27 
May
2020
11:38
34
91
4268
Virtual karabakh

Aksion filmlərinin gerçək üzü: Muzdlu döyüşçülər və hərbi şirkətlər - TƏHLİL

27 May, 2020
11:38
4268

Aksion filmlərinin gerçək üzü: Muzdlu döyüşçülər və hərbi şirkətlər - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə liviyalı general Xəlifə Haftar tərəfində savaşması üçün müxtəlif (5) ölkələrdən olan 20 nəfərlik muzdlu xüsusi təyinatlı qrupu ilə 80 milyon dollarlıq müqavilə imzalanıb.

Muzdlu xüsusi təyinatlıların əsas vəzifəsi Aralıq dənizi vasitəsilə Haftarın rəqibi Sərrac hökumətinə göndərilən silah və texnikanın Liviyaya daxil olmasının qarşısını almaq imiş. Ancaq Haftarla texniki məsələlərdə anlaşa bilməyən qrup dörd gündən sonra Liviyanı tərk edərək Maltaya gedib. 

Bu barədə “New York Times” qəzeti bu günlərdə BMT Təhlükəsizlik Şurasına 2020-ci ilin fevralında təqdim olunmuş gizli hesabata istinadən hazırladığı məqalədə yazıb. Hesabatda o da qeyd olunub ki, xüsusi təyinatlıların əsas hədəfi Türkiyədən Liviyaya göndərilən silahların qarşısını almaq olub. Əməliyyat xüsusi katerlər və helikopterlər vasitəsilə aparılmalı imiş. Ancaq Haftar əməliyyat üçün “hay-hayı gedib, vay-vayı qalmış” helikopter verdiyinə görə muzdlular qəzəblənərək, iyulun 2-də Maltaya gediblər. 

20 nəfərlik xüsusi təyinatlı qrup “beynəlmiləl” olub. Dəstənin tərkibinə 11 nəfər Cənubi Afrika Respublikası (CAR) vətəndaşı, beş britaniyalı, iki avstraliyalı, bir nəfər isə ABŞ vətəndaşı daxil idi. Qrupun komandanı isə bu cür əməliyyatlarda təcrübəsi olan, daha əvvəl Nigeriyada muzdlu kimi xidmət etmiş, CAR ordusunun hərbi hava qüvvələri zabiti Stiv Lodc olub.

Əməliyyat BƏƏ-də hazırlanıb, bu ölkədə yerləşən gizli şirkətlərin maliyyələşdirdiyi işin başında avstraliyalı biznesmen, keçmiş hərbi pilot Kristian Dürant olub. Onun ABŞ-ın muzdlu döyüşçü əməliyyatları sahəsində məşhur ismi olan Erik Prinslə yaxın əlaqələri olduğu iddia edilir. Maraqlıdır ki, hazırda BMT müfəttişləri Prinsin Liviyadakı əməliyyatlarla əlaqəsinin olub-olmadığını araşdırır. O, özü isə bu iddiaları rədd edir.

Lakin son 20 ilin təcrübəsi Prinsin dünyanın müxtəlif münaqişə ocaqlarında çoxsaylı əməliyyatları təşkil və ya idarə etdiyini göstərir. Onun rəhbərlik etdiyi hərbi şirkət daha əvvəl “Blackwater” adı altında İraq, Əfqanıstan və digər ölkələrdə fəaliyyət göstərib. Ancaq sonradan döyüş bölgələrində muzdlu döyüşçülərin törətdiyi cinayətlərdən sonra Prins şirkətin adını “Academi” olaraq dəyişsə də, oxşar fəaliyyətlərini davam etdirib. Hazırda onun Çindən Afrikaya qədər müxtəlif ölkələrdə açıq və gizli fəaliyyətinin olduğu bilinir.

O da məlumdur ki, Prinsin şirkəti “bazarda” tək deyil. Son illərdə Rusiyanın “Vagner” şirkəti Yaxın Şərq münaqişə zonalarında adını məşhurlaşdırıb. “Vagner” əvvəl Suriyada, son bir neçə ildə isə Liviyada və Mərkəzi Afrikada tez-tez xatırlanmağa başlayıb. Son illərdə Türkiyədə yaradılmış “Sadat” hərbi təhlükəsizlik şirkəti region ölkələrində hərbi təlimatçı və məsləhət fəaliyyətləri həyata keçirir. 

Yuxarıda qeyd olunan məqalə “The Expendables” (Məğlubedilməzlər) filminin əslində real olduğunu göstərir. 20 keçmiş hərbçi 80 milyon dollar qarşılığında Liviyada xüsusi əməliyyatlar keçirmək üçün razılaşıb. Hazırda onlarla bu cür fakt var. İndi Afrikadan Əfqanıstana kimi müxtəlif ölkələrdə bu cür onlarla şirkət fəaliyyət göstərir.

Yeri gəlmişkən, dünya mediası mayın əvvəlində daha bir muzdlu əməliyyatı haqqında xəbər yaydı. Dövlət rəsmiləri elan etdi ki, Venesuela ordusu ikisi amerikalı olmaqla, 13 nəfəri həbs edib. Paytaxt Karakasdan 34 kilometr məsafədə Makuto meşəsində keçirilən əməliyyat zamanı səkkiz nəfər öldürülüb. 13 nəfər isə sağ tutulub. Ələ keçirilən amerikalılar Airan Berri və Luk Denman haqqında Maduro “remboçuluq oynayır, qəhrəmanlıq edirlər” deyib.

O da məlum olub ki, daha əvvəl orduda xidmət etmiş bu iki şəxs Floridada yerləşən “Silvercorp” adlı təhlükəsizlik şirkətində çalışıb. Bu faktı “Reuters” agentliyinə şirkətin rəhbəri Cordan Qradeu təsdiqləyib. Lakin o deyib ki, əməkdaşları Venesueladan qaçan hərbçilərə Kolumbiyada təlim keçiblər. 

Daha sonra saxlanılan şəxslərin sənədləri və açıqlamaları yayıldı. Venesuela rəsmiləri Kolumbiya ərazisindən sürət katerləri ilə hücuma hazırlaşdıqlarını iddia etdiyi bu şəxslərin ABŞ hökuməti ilə əlaqələrinin olduğunu iddia edib. Vaşinqton isə bu iddianı təkzib etdi.

Sonradan o da məlum olub ki, şirkət Venesuelanın müxalifət lideri, hazırda ABŞ da daxil olmaqla, 50-dən çox dövlətin bu ölkənin prezidenti kimi tanıdığı Xuan Quaydo ilə əməkdaşlıq edib. Saxlanılan amerikalılar əsas məqsədlərinin Maduronu ələ keçirib sağ-salamat hava limanına aparmaq olduğunu bildirsələr də, şirkət ölkə liderini öldürmək kimi bir planının olmadığını bəyan edib. 

Dünya nə qədər inkişaf etsə də, müharibələrin hələ də ən gəlirli sahələrdən biri olması reallığı dəyişmir. Bunu planetin bütün guşələrində baş verən və illərdir davam edən münaqişələr təsdiq edir. Hər il dünya ölkələri müharibələrə milyardlarla dollar xərcləyir. 

İndi artıq dünyada münaqişələri yalnız leqal oyunçular – dövlətlər deyil, iri korporasiyalar, müharibə şirkətləri aparır. Bu, əslində dövlətlər üçün də əlverişlidir. Çünki nizami ordunun iştirakı bir çox hallarda beynəlxalq siyasi qalmaqallara çevrilir, daha böyük xərc və səfərbərlik tələb edir. Hazırlıqlı və peşəkar muzdlular isə bu işləri daha rahat və təhlükəsiz həyata keçirirlər.

Üstəlik, bu zaman hökumətlər üçün problem yaranmır. İtkilər qalmaqala çevrilmir. Bu səbəbdən də 21-ci əsrin əvvəllərindən bu yana münaqişələrdə daha çox hərbi muzdluları görmək mümkündür. Əfqanıstan, İraq, indi isə Suriya, Liviya, Mərkəzi Afrikadakı münaqişələrdə əsas aktyorlar məhz bu şirkətlərdir. Üstəlik, bu şirkətlər minlərlə keçmiş hərbçi üçün sərfəli iş yeridir. Məsələn, ABŞ hökuməti 1997-2010-cu illər ərzində Prinsin şirkəti ilə 3,5 milyard dollarlıq müqavilə imzalayıb. Bura münaqişə bölgələrində xidmətlə yanaşı, Vaşinqton ətrafında təhlükəsizlik orqanları əməkdaşlarına təlimlərin keçilməsi də daxildir. 

Bu şirkətlərdə əməkhaqları da yüksəkdir. Məsələn, bu sahədə yeni olan “Vagner”in döyüşçüləri Suriyada 4500, “Blackwater”in keçmiş zabiti olan hərbçiləri isə 15 min dollara qədər maaş alır. 

Bu şirkətlərin daha əlverişli və az “başağrısı” olmasını yuxarıdakı mexanizmə baxanda daha aydın görmək olur. Avstraliyalı iş adamının BƏƏ-də qurduğu şirkətdə çalışan CAR ordusunun muzdluları Liviyada əməliyyat keçirir. Əlbəttə, bu cür əməliyyatlarda “izləri itirmək” daha asandır. Bu mənada hərbi şirkətləri yeni dövrün orduları hesab etmək olar. Güman ki, qarşıdakı illərdə onların səsləri daha çox eşidiləcək.

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri