15 
May
2020
12:08
100
67
6589
Virtual karabakh

Donald Trampın Azərbaycanla bağlı siyasətində iki vacib məqam - ŞƏRH

15 May, 2020
12:08
6589

Donald Trampın Azərbaycanla bağlı siyasətində iki vacib məqam - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatları (ABŞ) özünün xarici siyasət doktrinasında Azərbaycanla əlaqələrin bütün sferalar üzrə inkişafında maraqlıdır.

Azərbaycanın Avropanın enerji bazarlarında oynadığı həlledici rol, beynəlxalq terrorçuluğa qarşı mübarizəyə töhfəsi Ağ Ev tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynaması ölkənin ABŞ üçün strateji əhəmiyyətini daha da artırır.

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun mahiyyətində Vaşinqton-Bakı münasibətlərindəki strateji məqamlar qırmızı xətlə keçir.

Ağ Ev rəhbərinin təbrik müraciətində iki amil xüsusilə vurğulanır.

Birincisi, D.Tramp qeyd edir ki, ABŞ və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqa parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər.

Bu, perspektivdə də Vaşinqtonun Bakı ilə əlaqələrin dinamikasının şaxələnməsində maraqlı olduğunun göstəricisidir. Nəzərə alaq ki, Azərbaycanın indiyə qədər ABŞ-a yatırdığı investisiyanın həcmi səkkiz milyard dollar həcmindədir. ABŞ isə Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox sərmayə qoyub.

2019-cu ildə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 188 milyon 900 min manat vəsait yönəldilib. Bunun 4 milyard 344 milyon 700 min manatı Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsus olub.

Azərbaycan-ABŞ iqtisadi əlaqələrində isə enerji layihələrinin çəkisi daha çoxdur. Bu ilin martında ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları bürosunun enerji diplomatiyası üzrə mütəxəssisi Natan Rayx demişdi ki, Ağ Ev Cənub Qaz Dəhlizi layihəsini strateji hesab edir.

Onun fikrincə, tikintisi başa çatdıqdan sonra Cənub Qaz Dəhlizi Avropaya təbii qaz tələbatının təmin olunması üçün yeni uzunmüddətli tədarük mənbəyi olacaq.

Trampın da ikitərəfli əlaqələrdə enerji marşrutlarını, mənbələrini diversifikasiya etmək barədə dedikləri ABŞ-Azərbaycan münasibətlərinin perspektivdə daha da genişlənəcəyinə işarədir.

İkinci məqam isə odur ki, Donald Tramp məktubunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəklədiyini vurğulayır.

O bildirir ki, ABŞ Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcək.

Düzdür, ABŞ üçün Qarabağ probleminin həlli indiki siyasi konyunktura çərçivəsində birinci dərəcəli aktual məsələ deyil. Yaxın perspektivdə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici iştirakı real görünmür.

Amma nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması işğalçı Ermənistana da ciddi mesaj xarakteri daşıyır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri