25 
May
2020
11:24
406
78
3790
Virtual karabakh

Bakı və Sumqayıt daha da işıqlanacaq: Enerjiyə 50 faiz qənaət ediləcək - ŞƏRH

25 May, 2020
11:24
3790

Bakı və Sumqayıt daha da işıqlanacaq: Enerjiyə 50 faiz qənaət ediləcək - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu qurumun baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

“Signify” şirkəti 1891-ci ildə yaranıb, dünyanın məşhur şirkətlərindən biridir. 74 ölkədə fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.

“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Videokonfransda şirkətlə Azərbaycan arasında əlaqələrə toxunulub, Prezident İlham Əliyev Erik Rondolatla Davosda keçirdiyi görüşü xatırladıb. Həmin görüş 2019-cu ilin yanvarın 22-də keçirilmişdi.

“Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir”, - deyə, İlham Əliyev söyləyib.

“Signify” kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin olması ilə əlaqədardır.

Bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımları isə Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar.

Son iki ildə Azərbaycanda genişmiqyaslı kadr, struktur, iqtisadi, sosial islahatlar aparılır. Bu isə “Signify” kimi şirkətlərin Azərbaycana verdiyi önəmin səviyyəsini daha da artırır.

Əməkdaşlığın genişlənməsinin səbəblərindən biri də odur ki, Azərbaycan dövləti müasir texnologiyalara, innovativ resurslarla inkişafı qarşısına məqsəd qoyub.

“Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz”, - bunu Erik Rondolat videokonfransda deyib.

Prezident İlham Əliyev koronavirus pandemiyasının yaratdığı problemlərdən dolayı, müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyac olduğunu vurğulayıb.

Onu da deyib ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır.

Dövlət başçısı Azərbaycanda yeni texnologiyalar və innovasiyalar üçün əhəmiyyətli insan kapitalı yaradıldığını diqqətə çatdırıb.

Bakı və Sumqayıta yeni texnologiya ilə işıqlanacaq

“Signify” şirkəti tərəfindən Bakı şəhərində 33 min LED işıq quraşdırılacağı və bunların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcəyi gözlənilir. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir.

Prezident İlham Əliyev Bakı və Sumqayıtda müasir işıqlandırma sisteminin qurulduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, sentyabrın sonunadək Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ icra olunacaq.

“Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə, qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq”, - Prezident İlham Əliyev qeyd edib.

Bu planların reallaşacağı təqdirdə Bakı şəhərinin işıqlandırılması “Ağıllı şəhər” layihəsinin komponentinə çevriləcək.

İclasda iştirak edən Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, “Bakı ağıllı şəhər” işıqlandırılma layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülüb.

N.Əmirov söyləyib ki, şirkət müqaviləni tamamlayıb. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacağı və idxal prosesinin sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacağı gözlənilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri