12 
Sen
2020
12:27
178
92
9178
Virtual karabakh

Ermənistan təxribatın miqyasını genişləndirir, Azərbaycan üçün yeni “sürprizlər” gətirir – ŞƏRH

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə əhali köçürməsi qeyri-qanunidir. Beynəxalq konvensiyalar, miqrasiya ilə bağlı qəbul edilmiş razılaşmalar qanunsuz məskunlaşdırmanı qəti surətdə qadağan edir.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını şərh edərkən deyib.

Bildirək ki, H.Hacıyev Ermənistanın Livan və Suriyadan Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni köçürülmüş insanlardan muzdlular kimi istifadə olunduğunu vurğulayıb.

Ümumiyyətlə Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişməyə çalışır.

Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

Ekspert Q.Hüseynlinin fikrincə, Ermənistanın işğal altında olan bölgələrə əhali yerləşdirməsi onun çox böyük məsuliyyətin altına girməsi deməkdir.

Onun sözlərinə görə, Ermənistan işğal etdiyi ərazilərin maddi və mənəvi sərvətlərini mənimsəyir, ekologiyasına ciddi ziyan vurur.

“Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərdə vandallıqları, ekoloji terroru azmış kimi, indi də orada qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməklə təxribatın miqyasını genişləndirir. Ermənistan köçürdüyü əhaliyə primitiv formada yaşayış binaları təklif edir. O yaşayış binaları heç bir infrastruktura malik deyil, heç bir istilik sistemi yoxdur”, - deyə Q.Hüseynli qeyd edib.

Ekspert hesab edir ki, Ermənistan Livandan və Suriyadan Qarabağa köçürdüyü insanlardan muzdlular hazırlayır.

Q.Hüseynlinin dediyinə görə, bütün bunların hamısı müharibə dövrünün qayda-qanunlarını ayaqlar altına atmaq deməkdir

“Belə görünür ki, Ermənistan beynəlxalq öhdəliklərin heç birini yerinə yetirmir və yerinə yetirmək fikrində də deyil” - deyən Q.Hüseynli onu da bildirib ki, mövcud vəziyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün ikiqat məsuliyyət yaradır:

“Çünki Ermənistan hər gün Azərbaycan üçün yeni “sürprizlər” gətirir. Ermənistan özünün qəyyumları, havadarları vasitəsilə Azərbaycan ərazisinin işğalının daimi hal almasını həyata keçirməyə çalışır”.

Xatırladaq ki, Prezidentin köməkçisi H.Hacıyev bəyanatında onu da söyləyib ki, beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir.

Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri