11 
Avq
2020
13:32
24
140
1709
Virtual karabakh

Yuri Şevtsov Belarusdakı seçkilər barədə: “Müxalifətin ciddi dəstəyi yoxdur” - ŞƏRH

11 Avq, 2020
13:32
1709

Yuri Şevtsov Belarusdakı seçkilər barədə: “Müxalifətin ciddi dəstəyi yoxdur” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusdakı müxalifətin ciddi dəstəyi yoxdur.

Media.Az üçün bu ölkədəki seçkiləri ekspert Yuri Şevtsov şərh edib.

Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan dərhal sonra hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonu Çin, Rusiya, Azərbaycan və ölkənin MDB-dəki tərəfdaşlarının əksəriyyəti təbrik etdilər. Yerevan Aleksandr Lukaşenkonu sonuncu təbrik etdi. Belə bir gecikmə heç də təsadüfi deyildi, çünki Ermənistanın baş naziri Nikol Paşinyan özü hakimiyyətə Belarusda uğursuzluqla nəticələnən “məxməri inqilab”, “Maydan” sayəsində gəlib.

Düzdür, Belarus müxalifəti gündəlik aksiyaların keçiriləcəyini elan etmişdi, lakin Belarusun Avropa İnteqrasiyası Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov Media.Az-a verdiyi müsahibədə bildirib ki, bu aksiyalar heç bir nəticə verməyəcək.

- Seçkidən sonrakı gecə “Maydan” baş vermədi, bəs Belarusda vəziyyət ümumiyyətlə necədir?

- Belarusda “rəngli inqilab” təşkil etməyə cəhdin növbəti mərhələsi yaşanır. Bu, hələ bir neçə ay əvvəl müxalifətimizin seçki kampaniyası zamanı etdiyi hərəkətlərdən aydın oldu. Cin Şarpın (onu inqilabların ideoloqu hesab edirlər - red.) tövsiyələri eynilə təkrarlanır. Səsvermə bitdikdən sonra inqilabın fəal tərəfdarları küçələrə çıxdı. Seçkinin nəticələrinə etiraz etdilər, polislə qarşıdurmaya səbəb olan gərginlik yaratdılar. Ancaq etirazları yeni mərhələyə keçirə bilmədilər. Uzunmüddətli mitinqlər keçirə biləcəkləri binalar ələ keçirilmədi. Polis, hər şeyi avqustun 10-u gecə saat 2-yə kimi lokallaşdırdı.

- Aleksandr Lukaşenkonu bir çox dünya liderləri təbrik etdilər, birincilər sırasında Azərbaycan dövlətinin başçısı İlham Əliyev də vardı...

- Belarusda bunu qiymətləndirirlər. Bizim üçün müttəfiqlərimizin, dostlarımızın, tərəfdaşlarımızın dəstəyi vacibdir. Qərbin mənfi qiymətləndirməsi isə əvvəlcədən müəyyən edilmişdi, Minskdə heç bir illüziya yox idi.

- Bəs siz Ermənistanın gecikən reaksiyası barədə nə düşünürsünüz? Aydındır ki, Belarus silahlarının Azərbaycana tədarükü ilə bağlı Yerevanla Minsk arasında müəyyən gərginlik var. Belarusda bu gərginliyə diqqət yetirilirmi?

- Ermənistanın narazılığının səbəblərini hamı başa düşür. Söhbət Belarus və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən gedir. Lakin Belarus məqsədyönlü anti-Ermənistan siyasəti yürütmür. Odur ki, bizdə Ermənistanın narazılığına sadəcə diqqət yetirməməyə çalışırlar.

- Sizcə, Belarusda vəziyyətin gərginləşməsi hələ mümkündür? Yoxsa hər şey artıq həll olunub?

- Əlbəttə, davam etmək cəhdi olacaq. Müxalifət hər gün saat 19.00-da küçələrdə aksiya keçirməyə hazırlaşır. Onlar müəssisələrdə tətillər təşkil etməyə çalışırlar. Ancaq, fikrimcə, bundan heç nə çıxmayacaq. Əgər müxalifətin cəmiyyətdə ciddi dəstəyi olsaydı, o zaman biz 10 avqust gecəsi Minsk küçələrində bir neçə min fəal deyil, on minlərlə insan görərdik.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri