25 
Mar
2020
13:52
67
900
16098
Virtual karabakh

Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb

Özünü ermənilərin “düşməni” elan edən “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü idi.

Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək “Azərbaycan Rembo”su olduğunu düşünərdi.

Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar.

Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov “erməni düşməni” obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu.

“Palmali” şefinin şişirdilmiş nüfuzunun yerlə bir olmasına birinci addım onun müdafiəsinə qalxan qondarma “Talış-Muğan Respublikası”nın lideri Əlikram Hümbətovun bəyanatı oldu. O Əlikram ki separatçı əməllərinə görə üzün müddət həbs olunmuş, sonra prezident tərəfindən azad edilmiş, Azərbaycan vətəndaşlığına son verilmiş və ölkədən qovulmuşdu. Və bu Əlikram Hümbətov son bir neçə ildir ki, ermənilərin ən qatı müdafiəçisidir.

İstədiyi vaxt Yerevana səfər edir, orada ona ən yüksək səviyyədə diqqət və hörmət göstərilir. Əlikram isə Yerevanda oturub Azərbaycan əleyhinə heç erməninin də ağlına gəlməyən ittihamlar səsləndirir.

Qeyd etdiyimiz bütün bu “keyfiyyətlərə” malik olan Hümbətov M.Mənsimovun həbsinə ilk etiraz edən, onun müdafiəsinə qalxan şəxs olmaqla, bu saxta “erməni düşmənçiliyi”nin ilk pərdəsini qaldırmış oldu.

Bitdimi? Qətiyyən. Daha bir tanınmış şəxs, ermənilərin bir nömrəli müdafiəçilərindən biri də Mübariz üçün mübarizəyə başlayıb. Bu, jurnalist Amberin Zamandır. O, “Al-Monitor”da “Azərbaycanlı milyarderin həbsinin arxasında nə dayanır?” adlı bir yazı paylaşıb. Yazıdan bəzi qeydlər təqdim edəcəyik və əslində, bu müdafiə yazısında nə yazıldığından daha maraqlı olan məqam onun kim tərəfindən qələmə alınmasıdır. Amberin Zaman məqaləsində M.Mənsimov barədə ətraflı informasiya verir və təqdim etdiklərinin, demək olar ki, böyük əksəriyyəti dedi-qodulara və sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanıb.

Məsələn, hələ indiyə kimi ağlı başında olan heç kim M.Mənsimovun onun hakimiyyətə “bac-xərac” vermədiyi üçün həbs olunması versiyasını səsləndirməyib. Amma jurnalist xanım hesab edir ki, iş adamlarına FETÖ ittihamı ilə cinayət işi açmaq hakimiyyətin külli miqdarda pul əldə etmək yollarından biridir.

Bu məqalə ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə, bir məqamı demək lazımdır ki, yazının əvvəlindən sonuna kimi oxuduqda hətta onu müdafiə edən yazıda belə Mənsimovun nə qədər sürüşkən mövqeli şəxs olduğu təəssüratı yaranır.

Bəs Amberin Zaman kimdir? Məncə, onun haqqında danışmağa dəyər.

Milliyyətini belə müəyyənləşdirmək çətin olan bir jurnalistdir. O, ata tərəfdən İran əsilli olan bir banqladeşli, ana tərəfindən isə gürcü, tatar və yörükdür. Nyu-Yorkda anadan olub.

Vaxtilə “Washington Post” və “The Daily Telegraph” qəzetlərinin Türkiyə müxbiri olub. 2007-ci ildən “Taraf” qəzetində, 2010-cu ildə “Habertürk”də köşə yazarı kimi çalışıb.

2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı böyük qalmaqal yaratmışdı. O zaman Ərdoğan bu qadın barədə demişdi:

“Orada da gazeteci kılıklı bir militan çıkmış. Edepsiz bir kadın. “Müslüman ülkede bunu beklemek zor değil mi?” diyor. Haddini bil, haddini. Haddini bil! Eline vermişler bir kalem, gazete köşesinde yazıyorsun. Haddini bil, edepsiz kadın”.

Amberin Zaman uzun müddət Ermənistanın paytaxtı Yerevanda da yaşayıb.

Elə həmin vaxtdan da ermənilərin aktiv təbliğatçısına çevrilən bu jurnalist 2017-ci ildə “zirvəni fəth etdi” və ABŞ-da qoyulan qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək, türklərin qəzəbinə səbəb oldu.  Həmçinin, ermənilərin “100 saniyə” layihəsinə qatılan jurnalist bu barədə bəzi təqdimatlar da həyata keçirdi. 

Amberin Zaman təkcə ermənipərəst deyil, həm də terror təşkilatı olan PKK-nın sözçüsü kimi tanınır. Türkiyə əleyhinə olan bütün layihələrdə önəmli rolları ifa edən jurnalist PKK-nın ən qaynar qərargahlarından reportajlar hazırlayıb. Və təbii ki, bu reportajlar birmənalı olaraq terrorçuların təbliğatına hesablanmışdı.

İndi görək, bu xanım müxbirin “Vikipediya” səhifəsində nə yazılır:

“Amberin Zaman, “Al-Monitor”un xüsusi müxbiri. Türkiyəli jurnalist. Türkiyədə jurnalist kimi fəaliyyətə başlayan Zaman dünyanın müxtəlif qəzetlərində yazılarla çıxış edib. Onun yazıları Türkiyədəki azlıqların hüquqları ilə əlaqədardır.

... O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır və mütəmadi olaraq öz köşələrində erməni soyqırımını müzakirə edir. 2014-cü ildə Hrant Dink Vəqfinin erməni-türk barışığına həsr olunmuş konfransında iştirak edib. “Erməni soyqırımı”nı həqiqət kimi tanıyan Zaman Türkiyə hökumətinin ermənilərlə əlaqəli tarixi ilə barışmalı olduğunu düşünür”.

O, Türkiyə hökumətinin 24 aprel 2014-cü ildə ermənilərə başsağlığı məktubuna belə reaksiya vermişdi:

“Türkiyənin “erməni soyqırımı”nı tanıyacağına, üzr istəyəcəyinə və qurbanlarına lazımi kompensasiya verəcəyinə inanan bir vətəndaş olaraq, bu gözləntilər baş verməsə də, dövlətin erməni qurbanlarına ilk yazılı məktubunu təqdir edirəm”.

Bu yazıda Amberin Zamanın erməniləri təbliğ edib, türkləri aşağılayan xeyli sayda sitatlar da təqdim edə bilərdik. Onun bir türk düşməni olduğunu oxucuların diqqətinə çatdırmaq yazının əsas qayəsi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Əlikramdan sonra beynəlxalq səviyyədə tanınan və ermənilərin əsas müdafiəçisi olan daha bir şəxsin Mübariz Mənsimova “sevgisidir”.

Təəssüf ki, hələ də sosial şəbəkələrdə bir sıra analiz qabiliyyəti aşağı olan soydaşlarımız bu “pul ovçusu”na səmimi olaraq inanır. İnanmaq bir yana qalsın, Mənsimovun mənfi cəhətlərini səsləndirənlər barədə ən ağır söyüşlər yazılır. Dilə gətirilən faktlara məntiqli arqumentlə cavab verə bilməyən “tərbiyəsizlər ordusu” üçün heç bir mənəvi meyarı olmadığı göz önündədir.

Buna inanmayanlar sadəcə sosial şəbəkəni izləsinlər. “Mübariz sevənlər”in bu qədər söyüşə və təhqirə meyilli olması, bütün sərhədləri aşan ifadələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da lazımi addımları atması qaçılmaz hala gəlib.

Qanunvericilikdə sosial şəbəkələrdə təhqir və söyüşlərin məsuliyyət yaratdığını unudan bu idarəolunan qrupun qanun qarşısında cavab verməsi ehtiyacı yaranıb.

Dairəni gördünüzmü? Mənsimovu müdafiə edənlər kimlərdir? Türk xalqına daim düşmən mövqe sərgiləyənlər, ermənilərin aktiv tərəfdarları və yalnız  söyüş söyməyi bacaran bir qrup. Bu, bizim gördüklərimizdir. Türkiyə prokurorluğunun apardığı araşdırmalar nəticəsində ortaya hansı həqiqətlər çıxacaq, bunu da yaxın zamanda görəcəyik.

Məmməd Murad

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri