlakına həbs qoyub. Məhkəmə tərəfindən 683 “ixvan” üzvü və ya tərəfdarına edam qərarı verib, onlardan 3-ü qadındır. Ən son olaraq bu ilin fevralında 19 “ixvan”çı edam edilib. Ümumilikdə, 2016-cı ildə 60, 2017-ci ildə isə 112 “ixvan” üzvü edam olunub. 

2019-cu il iyunun 17-də keçmiş prezident Məhəmməd Mursi casusuluq ittihamı ilə mühakimə olunduğu prosesin gedişində ürək tutmasından vəfat edib. Buna qədər 6 il ərzində Mursi həbsdə olub və bir neçə cinayət işi üzrə mühakimə olunub, ağır cəzalar alıb. Hökumət etirazlardan ehtiyat etdiyi üçün M.Mursini gizli şəkildə dəfn edib. 

Misir inqilabı hər nə qədər özündən sonra ərəb dünyasında etirazlara ilham qaynağı oldusa da, 2013-cü ildə baş verən çevriliş “ərəb baharı” prosesinə ciddi təsir elədi. Misirdə siyasi islamın iqtidar mübarizəsində məğlub olması digər ölkələrə də mənfi təsir etdi.

Bundan sonra proseslər artıq Yaxın Şərqdə inqilab deyil, terror və vətəndaş müharibəsinə çevrildi. Suriya və İraqda isə İŞİD tezliklə bütün dünyanı təhdid edən təhlükəyə çevrildi və “ərəb baharı” siyasi dəyişiklik mahiyyətini itirdi. Bu mənada, Misir “ərəb baharı”nın taleyini müəyyən edən ölkə oldu. 

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri