15 
Sen
2020
11:20
71
29
2646
Virtual karabakh

XİN Mnatsakanyanın “dostluq” mesajlarına cavab verdi

15 Sen, 2020
11:20
2646

XİN Mnatsakanyanın “dostluq” mesajlarına cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib.

Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır.

XİN bəyan edib ki, sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonyan kimilərinin nümunəsində özünü göstərir.

“1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyil”, - deyə XİN-in açıqlamasında bildirilib.

Rəsmi Bakı təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir:

“Bu ölkənin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik”. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri