İyn
2020
17:16
455
44
5758
Virtual karabakh

Liviya müharibəsində Türkiyə qalib gəlir: General Haftar mövqelərini sürətlə itirir - TƏHLİL

5 İyn, 2020
17:16
5758

Liviya müharibəsində Türkiyə qalib gəlir: General Haftar mövqelərini sürətlə itirir - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviyada şiddətli döyüşlər davam edir. İyunun 4-də Türkiyənin dəstəklədiyi Liviya Milli Saziş Hökumətinin (MSH) hərbi qüvvələri Tripoli Beynəlxalq Hava Limanı və şəhərin bütün ətraf ərazilərini general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusundan təmizləndiyini elan edib. Bu, Liviya vətəndaş müharibəsinin gedişində ciddi dönüş hesab olunur.

Məsələ ondadır ki, general Haftar 2019-cu il aprelin 5-də MSH qüvvələrinin nəzarətində olan Tripolini ələ keçirmək üçün hücum əmri verib. Şəhəri mühasirəyə alan Haftar qüvvələri hətta bir neçə dəfə Tripolinin kənar məhəllələrinə daxil ola bilmişdilər. Lakin indi vəziyyət dəyişib. Türkiyənin dəstəyini alan MSH qüvvələri mart ayının sonunda hücuma keçərək Tripoli ətrafında, eləcə də Tunislə sərhəd zolağında bir çox məntəqələri ələ keçirib. İndi isə Tripoli hava limanı, eləcə də şəhərin ətraf məhəllələrini tutub. 

Ancaq general Haftarın ordusunun komandirləri bildiriblər ki, Tripoli ətrafından geri çəkilmə planlı olub, məqsəd danışıqlar prosesinə dəstək verməkdir. Məsələ ondadır ki, BMT bu həftənin əvvəllərində Liviyada tərəfləri atəşkəs və sülh danışıqlarına dəvət edib. BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Stefani Uilyams bu günlərdə hər iki tərəflə videokonfrans vasitəsilə danışıqlar aparacağını bildirib. Artıq o, Xəlifə Haftarın nümayəndələri ilə danışıqlar aparıb. 

Lakin danışıqların müsbət nəticə verəcəyi şübhə doğurur. Çünki tərəflərin, daha doğrusu MSH tərəfinin indi danışıqlara isti yanaşmadığı hiss olunur. İyunun 4-də Ankaraya gələn MSH baş naziri və dövlət rəhbərliyi şurasının sədri Faiz Sərrac Beştəpə sarayında Prezident Ərdoğanla görüşüb. Bu görüşdə verilən açıqlamalarda liderlər sərt danışıblar. Sərrac Haftarın artıq rəsmi təmsilçi kimi qəbul olunmadığını və Tripoli hakimiyyətinin onunla danışıqlar masasına oturmayacağını bildirib. Həmçinin deyib ki, əməliyyat “düşmən tamamilə ortadan qaldırılana qədər” davam edəcək.

Prezident Ərdoğan isə Haftara dəstək verən ölkələri qınayaraq, müharibənin uzanmasına səbəb olmaqda günahlandırıb. Əsas ittihamlar isə general Haftara dəstək verən Misir və BƏƏ-yə yönəlib. Bu açıqlamalar MSH qüvvələrinin Tripoli hava limanını və şəhər ətrafını azad etməsindən bir neçə saat sonra verilib. Yəni belə görünür ki, Sərrac general Haftarı tamamilə məğlubiyyətə uğratmaqla müharibəni bitirməyə çalışır, nəinki sülh danışıqları ilə hakimiyyət bölgüsünə getməklə. 

Məsələ ondadır ki, general Xəlifə Haftar 2019-cu ilin aprelində Tripoliyə hücum əmri verəndə ölkə ərazisinin böyük əksəriyyətinə faktiki olaraq nəzarət edirdi, onun qüvvələri Tripolini mühasirəyə almışdı. Ancaq bu ilin yanvarında Türkiyə hökumətinin Sərraca hərbi əməkdaşlıq yardımı etməyə başlamasından sonra cəbhədə vəziyyət dəyişib. Martın 25-də isə təşəbbüsü ələ alan MSH qüvvələri “Sülh Fırtınası” əməliyyatına başlayıb. Qısa müddət ərzində bir sıra yaşayış məntəqələri, hərbi bazalar və hava limanları, o cümlədən mayın sonlarında strateji əhəmiyyətli Vattiyə aerodromu, dünən isə Tripoli hava limanı Haftar qüvvələrindən təmizlənib. 

Maraqlıdır ki, bu ilin yanvarında Moskvada, beş gün sonra isə Berlində keçirilən Liviya sülh danışıqlarında Sərrac tərəfi müzakirələrə sadiqlik göstərsə də, general Haftar atəşkəsə imza atmamışdı. 

Ancaq indi təşəbbüsü Sərrac qüvvələri ələ aldıqdan sonra rollar dəyişib. Haftar tərəfi atəşkəsə daha çox meyilli görünsə də, Sərrac hökuməti müharibəni qalibiyyətlə bitirməkdə qərarlı görünür. 

Aydındır ki, Türkiyənin hərbi yardımları, o cümlədən silahlı pilotsuz uçuş aparatları Liviyada vətəndaş müharibəsində üstünlüyü Sərrac qüvvələrinin xeyrinə dəyişib. Digər tərəfdən, Türkiyə diplomatik cəbhədə aktiv iş apararaq, Sərraca dəstək verir. Yeri gəlmişkən, bu günlərdə mediada yer alan xəbərlərdə Rusiyanın “Vagner” hərbi şirkətinin muzdlularının Liviyanın cənubuna doğru çəkildiyi qeyd olunur. Bu çəkilmədə Ankaranın nə qədər rolunun olması hələlik məlum deyil. Lakin aydındır ki, cəbhədə vəziyyətin dəyişməsi Haftar dəstəkçilərini fərqli seçimə məcbur edə, başqa sözlə xəlifəyə dəstəyin azalmasına gətirə bilər. 

Lakin hələlik bunu demək tezdir. Çünki dünyanın ən zəngin neft ölkələri “onluğu”na daxil olan Liviyadan xarici güclərin rahat çəkilməsi inandırıcı deyil. Çünki məsələ həm də regional rəqabətdən gedir. Türkiyənin Liviyada hərbi-siyasi üstünlüyə malik olması onun rəqiblərini narahat edir. Xüsusən də Aralıq dənizinin şərq hissəsində kəşf olunan neftin dünya bazarına çıxarılması məsələsindəki fikir ayrılıqlarında Liviyanın rolu həlledicidir. Üstəlik Liviyanın özü də zəngin neft ölkəsidir və Avropa bazarına yaxın olan bu ölkənin neft bazarında böyük payı vardır. 

Digər tərəfdən, general Haftarın dövrünün bitməsini iddia etmək tez olardı. Çünki generalın ordusu hələ də Liviyada əsas ərazi üstünlüyünə malikdir, neft bölgələrinin böyük hissəsinə nəzarət edir. Bu səbəbdən də Liviyada müharibənin yaxın zamanlarda bitəcəyini demək sadəlövhlük olardı. 

Ancaq son hadisələr göstərir ki, tərəflərin və onları dəstəkləyən qüvvələrin əsas məqsədi qarşılıqlı razılaşma və ya başqa sözlə hakimiyyəti bölüşdürmək deyil. Hər iki tərəf məsələni döyüş meydanında həll edib qalib gələrək, ölkədə tək hakim qüvvə olmağa çalışır. Yəni hər iki tərəf məsələnin “son döyüşdə” həll olunmasına həvəs göstərir. Bu isə müharibənin uzanacağını göstərir. 

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri