31 
Mar
2020
18:47
613
537
2826
Virtual karabakh

Deputat: “İtaliya, İspaniya kimi dövlətlər yardım gözləyir, Azərbaycan isə real proqramlar həyata keçirir”

“Dünyanın üz-üzə qaldığı bir nömrəli təhdid – koronavirus pandemiyası dövlətlər qarşısında iki mühüm problemin həlli vəzifəsini qoyub. Birincisi, vətəndaşların sağlamlığının qayğısına qalmaq, virus epidemiyasının genişlənməsinə imkan verməmək. İkincisi isə Covid-19-un törətdiyi iqtisadi fəlakətin dağıntıları ilə mübarizə aparmaq. Dövlətimiz hər iki təhlükənin öhdəsindən layiqincə gəlməyi bacarır. Virus meydana çıxan ilk gündən hökumətimiz operativ təcrid və qorunma tədbirləri, habelə epidemiyanın genişlənməsi təqdirində ehtiyac duyulacaq tibbi infrastrukturun təşkili işlərini həyata keçirməyə başladı. Hazırda isə pandemiyadan qaynaqlanan iqtisadi problemlərin həlli, dünya bazarlarındakı böhranın sıravi vətəndaşa və yerli biznesə vurduğu ziyanın neytrallaşdırılması, yaxud təsirlərinin azaldılması istiqamətində tədbirlərin görülməsinə başlanılır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, yerli sahibkarlara və nəticə etibarilə özəl sferada çalışan vətəndaşlarımıza dövlət dəstəyini mümkün edən ən vacib amil iqtisadiyyatımızın real zəmin üzərində qurulması, Azərbaycanın iqtisadi imkanlarının mövcudluğudur:

“Hazırda dünyada çox sayda ölkələr var ki, ümumdünya iqtisadi tənəzzül prosesinin qarşısında aciz qalıblar”.

“Dövlət dəstəyinə dair doqquz proqram hazırlanıb ki, bu sənədlər pandemiyadan zərər çəkmiş dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. “Bu proqramların həcmi 2,5 milyard manat təşkil edir. 2,5 milyard manat Azərbaycanın ÜDM-nin 3%-dir və nəinki regionda, həmçinin postsovet məkanındakı heç bir dövlətdə belə genişmiqyaslı dəstək paketi nəzərdə tutulmayıb” – deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, dünyanın aparıcı iqtisadiyyatlarına malik Qərb dövlətlərində hökumətlər vəziyyətdən çıxışa dair yollar axtardıqları bir vaxtda Azərbaycan qarşısında dura biləcək problemlərin çözümü istiqamətində real addımlar atır.

“ABŞ-da, Avropada bu yoluxucu bəlanın hansı dinamika ilə artdığının şahidiyik. Ölkəmizdə isə şükürlər olsun ki, vaxtında atılmış addımlar hesabına pandemiyanın dağıdıcı fəsadlar törətməsinə imkan verilməyib. İtaliya, İspaniya kimi dövlətlər Avropa Birliyindən yardım paketləri gözləntisindədirlər, Azərbaycan isə öz daxili imkanları hesabına real iqtisadi tənzimləyici proqramlar həyata keçirməyə başlayır” – deyə E.Allahverdiyev vurğulayıb.

E.Allahverdiyevin sözlərinə görə, Azərbaycan dövləti sosial dövlətdir və vətəndaşın qayğılarına biganə qala bilməz:

“Bu tədbirlər göstərir ki, indiyədək həyata keçirilən iqtisadi siyasət xalqın ehtiyacları üçün hesablanıb və fövqəladə hallarda yarana biləcək sıxıntılarla mübarizəyə qadirdir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri