20 
Sen
2020
19:45
860
136
8272
Virtual karabakh

İlham Əliyev Ermənistanı ifşa edir – TƏHLİL + VİDEO

Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginliklə bağlı kifayət qədər aydın mesajlar verib, bəzi yeni məlumatları açıqlayıb.

Prezident bildirib ki, Ermənistan cəbhədə yeni müharibəyə hazırlaşır. Ermənistan son zamanlar Qarabağ cəbhəsində hərbi aktivliyini artırır, könüllüləri təlimlərə cəlb edir, təmas xəttinə topladığı hərbi texnika və canlı qüvvənin sayını artırır. Bunlar təbii ki, Ermənistanın genişmiqyaslı təxribatlara hazırlığınının başlanğıcıdır.

“Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik, ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm”, - deyə İlham Əliyev məlumat verib.  

Ermənistanın revanş götürmək cəhdlərinin arxasında ard-arda məğlubiyyət yaşamağın yaratdığı natamamlıq kompleksi dayanır.

2016-cı ilin Aprel döyüşləri, ardınca Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun uğurlu Günnüt əməliyyatı işğalçı Ermənistana ağır, sarsıdıcı zərbə idi.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Ermənistan yeni işğalçılıq konsepsiyası əsasında qisas almağa çalışır, bunun üçün ilk seçilən məkan isə Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətidir.

Ermənistan iyulun 12-16-sı tarixlərində Tovuzda Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın cəhdi həyata keçirməyə çalışdı, əsas məqsəd strateji nöqtə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi idi. Ermənistan müharibə qanunlarına zidd olaraq mülki əhalini də hədəfə aldı, Tovuzun sərhəd kəndlərində bir neçə ev Ermənistan silahlı bölmələrinin artilleriya atəşinə məruz qaldı, bir mülki sakin həlak oldu, lakin bunlar Tovuz əhalisinin döyüşmək əzmini, psixologiyasını sarsıtmadı.

Ona görə ki, Azərbaycan Ordusu adekvat cavab tədbirləri ilə Ermənistana ağır zərbələr endirdi, işğalçı dövlətin yüzlərlə canlı qüvvəsi, hərbi texnikaları, artilleriya atəş məntəqələri məhv edildi və bununla da “yeni ərazilər üçün yeni müharibə” doktrinasının cəbhədə praktiki tətbiqi iflasla nəticələndi.

Ermənistan regional və beynəlxalq diplomatiyada da istəyinə çata bilmir, belə ki, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını öz xeyrinə münaqişəyə çəkmək cəhdi baş tutmur.

Prezident İlham Əliyev müsahibəsində Ermənistanın iyul təxribatı zamanı ən acı məğlubiyyət yaşadığını dilə gətirib.

Yəni Tovuz döyüşləri zamanı Ermənistan o həddə zərbələr alıb ki, Azərbaycan Ermənistanın ərazisinə belə girmək şansı yaranıb. Ancaq Azərbaycanın hərbi-siyasi doktrinasında başqa dövlətin ərazisinə iddia yoxdur.  

“Bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün”, - deyə Prezidentin bu dedikləri ilə ikili standartlara söykənən beynəlxalq güclərə də mesaj verib.

Prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların mənasının qalmadığına da işarə edib.

Bildirib ki, danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirir, Azərbaycanın imitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyini bəyan edir.

Azərbaycanın mövqeyi tam ədalətə, hüquqa, ərazi bütövlüyü konsepsiyasına söykənir, çünki danışıqlardan effektiv nəticə hasil olmursa, bu zaman onun heç bir mənası da qalmır.

Danışıqlardan ədalətli nəticə əldə edilməsi üçün onun məzmununda dəyişiklik lazımdır, bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqedən sülhə məcbur edilməlidir. Ancaq ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri sülhə məcbur etmək konsepsiyasını işə salmırlar, bu da Ermənistana qol-qanad açmağa şərait yaradır. Bu da ən yaxşı halda danışıqların keyfiyyətindən çox, kəmiyyətinə xidmət edir. Bu kəmiyyət isə məzmuna zərrə qədər də təsir etmir.

Digər tərəfdən, Ermənistan danışıqlar vasitəsilə yalnız özünə vaxt qazanmağı və bununla da münaqişə ətrafında yaranan status-kvonu saxlamağı hədəfləyir.

Ermənistanın danışıqlara qatmaq istədiyi rənglərdən biri də Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin müzakirələrə üçüncü tərəf kimi cəlb olunmasıdır.

Üstəgəl, Ermənistanın Qarabağ cəbhəsi ilə yanaşı sərhəddə də təxribatlar törətməsi, ölkə rəhbərliyinin təcavüzkar ritorikası da danışıqlar prosesinə zərbə vurur.

Azərbaycan isə bütün bunları görür, anlayır, görüntü naminə danışıqlara getməmək kimi bir hüququndan yararlanır.

Ermənistan Tovuzda məğlubiyyətə uğradıqdan sonra yenidən özlərinin məzlum obrazını yaradıb dünyadan yardım dilənmək taktikasına keçir, hər vəchlə Azərbaycanın guya təhlükə yaratdığını aşılamağa çalışır.

Tovuz döyüşlərindən sonra Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi isə Ermənistan rəhbərliyinin yuxusunu əməlli-başlı qarışdırır.

Halbuki, bu təlimlərdə siyasi məqsəd axtarmaq lazım deyil, çünki həmin təlimlər iki ölkə arasında bağlanmış müqaviləyə əsasən hər il həyata keçirilir.

Ermənistanı isə bu məqamda qorxudan əslində başqa şeydir, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tovuz döyüşlərində və bundan sonra Azərbaycana qardaş dəstəyi göstərir. Başqa dövlətlərin ərazilərinə iddia edən Ermənistan quyruğu qapı arxasında qalan kimi sülhpərvər obraza girir və özünə qarşı təhdid olması rəyini formalaşdırmağa çalışır.

Ermənistan anlamır ki, işğalçılıq siyasətindən əl çəkməyincə, regional sülhə və təhlükəsizliyə təhdid olmaqdan uzaqlaşmadıqca, daim təhlükə altında qalacaq. Çünki hər bir dövlətin öz sərhədlərini, ərazi bütövlüyünü qorumaq hüququ var, bu zaman isə Ermənistan cəbhədə ağır məğlubiyyət yaşaya bilər.

İrəvanı təşvişə salan digər məqam isə Naxçıvandır. Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistan rəhbəri də yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var.

“Bunu onlar bilirlər və bu, onları qorxuya salır. Hesab edirəm ki, onlar bu qorxudan psixoloji stres keçirirlər. Çünki bizdə olan məlumata görə, daha qapı qalmayıb döyməsinlər ki, vay bunlar təlim keçirirlər, biz necə olacağıq?”,-deyə İlham Əliyev qeyd edib.

Ermənistan hərbi-siyasi rəhbərliyini qıcıqlandıran, dərin psixoloji böhrana salan digər amil isə ölkənin bütün regional və beynəlxalq layihələrdən kənarda qalmasıdır. Bu, isə Azərbaycan Prezidenti İlham Əliyevin diktəsi ilə reallaşır.

İlham Əliyevin müsahibədə səsləndirdiyi bəyanatlar Ermənistan rəhbərliyinin qulağında sırğa olmalıdır, əks təqdirsə isə Azərbaycanın mövcud silahlı arsenalını işə salması nəticəsində Ermənistan tarixdə olmadığı qədər ağır zərbə alacaq və bundan özünə gələ bilməyəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri