İyn
2020
16:55
361
179
4014
Virtual karabakh

Prezident Azərbaycanı “ASAN”laşdırır – ŞƏRH

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

“ASAN xidmət” mərkəzləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Prezident İlham Əliyev açılışda çıxış edərkən deyib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 19-a çatır və bu proses davam etdirilir.

Dövlət başçısı söyləyib ki, səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Perspektivdə isə Azərbaycanın bütün ərazisi “ASAN”laşacaq.

İlham Əliyevin sözlərinə görə, tikilən “ASAN xidmət” mərkəzlərinin bəziləri demək olar ki, hazırdır.

“Bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik”, - deyə Prezident əlavə edib.

“ASAN xidmət” fəaliyyətə başlayandan indiyə kimi quruma 38 milyon müraciət daxil olub.

“ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı 100-ə qədər idi, hazırda isə bu rəqəm 320-yə yüksəlib.  

Xidmətin yaradılmasının məqsədi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına hesablanıb.

Həmçinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması qarşıya hədəf qoyulub.

Dövlətin hökumət qurumlarına etimadının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, elektron xidmətlərdən daha geniş istifadə olunması strategiyası “ASAN xidmət” modeli sayəsində öz hədəfinə nail olub.

İctimai münasibətlərdə tamamilə yeni bir təfəkkürün ortaya qoyulmasını, yeni fəlsəfənin tətbiq edilməsini vətəndaşlar təqdir edir.

Prezident İlham Əliyev bildirib ki, “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bu qurumdan məmnunluğu 99,4 faizdir.

Bu, vətəndaşların Azərbaycanın intellektual məhsuluna verdiyi qiymətdir.

Azərbaycanın milli brendi olan “ASAN Xidmət” modeli beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq olunur.

Prezident xatırladıb ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib.

“Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında doğru təsəvvürün yaranmasında da rol oynayır”, - deyə Prezident söyləyib.

Xidmətin həm daxili auditoriyada, həm də beynəlxalq aləmdə bəyənilmə əmsalının yüksək səviyyədə olmasının səbəblərindən biri də bu modelin rüşvətxor məmurların əl-qolunu yığışdırması ilə bağlıdır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri