15 
Sen
2020
14:33
178
21
1450
Virtual karabakh

“Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır” - MÜSAHİBƏ

15 Sen, 2020
14:33
1450

“Gürcüstanda Ermənistanın mövqeyi həm hökumət, həm də məişət səviyyəsində mənfi qarşılanır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan mövqeyini dəyişdirməyəcək və qaçqınların geri qaytarılması, həmçinin ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində Gürcüstana beynəlxalq platformalarda arxa durmayacaq.

Bu barədə gürcü analitik, “Gürcü Millətçiləri Birliyi” Partiyasından deputatlığa namizəd Giya Kuçava Media.Az-a danışıb.

O, BMT Baş Assambleyasının qəbul etdiyi “Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi/Cənubi Osetiyadan olan qaçqın və məcburi köçkünlərin statusu” başlıqlı qətnaməni şərh edərkən belə deyib.

Sənədi Azərbaycan və Türkiyə daxil olmaqla 84 ölkə dəstəkləyib. Ermənistan səsvermədə iştirak etməyib. Sənədi imzalayan ölkələr Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər.

- Gürcüstan üçün məcburi köçkünlərin statusu məsələsini mütəmadi olaraq müzakirə edib, gündəmə gətirmək nə qədər vacibdir?

- Çox vacibdir! Biz abxaz və osetin xalqlarının “soyqırımı” ilə bağlı şimal qonşumuzun mediada yaydıqları yalanları, saxta məlumatları ilə mübarizə aparmalıyıq. Gürcüstan həm BMT, həm də Avropa İttifaqında gürcü qaçqınlarla bağlı məsələni qaldırır. Dünya həqiqəti biləcək! Gürcüstanda təkcə Abxaziyadan 300 mindən çox məcburi köçkün var.

- Azərbaycan hər zaman Gürcüstanın qətnamələrini dəstəkləyir, bizim də eyni problemimiz - bir milyon qaçqın və məcburi köçkünümüz var.

- ...Ortaq bir problemimiz var. Ancaq nüanslar da var. Qondarma “DQR”i hətta Ermənistanın özü də tanımayıb. Abxaziya və Cənubi Osetiyanı isə Rusiya tanıyır.

- Gürcüstanın iki qonşu ölkəsi - Azərbaycan və Türkiyə qətnaməyə səs verdilər. Ermənistan səs verməkdən yayındı.

- Ermənistan Gürcüstanı dəstəkləməyəcək, bu aydındır. Əks təqdirdə, Azərbaycan İrəvandan məcburi köçkünlərinin hüquqlarına riayət etmələrini tələb, onların Qarabağdakı doğma ocaqlarına qayıtmalarına israr edə bilər.

- Bəs Tbilisi İrəvanın bu mövqeyini necə qiymətləndirir?

- Məişət səviyyəsində - mənfi. Hökumət dairələrində də mənfi qarşılanır, amma bunu çox göstərməməyə çalışırlar. Bununla belə, tənqidlər (Ermənistana qarşı - red.) hətta hökumətyönlü mediada, “Imedi” və İctimai TV kimi populyar telekanallarda aparılır.

Gürcüstan və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bunun əsası 1993-1994-cü illərdə, Azərbaycan və Gürcüstanın liderləri Heydər Əliyev və Eduard Şevardnadze olduğu zaman qoyulub.

- Və sonda: bildiyim qədər Gürcüstan parlamentinə namizədliyinizi vermisiniz?

- Bəli, “Gürcü Millətçiləri Birliyi” Partiyasından... Adı dəyişdirmək istəyirdik, ancaq koronavirus səbəbindən qurultay çağıra bilmədik. Yeri gəlmişkən, Rustavidə siyasi qüvvələrimiz adından Azərbaycanda yaxşı tanınan professor Quram Markulianın namizədliyi irəli sürülür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri