31 
Mar
2020
13:57
109
26
5399
Virtual karabakh

Tarix təkərrürdən ibarətdir – 31 Mart soyqırımına yaddaş təzələməsi

31 Mar, 2020
13:57
5399

Tarix təkərrürdən ibarətdir – 31 Mart soyqırımına yaddaş təzələməsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

31 mart soyqırımının növbəti ildönümüdür. Əlbəttə, indi bütün dünyanın diqqətinin koronavirus pandemiyasına yönəldiyi bir zamanda kimlər üçünsə bu yazı maraqsız ola bilər. Amma, necə deyərlər, tarix təkərrürdən ibarətdir, bu hadisələrin unudulmaması üçün hər dəfə xatırlanması lazımdır.

Üstəlik, torpaqlarımızın hələ də erməni işğalı altında qalması bizə 100 il əvvəlki qanlı hadisələri unutmağı yasaqlayır. Çünki təcrübə göstərir ki, unutqanlıq yeni faciələri gətirir.

102 il əvvəl, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və Azərbaycanın digər ərazilərində Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlı qətlə yetirilib. Bu hadisələr zamanı on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

31 mart Bakı qırğınlarından əvvəl Şamaxıda erməni terrorçuları azərbaycanlılara qarşı soyqırımı törədib. Burada iki dəfə törədilmiş  qırğın zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilib.

Həmin dövr ərzində, ümumilikdə, Şamaxı qəzasının 106 kəndi yandırılıb və dağıdılıb, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumundan zərər çəkib. Bu zaman, ümumilikdə, 4.359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər öldürülüb.

Birinci Dünya Müharibəsi zamanı fəallaşan erməni millətçi qrupları əvvəlcə Osmanlı İmperiyası ərazisində silahlı terror fəaliyyətlərinə başladılar. Ancaq Osmanlı dövlətinin erməniləri şərq vilayətlərindən sürgün etməsi bu planı pozdu. Rusiyada oktyabr inqilabının baş verməsi ermənilərin Qafqazda fəallaşmasına səbəb oldu. Çünki Osmanlı və İrandan sonra ən güclü erməni qrupu Cənubi Qafqazda idi.

1917-ci ilin 29 dekabrında Leninin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzalaması ermənilərin siyasi iddialarını daha da gücləndirir. Ancaq Cənubi Qafqazda ermənilər o zaman kompakt yaşamırdılar və azərbaycanlılarla müqayisədə sayları çox az idi. Erməni silahlıları bütün münaqişələrdə qoca, qadın, uşaq demədən azərbaycanlıları qətlə yetirirdilər. Bu, bir baxımdan Qafqazda möhkəmlənmək siyasəti idi.

1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Ancaq həmin vaxt yalnız daşnaklar deyil, bolşevik silahlı dəstələrinin də əsas özəyini ermənilər təşkil edirdi. Bu səbəbdən də, 1918-ci ilin əvvəlində yaranan qarşıdurma və xaosda ermənilər hər fürsətdə dinc azərbaycanlıları qırmaqla bölgədəki etnik xəritəni dəyişməyə çalışırdılar. Bunu qırğınların coğrafiyası da göstərir.

Erməni quldur dəstələri Bakı ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə, gücləri çatdığı hər yerdə azərbaycanlıları məhv etməyə, onların sayını azaltmağa çalışıblar. Təkcə Şamaxı şəhərində məscidlərdə gizlənmiş iki min dinc, günahsız insanın öldürülməsi onu göstərir ki, ermənilərin əsas hədəfi azərbaycanlıların sayını azaltmaq, onları məhv etmək olub. Bu, soyqırımı idi.

Martın 18-də Şamaxıda başlayan qırğınlar həmin ayın 30-dan etibarən Bakıda davam edib. Bakı və ətraf qəsəbələrdə dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min, “Daşnaksütyun” partiyasının isə 4 min silahlısı iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək, uşaqdan böyüyədək hər kəsi qətlə yetirib.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq, hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Oktyabr inqilabından sonra Azərbaycanda milli qüvvələrin təşkilatlanması və güc kimi çıxış etməsi erməniləri və eyni zamanda, Bakı Xalq Komissarları Sovetini narahat etməyə başlayıb. Çünki azərbaycanlıların öz siyasi təşkilatlarının formalaşması, tarixin də göstərdiyi kimi, ermənilərin Azərbaycan ərazilərinə sahiblənmək iddiası qarşısında əsas maneə idi.

1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər Müsavat Partiyasına ciddi şəkildə uduzur. Müsavat Partiyasının Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda gücə çevrilməsi bolşevikləri ciddi narahat edir. Bakıda baş verən qırğınların əsas səbəbi də məhz bu oyanışı boğmaq idi.

Bakıda azərbaycanlı zabitlərin (“Dikaya diviziya”) qeyri-müsəlmanlara hücum edəcəyi ilə bağlı şayiə yayaraq, müsəlmanların tərk-silah olunması (“Evelina” gəmisi hadisəsi) Bakıda qırğınlar üçün hazırlanmış təxribat idi.

Martın 30-da günortadan sonra başlayan soyqırımı bir neçə gün davam edib və ümumilikdə, sonradan aparılmış istintaqın əldə etdiyi məlumatlara əsasən, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bu hadisə erməni və Bakı Sovetinin Azərbaycanda möhkəmlənməsinə ciddi zərbə vurdu və müstəqillik hərəkatını gücləndirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmişdi.

Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min azərbaycanlı pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişini, 2276 qadını və 2196 uşağı öldürüblər.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə-yeksan edilib.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv ediblər.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində, bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli-demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.

Bütövlükdə, 1905-07 və 1918-20-ci illərdə Cənubi Qafqazda ermənilərin Azərbaycan xalqına qarşı fitnəkar hücumları, faktiki olaraq, müsəlman əhalini soyqırımına uğradıb, sayını azaltmağa yönəlmiş qətliam fəaliyyəti idi. Bunun oxşarını 70 ildən sonra - SSRİ-nin dağılması ilə yenidən fəallaşan erməni faşist qrupları 1990-cı illərdə yenidən Azərbaycan xalqına qarşı törətdi.

Sonuncu azərbaycanlı ailələri Qərbi Azərbaycan ərazilərindən zorakılıqla qovuldu, Dağlıq Qarabağ və daha sonra ətraf rayonlar işğal edilərək, əhalisi fiziki olaraq məhv edildi. İşğal olunmuş ərazilərdə bu gün bir azərbaycanlı belə yaşamır. Ancaq artıq 100 il əvvəlki vəziyyət yoxdur və ermənilərin bu dəfə Qafqazda yeni ərazilər ələ keçirməsi mümkün olmayacaq.

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri