Avq
2020
15:27
23
304
5991
Virtual karabakh

İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi: Ziddiyyətli məqamlar - ŞƏRH

3 Avq, 2020
15:27
5991

İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi: Ziddiyyətli məqamlar - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi daha çox neytral yanaşmadır.

Açıq mənbələrdə olan məlumatlar, həmin informasiyalar əsasında analizlər, İranın səsləndirdiyi bəyanatları uzlaşdırsaq, bu cür nəticə hasil olar.

İllərdir rəsmi Tehranın Qarabağ münaqişəsi barədə səsləndirdiyi bəyanatların ruhuna və mətninə baxsaq, burada Azərbaycana cüzi də olsa dəstək duyulur, lakin praktiki gedişatda Ermənistanın mövqeyinə haqq qazandırmaq ümdə vəzifə kimi dayanır.

Regional qüvvə olan İran bölgədəki münaqişələrə biganə qalmamaqda maraqlı olduğunu bildirir. Ancaq məsələnin hansı formada həllinə tərəfdar olması İranın açıqlamadığı məqamlardandır. Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistanın işğalı altında qalmalıdırmı, yoxsa Ermənistan bu əraziləri qeyd-şərtsiz azad etməlidir? İranın bu məqamda mövqeyi aydın və konkret deyil.

Halbuki əgər Ermənistanı işğalçı qüvvə kimi tanıyırsa, o zaman işğalçıya yerini göstərməli, ona qarşı təzyiq mexanizmlərini işə salmalıdır.

Bəs biz nəyin şahidi oluruq? Tamamilə əksi olan mənzərənin. İşğalçıya təzyiq bir yana, İran Ermənistan üçün “nəfəslik”dir, işğalçı ölkənin iqtisadi tələbatlarının qarşılanmasında əhəmiyyətli çəkiyə malikdir. İran bəlkə də Ermənistanın Rusiyadan sonra ən çox asılı olduğu ölkədir.

İran Azərbaycanla da münasibətlərin inkişafında, iqtisadi əlaqələrin dərinləşməsində çox maraqlıdır, hətta deyərdik ki, bu, İranın xarici əlaqələrində prioritetdir.

Lakin Tehranın siyasi münasibətlərinin xarakteri belə deməyə əsas verir ki, İran siyasi əlaqələrdə daha çox Ermənistana yatırım edir – söhbət əsasən Dağlıq Qarabağ münaqişəsinə münasibətdən gedir.

Dəfələrlə İran şirkətlərinin Azərbaycanın işğal altındakı torpaqlarında qeyri-qanuni fəaliyyət göstərməsi faktlarının aşkarlanması da təcavüzkar Ermənistana isti münasibətdən başqa şey deyil. Hətta yaxın tarixdə Tehranın Qarabağ separatçılarına digər formada qucaq açması da bilinən faktdır. Onlardan birini xatırladaq: İran 1990-cı illərin sonlarında separatçı Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” Samvel Babayanın Tehrana səfərini əngəlləməyib.

İran Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdırsa, Ermənistanla münasibətlərində redaktələr etməyə məcburdur. Nəzərə alsaq ki, İran hələ Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsindən də faydalanmaq niyyətindədir, onda mütləq işğalçını həvəsləndirən addımlardan çəkilməlidir. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri