Fev
2020
13:18
15
52
1759
Virtual karabakh

Politoloq Zamir Karajanov: “Şərq Tərəfdaşlığı” proqramı unudulmağa doğru gedir”

7 Fev, 2020
13:18
1759

Politoloq Zamir Karajanov: “Şərq Tərəfdaşlığı” proqramı unudulmağa doğru gedir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanlı politoloq Zamir Karajanov Avropa İttifaqının (Aİ) gələcək taleyindən, Azərbaycanın bu qurumdakı fəaliyyəti və “Şərq Tərəfdaşlığı” proqramının perspektivi haqqında fikirlərini bölüşüb.

Oxu.Az-a müsahibəsində siyasi şərhçi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini 2008-ci ildə ölkədə baş vermiş iqtisadi böhranla və Aİ ölkələrində ümumdaxili məhsulun artım tempinin zəifləməsi ilə əlaqələndirib.

Politoloq hesab edir ki, Böyük Britaniyada sosial sahədə yaranan ziddiyyətlər orta təbəqənin böhranına səbəb oldu. Bu isə öz növbəsində populistlərin, millətçilərin və təcridetmə siyasətinə meyil edənlərin mövqeyini gücləndirdi. Nəticədə, bu qüvvələr parlament, bələdiyyə və referendumda qalib gəldilər.

Z.Karajanov Türkiyənin Aİ-yə olan marağının itməsini isə İttifaq ölkələrində hakimiyyətə gələn mühafizəkar qüvvələrin Avropa dəyərlərini bölüşməməsi ilə əlaqələndirib: “Türkiyə onların qarşısında müstəqil, öz müqəddəratını təmin etmək gücündə olan regional gücə çevrilmək istəyir”. 

Politoloq fikrinin davamında Aİ-nin gələcək taleyi haqqında proqnozlarını da səsləndirib.

O hesab edir ki, Aİ-ni hesabdan silmək tezdir və qurumun böhrandan çıxmaq üçün imkanları və resursları qalır: 

“Daxili ziddiyyətlər yetərincədir, xüsusən miqrasiya böhranı. Avropa İttifaqının gələcək taleyi quruma üzv olan ölkələrin siyasi elitalarının islahatlar aparmağa meyil göstərməsindən asılıdır. İslahat tədbirləri həyata keçirilməyəcəyi təqdirdə mərkəzdənqaçma tendensiyaları güclənəcək və bu neqativ ssenari tərəfdaşların, o cümlədən postsovet məkanında olan ölkələrdə də müşahidə olunacaq”. 

Politoloq Prezident İlham Əliyevin “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcək, lakin qurumun üzvü olmağı planlaşdırmır” fikrinə də münasibət bildirib.

Z.Karajanov hesab edir ki, istər rəsmi Bakını, istərsə də Brüsseli Azərbaycanla Aİ arasında olan münasibətlər qane edir: “Avropa İttifaqı yeni üzvləri ehtiyatla qəbul edir. Birincisi, yeni tərəfdaş yeni problemlər deməkdir. İkincisi, qurumun genişlənməsi maliyyə xərcləri tələb edir. Buna misal olaraq, sərhəd nəzarətinin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə dair fəaliyyət və sair”.

Politoloq həmçinin qeyd edib ki, Aİ iddiaçı ölkədə üstünlük təşkil edən dəyərlərə diqqət edir və bunlar Avropa meyarlarına uyğun gəlməlidir. 

Siyasi şərhçi “Şərq Tərəfdaşlığı” proqramı haqqında da fikirlərini bölüşüb. Politoloq hesab edir ki, “Şərq Tərəfdaşlığı” proqramı unudulmağa doğru gedir.

“Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi ölkələr arasında əlaqələr zəif inkişaf edib. Bu o deməkdir ki, ABŞ-ın dəstəyi olmadan proqramın mövcud olması mümkünsüzdür. Digər tərəfdən, etiraf etmək lazımdır ki, “Şərq Tərəfdaşlığı” layihəsi Rusiyanın postsovet məkanında olan nüfuzuna təsir etmək məqsədi ilə istifadə edilirdi".

Politoloq ABŞ prezidentinin dünyanın demokratik ölkələrinin liderləri ilə deyil, Kim Çen Inla görüşməyə üstünlük verməsini onun “Şərq Tərəfdaşlığı” proqramına əhəmiyyət verməməsi kimi qiymətləndirir.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri