17 
Fev
2020
12:11
577
51
3968
Virtual karabakh

Münhendə Azərbaycan Prezidentindən Paşinyana tarix dərsləri - TƏHLİL

17 Fev, 2020
12:11
3968

Münhendə Azərbaycan Prezidentindən Paşinyana tarix dərsləri - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı canlı debat son illərin maraqlı hadisəsi idi. Çünki ilk dəfə olaraq beynəlxalq ekspertlərin iştirakı ilə münaqişə müzakirə edildi.

Azərbaycan Prezidenti erməni Baş nazirə beynəlxalq auditoriya qarşısında tarix və beynəlxalq siyasət dərsi verdi. Bir saatlıq debat faktiki olaraq dərs formatında oldu. Və bu, necə deyərlər, dünyanın gözü qarşısında baş verdi. 

Ermənistanın baş naziri isə ölkəsinin onsuz da haqsız olan mövqeyini tarixi faktları qəsdən təhrif etməklə vəziyyətdən çıxmağa çalışdı və bu zaman bir neçə dəfə gülünc vəziyyətə düşdü.

Prezident İlham Əliyev həm də bu debat vasitəsilə canlı yayımda dünyanın gözü qarşısında Qarabağ münaqişəsi ilə bağlı konkret faktları və Azərbaycanın mövqeyini açıqladı. Bu, münaqişənin hazırkı vəziyyəti və ölkəmizin mövqeyinin bilinməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Daha bir maraqlı detal isə konfransın sonlarına doğru Rusiyanın münaqişənin həlli ilə bağlı planı barədə oldu. Məlum oldu ki, ortada yeni bir həll planı var və Azərbaycan hökuməti bu planla razılaşır. Söhbət ilkin mərhələdə işğal olunmuş ərazilərin boşaldılması və sonrakı mərhələdə status müzakirələrinin başlamasıdır. 

Azərbaycan Prezidenti çıxışına yaxın tarixdən – hansı ki, münaqişə ilə birbaşa əlaqəsi var – başladı. Qarabağın tarixi Azərbaycan torpaqları olması faktını isbat edən Qarabağ Xanlığı və Rusiya İmperiyası arasında 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsini xatırlatdı, bu razılaşmanın hüquqi olaraq Qarabağ Xanlığı ilə Rusiya arasında imzalandığını və bu müqavilədə Qarabağın erməni əhalisindən söz açılmadığını qeyd etdi. 

Daha sonra Prezident xatırlatdı ki, 1918-ci ildə Azərbaycan və Gürcüstan müstəqilliyini elan etdikdən sonra İrəvan Ermənistana verililib. 

Sitat: “Gürcüstan və Azərbaycan Demokratik Respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri İrəvanın Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub.

1921-ci ildə “Kommunist” Partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox. Bu da tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, bu, tarixdir”.

Daha sonra İlham Əliyev 1980-ci illərin sonunda 300 min azərbaycanlının Ermənistandan deportasiya olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ərazilərimizin təxminən 20 faizinin işğal olunması, nəticədə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımını xatırladıb.

Xocalıda 613 günahsız mülki şəxsin vəhşicəsinə öldürüldüyünü və hazırda 10-dan artıq ölkənin Xocalı soyqırımını rəsmən tanıdığını xatırladıb.

Eyni zamanda, Prezident bir daha xatırladıb ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr isə hələ də icra olunmayıb. 

Prezident qeyd edib ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir.

İlham Əliyevdən sonra çıxış edən Paşinyan isə fikir yayındırmağa və faktları təhrif etməklə vəziyyətdən çıxmağa çalışıb. O iddia edib ki, daha dərin tarixə gedərək, eramızdan əvvəl 400-cü ildən başlaya bilərdi. Halbuki qeyd olunan tarixdə bu regionda Əhəmənilər və daha sonra isə Makedoniyalı İsgəndərin hakimiyyəti olub.

Hər iki dövlətin zamanında kiçik xalqların müstəqil dövləti mövcud olmayıb. Paşinyanın Roma sərkərdəsi Pompeylə danışıq aparmasını qeyd etdiyi Tiqranın, ümumiyyətlə, erməni olması və hakimiyyətinin Cənubi Qafqaza aid olması mövzusu isə hələ də mübahisələrə səbəb olan və dəqiqləşməyən məsələdir.

Erməni baş nazir ənənəvi olaraq burada da Cənubi Qafqazda Azərbaycan adlı dövlət olmadığını deməklə faktlarla oynamağa çalışır. Və təbii ki, bu mövzuda qalacağı təqdirdə daha çox ilişəcəyini anladığı üçün sürətli keçid edərək, müasir dövrə qayıdır və bu zaman Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu ifadə edir, dərhal da bunun dil sürüşməsi olduğunu deyərək dəyişir.

Ardınca yenə də faktları təhrif edərək, “Kommunist” Partiyası Qafqaz Bürosunun Dağlıq Qarabağın Ermənistan ərazisi (ancaq faktı qeyd edərkən Azərbaycan deyir və dərhal dəyişir – R.Q.) kimi tanıdığını, ancaq sonradan Stalinin şəxsi təşəbbüsü əsasında bu qərarın Moskvada dəyişdirildiyini iddia edir. Burada növbəti yalan və iftira cəhdi edir. Bu hadisənin Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi olduğunu iddia edir. Bununla da tarixi faktları təhrif edərək, əsrin əvvəlində Sovet Rusiyası ilə Türkiyə arasındakı əlaqələri qabartmaqla, ermənilərin məzlum obrazını yaratmağa və eyni zamanda, Qərbdə Stalinə olan mənfi münasibətdən ermənilərin xeyrinə faydalanmağa çalışır.

Paşinyanın növbəti tezisi isə tarixi və siyasi baxımdan əsassız, dayanıqsız bir arqument idi. Erməni baş nazir iddia edir ki, Azərbaycan SSRİ-dən çıxdığı kimi, Qarabağ erməniləri də Azərbaycan tərkibindən çıxmaq hüququna (!?) malikdir. Bu, beynəlxalq hüquqa meydan oxumaqdır və açıq şəkildə separatizmə dəstək, ərazi bütövlüyü prinsipinə arxa çevirməkdir. 

Bunun ardınca isə Paşinyan açıq-aşkar yalan danışaraq, Ayaz Mütəllibovun Xocalı hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyini dediyini iddia edib. Halbuki belə bir açıqlama olmayıb və Xocalının ermənilər tərəfindən törədildiyini təsdiqləyən faktlar, həmçinin, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın etirafını “unudub”. Sarkisyan Xocalıda törədilmiş cinayətin icraçılarının kim olduğunu açıq şəkildə etiraf edib. 

Sitat: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Və budur baş verənlər. Və biz, həmçinin, nəzərə almalıyıq ki, o uşaqların içərisində Bakı və Sumqayıtdan qaçanlar olub. Ancaq Ermənistan dövlətinin baş naziri bu faktları bildiyi halda, Xocalı faciəsi ilə bağlı faktları təhrif etməyə çalışıb.

Paşinyanın növbəti fakt təhrif etməsi hadisəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı olub. Baş nazir iddia edib ki, qətnamələrdə Ermənistan qoşunları sözü yoxdur. “Orada “yerli erməni qüvvələri” yazılıb. Bu, o deməkdir ki, Dağlıq Qarabağ əhalisi özünümüdafiə üçün qüvvələr yaradıb, orada Ermənistan qoşunları yazılmayıb”.

Ancaq Paşinyan çox az müddət sonra özünü təkzib edir və etiraf edir ki, onun öz oğlu Dağlıq Qarabağda “könüllü” olaraq xidmət edib. Prezident İlham Əliyev isə Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi qüvvələrin 80 faizinin Ermənistandan gəlmiş hərbçilər olduğunu bildirib. Paşinyan bu fakta cavab verə bilməyib.

Daha sonra Paşinyan Çaykənd əməliyyatını xatırladır. Və bu zaman keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağ ərazisi olduğunu iddia edir. 

Ancaq erməni baş nazir növbəti dəfə tarixi, özü də yaxın tarixi saxtalaşdırmağa çalışır. Çünki Şaumyan adlı rayonda ermənilərə qarşı əməliyyat hələ SSRİ-nin mövcud olduğu 1991-ci ilin yazında təşkil olunub və sovet ordusu tərəfindən həyata keçirilib. Buna səbəb isə o kəndlərdə gizlənən və əsasən, Ermənistandan və xaricdən gəlmiş terrorçuların ətraf azərbaycanlılar yaşayan kəndlərə hücum etməsi olub. 

Prezident İlham Əliyev isə Paşinyanın tarixi məlumatların təhrifi ilə “zəngin” olan iddialarına qarşı əsaslı faktlar gətirməklə, erməni baş naziri bir neçə dəfə çətin vəziyyətə saldı. Məsələn, Paşinyanın Stalinlə bağlı “arqumenti”nə istinad edən Azərbaycan Prezidenti Qarabağın mərkəzi şəhərinin adını xatırladır və sadə bir gedişlə erməni iddialarını puça çıxarır. 

Sitat: “Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi?

Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”.

Azərbaycan Prezidentinin bu tutarlı arqumentinə qarşı erməni nazir yenidən Avropada demokrat və sülh tərəfdarı lider obrazı ilə çıxış etməyə çalışır, “məxməri inqilabı” xatırladır və münaqişənin həlli danışıqlarında “mini inqilablar”dan bəhs etməyə çalışır. 

Rusiyanın “Kommersant” qəzetinin əməkdaşının münaqişənin həlli ilə bağlı Rusiyanın yeni təklifləri ilə bağlı sualına cavab olaraq Prezident Əliyev münaqişənin mərhələli həlli, ilk mərhələdə işğalın aradan qaldırılması və ardınca status məsələsinin müzakirəsinin tərəfdarı olduğunu qeyd edib.

Sitat: “Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklif etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir.

Bu halda, Dağlıq Qarabağın statusu hər iki tərəf hazır olandan sonrakı müzakirəyə qala bilər, çünki yerlərdə proses getməsə, ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq.

Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar”.

Yekunda Prezident Əliyev XIX əsrin əvvəlində İrəvan əhalisinin 70 faizinin azərbaycanlı olduğunu və bu gün orada bir azərbaycanlının belə qalmadığını xatırladıb, erməni xalqının artıq bir dövlətinin olduğunu qeyd edib, bildirib ki, ermənilər ikinci dövlətlərini də Azərbaycan ərazisində yaratmasınlar, başqa bir ərazi seçsinlər.

Ümumilikdə paneldə Prezident İlham Əliyev daha fəal və arqumentli çıxış edib, debatda üstünlük onun tərəfində olub. Bunu hətta bu gün erməni politoloqlar da etiraf edib. Paşinyan isə mücərrəd və qəbul olunmamış tarixi iddialarla öz mövqeyini arqumentləşdirməyə çalışıb, bu zaman Azərbaycan Prezidentindən tutarlı “zərbələr” yeyib. 

Eyni zamanda, Azərbaycan Prezidenti paneldən istifadə edərək, həm də danışıqların hazırkı vəziyyəti və rəsmi Bakının qəti mövqeyini qeyd edib. Bu isə çox sadə və aydın olub.

Azərbaycan BMT tərəfindən tanınmış ərazilərindən imtina etməyəcək, işğal tez bir vaxtda başa çatmalıdır, Ermənistan ordusu Azərbaycan rayonlarından çıxarılmalı və yalnız hərbi işğal yekunlaşdıqdan sonra Dağlıq Qarabağın erməni əhalisinin siyasi statusu müzakirə oluna bilər. Bu zaman Azərbaycan onlarla öz vətəndaşları kimi davranacaq. 

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri