10 
Avq
2020
12:32
270
45
1099
Virtual karabakh

Mixael Borodkin: “İsrail Azərbaycanı strateji tərəfdaş hesab edir”

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın “The Jerusalem Post” qəzetinə İsraili Azərbaycana silah tədarükünü dayandırmağa çağırmaqla bağlı verdiyi müsahibə artıq ikinci həftədir ki, dünyanın müxtəlif KİV-lərində təkrar nəşr olunur. Prinsipcə, bu, Yerevanın həmin mövzuda ilk açıqlaması deyil, amma niyə məhz indi Ermənistan rəsmilərinin tələblərinə belə diqqət göstərilir? Xatırladaq ki, Ermənistanın xarici işlər naziri bildirib ki, Yerevan “bu məsələ ilə ardıcıllıqla məşğul olacaq, hər zaman gündəliyimizin ikitərəfli və çoxtərəfli platformalarda ayrılmaz hissəsi olacaq. İsrail Azərbaycanla bu ölümcül biznesi dayandırmalıdır”. Bu fəaliyyətin Ermənistanın İsraildə səfirliyinin açılması ilə bağlılığı və bir növ şantaj olması mümkündürmü?

İsrailli analitik, jurnalist Mixael Borodkin vəziyyəti Media.Az üçün şərh edib.

- Niyə indi İsrailə belə təzyiq var? Azərbaycan bir çox ölkələrdən silah alır, bu, adi təcrübədir.

- Bir tərəfdən, bu, həqiqətən qəribədir. Ancaq düşünürəm ki, bu, İsraildə Ermənistan səfirliyinin açılması ilə bağlı danışıqlar vaxtına təsadüf edib. Bu, Ermənistanın ölkəmizə bir növ təzyiq göstərmək cəhdidir. Bunun son vaxtlar Azərbaycan-Ermənistan sərhədində eskalasiya ilə əlaqədar olmasını da istisna etmirəm.

- Silah ticarəti biznesdir. Bir neçə il əvvəl Yerevan Minskə qarşı iddia qaldıranda Belarus cavab verdi ki, istəyirsən, al, səni kim dayandırır?

- Bu məntiqlidir. Burada heç bir ideoloji komponent yoxdur, bu, həqiqətən qarşılıqlı faydalı biznesdir. Yeri gəlmişkən, İsrailin Azərbaycanla münasibətləri yalnız silah ticarəti ilə məhdudlaşmır. Ölkələrimiz arasında genişmiqyaslı qarşılıqlı faydalı ticarət var. Sirr deyil ki, İsrail Azərbaycanı strateji müttəfiq hesab edir. Bu da Ermənistana qarşı hansısa ittifaq deyil. Silahlara gəldikdə isə, İsrail bir çox ölkələrə silah satır.

- Yeri gəlmişkən, İsrail PUA-ları (pilotsuz uçuş aparatı) döyüşlərdə özlərini yaxşı tərəfdən göstərdilər. İsrail ilə Azərbaycan arasında bu cür əməkdaşlıq Ermənistanın ölkənizdə səfirlik açmaq qərarına təsir edə bilərmi?

- Əlbəttə ki, İsraildə digər ölkələrlə münasibətlərin qurulması müsbət qarşılanır. Ancaq dediyim kimi, Azərbaycan bizim strateji müttəfiqimiz və tərəfdaşımızdır. Əminəm ki, İsrail Ermənistan səfirliyinin açılması üçün Azərbaycanla münasibətlərin pisləşməsinə səbəb ola biləcək hər hansı addım atmayacaq. Bu, 100% olmayacaq. Ermənistan özü də İsrail ilə münasibətlər qurmaqda maraqlıdır, çünki illərdir onlar yaxşı şeylər arzulamırlar. İndi Yerevanın İsrail vasitəsilə Qərblə münasibətlər qurması vacibdir.

Düşünmürəm ki, Ermənistan sualı bu şəkildə qoyacaq: “Azərbaycana silah satışını dayandırın, yoxsa səfirlik açmayacağıq”. Ancaq belə bir şərt olarsa, neynək, bir müddət Ermənistanın İsraildəki səfirliyi olmadan qalarıq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri