İyn
2020
17:27
183
21
3709
Virtual karabakh

Fransa üçün Qarabağ yaddan çıxdı? – ŞƏRH

1 İyn, 2020
17:27
3709

Fransa üçün Qarabağ yaddan çıxdı? – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsində birbaşa məsul beynəlxalq diplomatik korpuslar praktiki müstəvidə “mağmın” sükut nümayiş etdirirlər.

Düzdür, hazırda dünya ölkələri üçün koronavirus pandemiyasından xilas olmaq planları aktuallıq kəsb edir, amma bu, münaqişələr ətrafında status-kvonun saxlanılmasına siyasi və hüquqi baxımdan haqq qazandırmaq anlamına gələ bilməz.

Belə situasiyada Qarabağ münaqişəsi ətrafında buzlar ərimir, əksinə vasitəçilər vəziyyətin qəlizləşməsində və daha da mürəkkəb şəkil almasında maraqlı tərəf kimi görünür.

Qarabağ konfliktinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransa iyunun 1-dən BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb.

Minsk Qrupunun həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib.

1996-cı ildə Lissabon Zirvə görüşündə Fransa Rusiya ilə bərabər ATƏT-in Minsk Qrupunun həmsədri seçiləndə Azərbaycan nümayəndə heyəti buna etiraz etmişdi. Etirazın əsasını o təşkil edirdi ki, Fransada böyük erməni icması məskunlaşıb, bu isə rəsmi Parisin ermənipərəst siyasət yürütməsi ilə nəticələnir.

Lakin 1997-ci ilin fevralında kompromis əldə edildikdən sonra ABŞ da Rusiya və Fransa ilə bərabər ATƏT-in Minsk Qrupunun həmsədri statusunda çıxış edirlər.

Keçən müddət ərzində ABŞ və Rusiya münaqişənin kəmiyyətcə də olsa həlli üçün əsas təşəbbüskar qismində çıxış ediblər, amma digər həmsədr Fransa daha çox seyrçi mövqeyi ilə vasitəçidən çox faktiki müşahidəçilik missiyasını yerinə yetirib.

Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri, mərhum Vəfa Quluzadə (Heydər Əliyev administrasiyasında - red.) müsahibələrinin birində Fransanın seyrçi mövqeyini həm də bu ölkə diplomatlarının regionla bağlı bilgisizliyi ilə əlaqələndirib.

Onun fikrincə, Fransa başda olmaqla, digər ölkələrin səfirləri regionun xüsusiyyətləri və münaqişənin məğzi barədə heç bir şey bilmirlər.

“Amma buna baxmayaraq, tərəflərə təsir göstərmək imkanları olmadan qrupun işində iştirak edirdilər”, - deyə V.Quluzadə bildirib.

Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən görüşlər çox azdır. Sonuncu görüş 2014-cü ilin 27 oktyabrında baş tutub – həmin dövrdə Fransa Prezidenti olan Fransua Ollandın təşəbbüsü ilə Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyevlə o zamankı Ermənistan rəhbəri Serj Sarqsyan bir araya gəlib.

Həmin dövrdən bu yana altı ilə yaxın müddət keçsə də, Fransanın münaqişənin həllində şablon bəyanatları çıxmaq şərti ilə aktivliyini müşahidə etmək çətindir.

Fransanın Qarabağ konfliktində passiv mövqedə durmasını sübut edən faktlardan biri də BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə qarşıda duran böhranlarla bağlı açıqladığı prioritetlərdir.

Prioritetlər sırasında Afrikada təhlükəsizlik, İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılaşmanın aqibəti, Suriya probleminin tənzimlənməsi, silahlı münaqişələrdə qaçqınların və uşaqların vəziyyəti məsələləri öz əksini tapıb.

Fransanın BMT Təhlükəsizlik Şurasının sədri kimi böhranlardan çıxış doktrinasında Qarabağ məsələsi, münaqişənin nizama salınmasında irəliləyişə nail olunması üçün həll reseptləri yer almayıb.

Halbuki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Dağlıq Qarabağ probleminin tənzimlənməsinə görə məsuliyyət daşıyan beynəlxalq tərəflərdən biridir.

Üstəgəl, Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Nədənsə, Fransa prioritetləri açıqlayarkən BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini şifahi də olsa, yada salmayıb.  

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri